EN

İranın yeni silah ı Avropanı qarışdırdı 3 ölkədə qorxu yaradan hadisə

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Financial Times” Avropada son dövrlərdə mülki obyektlərə, o cümlədən Belçika, Niderland və Fransadakı sinaqoqlara və banklara hücumların artdığını yazıb. Bu hücumlara görə məsuliyyəti İrana bağlı olan “kölgə” qruplaşması Ashab al-Yamin öz üzərinə götürüb. Maraqlıdır ki, qruplaşma hələ çox yenidir, yaranmasının bir ayı belə tamam olmayıb.

İran Körfəz ölkələrinə qarşı assimmetrik savaşdan sonra Avropada hibrid müharibəyə başlayır? Tehranın müharibənin miqyasını genişləndirməkdə məqsədi nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu məsələ mövcud geosiyasi dinamikanın daha mürəkkəb və çoxqatlı mərhələyə keçdiyini göstərir:

“Hadisələri birbaşa İranın Avropaya qarşı sistemli hibrid müharibəyə başlaması kimi qiymətləndirmək hələlik müəyyən ehtiyat tələb etsə də, belə ssenarinin elementlərinin formalaşdığı açıq görünür.

İran uzun illərdir ki, regional rəqiblərinə qarşı assimmetrik mübarizə strategiyasından istifadə edir. Bu strategiya çərçivəsində rəsmi Tehran birbaşa konvensional qarşıdurmadan yayınaraq, müxtəlif qeyri-dövlət aktorları, proksi qruplar və ideoloji şəbəkələr vasitəsilə təsir imkanlarını genişləndirir. Yaxın Şərqdə bu model artıq özünü təsdiqləyib və indi bu yanaşmanın coğrafi baxımdan genişləndirilməsi ehtimalı gündəmə gəlir. Avropa kimi daha həssas və açıq cəmiyyətlərdə belə “kölgə” qrupların fəaliyyəti həm psixoloji təsir, həm də siyasi təzyiq aləti kimi istifadə oluna bilər.

Hücumların hədəfi kimi sinaqoqların və maliyyə institutlarının seçilməsi təsadüfi deyil. Bu, bir tərəfdən ideoloji mesaj xarakteri daşıyırsa, digər tərəfdən Avropa daxilində ictimai qorxu və parçalanma yaratmağa hesablanmış ola bilər. Belə hibrid fəaliyyətlər klassik terror aktlarından fərqli olaraq daha çox strateji siqnal funksiyası daşıyır və müəyyən siyasi qərarlara təsir etməyi hədəfləyir. Bu kontekstdə Avropa ölkələrinin enerji təhlükəsizliyi və xüsusilə Hörmüz boğazı ətrafında artan aktivliyi mühüm faktor kimi çıxış edir”.

Yusif Bağırzadə 

Politoloq bildirib ki, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas arteriyalarından biridir və burada baş verən hər hansı dəyişiklik birbaşa İranın strateji maraqlarına toxunur:

“Avropa ölkələrinin bu marşrutun təhlükəsizliyini təmin etmək və enerji tədarükünü şaxələndirmək istiqamətində atdığı addımlar Tehran tərəfindən potensial təhdid kimi qəbul edilə bilər. Bu baxımdan Avropaya yönəlik dolayı təzyiq mexanizmlərinin işə salınması İran üçün daha aşağı riskli, lakin effektiv alət kimi görünür.

Digər tərəfdən, İranın bu cür fəaliyyətlərdə məqsədi yalnız cavab reaksiyası vermək deyil, həm də daha geniş strateji mesaj ötürmək ola bilər. Yəni Tehran göstərmək istəyir ki, regional təzyiq və ya hərbi-siyasi məhdudlaşdırma cəhdləri yalnız Yaxın Şərqlə məhdud qalmayacaq, nəticələri daha geniş coğrafiyada hiss olunacaq. Beləliklə bu kimi hallar həm potensial rəqiblər üçün riskləri artırır, həm də onların qərarvermə prosesinə təsir göstərilir.

Həmçinin qeyd etmək vacibdir ki, bu cür qruplaşmaların həqiqətən nə dərəcədə birbaşa dövlət nəzarətində olduğu həmişə mübahisəli məsələdir. İran kimi aktorlar üçün bu, beynəlxalq təzyiqlərdən yayınmaqla yanaşı, təsir imkanlarını qorumağa şərait yaradır.

Odur ki, Avropada baş verən bu hadisələri İranın artıq açıq şəkildə yeni cəbhə açması kimi deyil, daha çox onun mövcud assimmetrik strategiyasını genişləndirməsi və yeni alətlər sınaması kimi qiymətləndirərdim. Bunun arxasında həm enerji geosiyasəti, həm də daha geniş güc balansı mübarizəsi dayanır və yaxın dövrdə bu tendensiyanın necə inkişaf edəcəyi əsasən beynəlxalq reaksiyalardan və qarşılıqlı çəkindirmə mexanizmlərinin effektivliyindən asılı olacaq”.

Turan Rzayev

Gloablinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
globalinfo.az

1Sources