EN

ŞOK! Yağışdan sonra bu xəstəliklər yayıla bilər – Kanalizasiya təhlükəsi

Son günlərdə paytaxt Bakıda və Abşeron yarımadasında, xüsusilə də Sumqayıtda müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun ən zəif bəndlərini bir daha üzə çıxardı. Yağış sularının idarə olunmasındakı çatışmazlıqlar nəticəsində kanalizasiya və kollektor sistemləri həddindən artıq dolaraq daşır, çirkab suları küçələrə, həyətlərə və zirzəmilərə axır. İri şəhərlərdə müşahidə olunan bu mənzərə təkcə hərəkət məhdudiyyəti və maddi ziyanla bitmir, həm də əhalinin sağlamlığı üçün ciddi təhdid formalaşdırır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor Adil Qeybulla qeyd edib ki, bu cür daşmalar birbaşa infeksiya mənbəyidir və epidemioloji riskləri kəskin artırır: “Kanalizasiya sularının səthə çıxması və yaşayış sahələrinə yayılması antisanitariya vəziyyətini idarəolunmaz həddə çatdırır. Bu suların tərkibində külli miqdarda bağırsaq çöpləri, müxtəlif parazit yumurtaları və ağır infeksion xəstəliklərin törədiciləri olur. İnsanlar həmin çirkli sularla təmasda olduqda, yaxud bu sular quruduqdan sonra toz vasitəsilə havaya qalxan mikrobları tənəffüs etdikdə kütləvi yoluxmalar baş verə bilər”.

Onun sözlərinə görə, xüsusilə rütubətli və isti hava şəraitində bu təhlükə daha da aktuallaşır: “Açıq sahələrə axan çirkab suları dizenteriya, hepatit A, qarın yatalağı və müxtəlif dəri xəstəlikləri üçün münbit şərait yaradır. Yağış suları ilə qarışan kanalizasiya suları həm də zirzəmilərdə toplanaraq binanın sanitar vəziyyətini korlayır və zərərvericilərin çoxalmasına səbəb olur. Bu, lokal bir narahatlıq deyil, kütləvi epidemioloji gərginliyə yol aça biləcek bir vəziyyətdir. Aidiyyəti qurumlar həm infrastrukturun təmizlənməsi, həm də su çəkildikdən sonra həmin ərazilərin peşəkar şəkildə dezinfeksiya edilməsi istiqamətində təcili tədbirlər görməlidir”.

Tunar,
NOCOMMENT.az

Chosen
17
nocomment.az

1Sources