EN

Ruandanın tanınmış qəhvə istehsalçısı Azərbaycanda fəaliyyət göstərə bilər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 aprel, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Ruandaya işgüzar səfər ediblər. Səfər çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin rəhbərliyi ilə qurumun nümayəndə heyəti bir sıra görüşlər keçirib. Görüşlərdə, həmçinin Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov iştirak edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Ruanda Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin daimi katibi Fidelis Mironko ilə keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycanın və Ruandanın iqtisadi potensialının Afrika və Avropada daha geniş tanıdılması barədə müzakirələr aparıblar.

Ruandanın ticarət və sənaye naziri Prudens Sebahizi ilə görüşdə perspektivli tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı maraq doğuran sahələrin araşdırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Özəl Sektor Federasiyasının baş katibi Kallixte Kanamugire ilə görüşdə ölkələrimiz arasında işgüzar münasibətlərin gücləndirilməsi müzakirə olunub, həmçinin biznes dairələri arasında əlaqələndirmə işlərinin aparılmasına dair razılıq əldə edilib.

Ruandanın Milli Kənd Təsərrüfatı və İxrac Şurası ilə görüşdə qurumun fəaliyyəti, ixracyönümlü məhsullar və bu məhsulların keyfiyyətinə nəzarət üzrə fəaliyyət göstərən laboratoriya barədə məlumat təqdim edilib. AZPROMO nümayəndələri laboratoriya ilə tanış olublar.

Ruandanın aparıcı qəhvə istehsalçısı “Gorilla’s Coffee” şirkətinin nümayəndələri ilə görüşdə şirkətin ölkəmizdə fəaliyyətinin qurulması istiqamətində müzakirə aparılıb. AZPROMO nümayəndələri şirkətin istehsal müəssisəsi ilə tanış olublar.

Ruanda İnkişaf Şurası ilə görüş zamanı potensial tərəfdaşlıq məsələləri nəzərdən keçirilib. Ruanda tərəfi “Interfood Azerbaijan” sərgisinə və bu il təşkil olunması planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub.

Səfər çərçivəsində AZPROMO nümayəndələri Kiqali Xüsusi İqtisadi Zonasını ziyarət edib, buradakı müəssisələrin fəaliyyəti ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
azertag.az

2Sources