AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Fanat.Az xəbər verir ki, komitənin iclasında Azərbaycan 1-ci Liqadakı qayda pozuntuları ilə bağlı hüquqi ölçü götürülüb.
"Səbail"in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb. Buna mütəxəssisin XX turda, "Baku Sportinq"lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. Şükürovun bu hərəkətinə görə kluba 3000 manat cərimə tətbiq edilib.
Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. "Səbail" buna görə əlavə 1500 manat ziyana düşüb.
"Mingəçevir" isə 1500 manat cərimələnib. Bölgə klubu "Şəfa" ilə görüşdən sonra meydana kənar şəxslərin daxil olmasına görə bu məbləği ödəməli olacaq. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.
"Şəfa" da cəriməyə məruz qalıb. Paytaxt təmsilçisi beş futbolçusunun sarı vərəqə alması səbəbindən 210 manat ziyana düşüb.