EN

Ali Radanın deputatı: Ukrayna üçün Azərbaycan neftinin çox hissəsinin Avropa bazarına daxil olması vacibdir

Ukrayna üçün həm Azərbaycan neftinin, həm Qazaxıstan neftinin çox hissəsinin Avropa bazarına daxil olması vacibdir.

Bunu "Far.Az"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radanın hakim "Xalqın xidmətçisi" partiyasından deputat Sergey Naqornyak bildirib.

"Bizim üçün bu ölkələr yad deyil. Onlar bu gün Ukraynaya, xüsusilə enerji sektorunda kömək edən ölkələrdir. Biz də eyni şəkildə həm Qazaxıstan, həm də Azərbaycan neft istehsalçılarını dəstəkləyəcəyik. Buna görə də benzin və dizel yanacağı ilə bağlı yeni oyunçuları Ukrayna bazarına məmnuniyyətlə dəvət edirik", - o deyib.

Deputat xatırladıb ki, Ukraynada bu gün Azərbaycan şirkəti "SOCAR"ın yanacaqdoldurma stansiyaları şəbəkəsi fəaliyyət göstərir və bir çox ukraynalılar bu şirkətin xidmətlərindən və yanacaqdoldurma şəbəkələrindən istifadə edirlər:

"Ümid edirəm ki, bu, Ukraynada meydana çıxacaq son şəbəkə deyil. Biz əməkdaşlığa açığıq və Azərbaycanın bu gün Ukraynaya enerji sektorunda göstərdiyi köməyə səmimi minnətdarıq".

S.Naqornyak vurğulayıb ki, enerji bazarında vəziyyət həm Ukraynada, həm də Avropada bu gün kifayət qədər mürəkkəbdir.

"Hörmüz boğazının bloklanmasından sonra bu gün enerji daşıyıcılarının qiymətləri həm Avropada, həm də Ukraynada əhəmiyyətli dərəcədə artıb. Ukrayna bu gün yanacağın – həm dizel, həm də benzinin təxminən 90 %-ni idxal edir. Biz bu gün dünyada baş verən hadisələrə reaksiya verməyə məcburuq", - o deyib.

Chosen
9
far.az

1Sources