EN

Nifrət ideologiyasının daşıyıcısı: Zori Balayan və qanlı mirasın ifşası

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Qarabağ münaqişəsinin ideoloji və informasiya müstəvisində aparılan mübarizəsi hərbi qarşıdurmadan heç də az əhəmiyyət daşımayıb. Bu kontekstdə erməni millətçi ideologiyasının əsas simalarından biri kimi tanınan Zori Balayan uzun illər ərzində yalnız yazıçı kimi deyil, həm də açıq şəkildə anti-türk və anti-Azərbaycan mövqeyi ilə seçilən ideoloq kimi çıxış edib.

Balayanın fəaliyyəti təkcə ədəbi müstəvi ilə məhdudlaşmayıb. O, Qarabağ münaqişəsi dövründə erməni separatizmini açıq şəkildə müdafiə edən, bu ideologiyanı həm beynəlxalq aləmdə, həm də Ermənistan cəmiyyətində yaymağa çalışan şəxslərdən biri olub. Onun çıxışları, yazıları və xüsusilə “Ruhumuzun dirilməsi” (“Revival of Our Souls”) adlı əsəri bu baxımdan xüsusi diqqət çəkir. Lakin ən dəhşətlisi odur ki, bu kimi cinayətlər bəzi ideoloqlar tərəfindən ya inkar edilməyə, ya da dolayı yollarla “əsaslandırılmağa” çalışılıb. Zori Balayan tərəfindən qələmə alınmış “Ruhumuzun dirilməsi” əsərində yer alan mübahisəli və etik baxımdan qəbuledilməz yanaşmalar bu baxımdan ciddi suallar doğurur. Bu cür yanaşmalar təkcə tarixi təhrif etmək deyil. Bu, insanlığa qarşı cinayətlərə ideoloji don geyindirmək cəhdidir”…

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Balayanın ritorikası sadəcə sərt və ya emosional deyildi: “Bu, sistemli şəkildə formalaşdırılmış nifrət diskursu idi. Onun yazılarında və çıxışlarında türklərə və azərbaycanlılara qarşı açıq düşmənçilik elementləri yer alırdı. Bu isə onu sadəcə yazıçı deyil, nifrət ideologiyasının daşıyıcısı və təbliğatçısı kimi xarakterizə etməyə əsas verir. Tarix dəfələrlə sübut edib ki, nifrət üzərində qurulan ideologiyalar gec-tez faciələrə gətirib çıxarır. Qarabağda baş verənlər də bu reallığın acı təzahürüdür. Belə ideoloqların fəaliyyəti yalnız sözlə məhdudlaşmır, onların yaratdığı düşüncə modeli real həyatda qanlı nəticələr doğurur”.

Nicat İsmayılov

“1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən faciəli hadisələrindən biri kimi tarixə düşüb. Dinc əhalinin qadınların, uşaqların və qocaların amansızcasına qətlə yetirilməsi beynəlxalq hüququn və insanlıq dəyərlərinin kobud şəkildə pozulması idi.

Balayanın adı isə bu faciə ilə bağlı mübahisəli və ciddi ittihamlarla hallanır. Onun “Ruhumuzun dirilməsi” əsərində Xocalı hadisələrinə dair bəzi məqamların yer alması, bu hadisələrin ideoloji çərçivədə əsaslandırılmağa çalışılması Azərbaycan ictimaiyyətində haqlı olaraq böyük etiraz doğurub. Bu cür yanaşmalar yalnız tarixi faktların təhrif edilməsi deyil, həm də insanlıq əleyhinə cinayətlərin dolayı yolla legitimləşdirilməsi kimi qiymətləndirilir”-deyə Nicat İsmayılov danışıb.

Politoloq qeyd edib k, Zori Balayanın yazılarında tez-tez rast gəlinən anti-türk ritorikası onun fəaliyyətinin əsas xəttini təşkil edib. Bu ritorika regionda sülh və qarşılıqlı anlaşma imkanlarını zəiflədən, düşmənçiliyi dərinləşdirən amillərdən biri olub:“Tarix göstərir ki, bu cür ideoloji yanaşmalar yalnız qarşıdurmanı alovlandırır və xalqlar arasında uzunmüddətli barışığın qarşısını alır.

Zori Balayan kimi fiqurların yaratdığı ideoloji mühit nəticə etibarilə real faciələrə zəmin hazırlayıb. Xocalı kimi hadisələr yalnız hərbi əməliyyatların deyil, həm də illərlə formalaşdırılan nifrət ideologiyasının acı nəticəsidir”.

Nicat İsmayılov hesab edir ki, bu gün Azərbaycan üçün əsas məsələlərdən biri tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasıdır: “Xocalı faciəsi ilə bağlı faktların sənədləşdirilməsi, şahid ifadələrinin toplanması və bu məlumatların dünya mediasında yayılması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Balayan kimi şəxslərin irsinin tənqidi təhlili də vacibdir. Bu, təkcə keçmişi qiymətləndirmək deyil, həm də gələcəkdə oxşar ideoloji manipulyasiyaların qarşısını almaq üçün mühüm addımdır.

Zori Balayanın ölümü bir dövrün sonu kimi qiymətləndirilə bilər. Lakin onun təmsil etdiyi ideologiya hələ də müəyyən dairələrdə yaşamaqdadır. Bu baxımdan, Azərbaycan cəmiyyəti və dövləti üçün əsas vəzifə yalnız hərbi və siyasi uğurları qorumaq deyil, həm də informasiya və ideoloji sahədə mübarizəni davam etdirməkdir. Tarixi həqiqətlərin qorunması, Xocalı qurbanlarının xatirəsinin yaşadılması və beynəlxalq ədalətin təmin olunması istiqamətində atılan addımlar regionda davamlı sülhün qurulması üçün əsas şərtlərdən biridir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
78
bizimyol.info

1Sources