EN

Azərbaycana narkotik axını artıbsa, satış ittihamı ilə həbslər necə azalıb? MÜSAHİBƏ

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Əlibaba Rzayev: “Məhkəmələr ağına-bozuna baxmadan, istintaq orqanlarının ittihamını təsdiqləyirlər”

“Bəzən tutulanlar satış üçün yox, istifadə üçün narkotiki alanlardır, amma onların üzərinə “satış” ittihamı qoyub həbs edirlər”

“Necə olur ki, narkotiklə bağlı minlərlə həbs olunan var, amma külli miqdarda dövriyyə ilə məşğul olan bir nəfər də yoxdur?”

Ötən ilin və son iki ayın statistikasına görə, Azərbaycanda narkotik vasitələrin satışı ittihamıyla törədilən cinayət işlərinin sayı azalır. Bunun əksinə, şəxsi istehlak meyarından artıq miqdarda narkotiki saxlama ittihamı ilə açılan cinayət işlərinin sayı isə artır. Bu, Azərbaycan Respublikası Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komisisyasının hesabatlarında öz əksini tapır.

Bir məsələni də qeyd etmək lazımdır ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə müsadirə olunan maddələrin miqdarı da çoxalıb. Bu isə, məntiqlə ümumilikdə ölkəmizə “narkotik axını”nın artdığını deməyə əsas verir.

Maraqlıdır ki, İrandan və digər ölkələrdən narkotik daxil olması faktı çoxalıbsa, satış ittihamı ilə törədilən cinayət işlərinin sayı necə azala bilər? Bu və digər suallara tanınmış vəkil Əlibaba Rzayevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.

“Mən hansısa narkobaronun həbs edildiyinin şahidi olmamışam”

- Əlibaba müəllim, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə baxmayaraq, dövriyyə dayanmır, əksinə artır. Bu, Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatlarında da öz əksini tapır. Sizcə, bunda hansı faktorların rolu var? Səbəb Azərbaycanın tranzit ölkə olaraq istifadə edilməsidir, yoxsa başqa səbəblər də var?

- Səbəblər çox ola bilər. Əgər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə varsa, bu, müəyyən nəticə verməlidir. Mübarizənin effekti olmalıdır. Amma statsitika göstərir ki, bu cür cinayətlər azalmaq əvəzinə, artır. Bax, bunun müxtəlif səbəbləri ola bilər.

Səbəblərdən biri o ola bilər ki, mən şəxsən hansısa narkobaronun həbs edildiyinin şahidi olmamışam. Sizinlə bununla bağlı bir dəfə də söhbət etmişik. Çünki bu narkotiki gətirən, paylayan var. Amma biz görürük ki, narkotiklə bağlı həbs olunanlar əsasən arada-bərədə gəzənlər, narkotiki buradan alıb orada satanlardır. Bəzən də tutulanlar satış üçün yox, istifadə üçün narkotiki alanlardır. Amma onun üzərinə “satış” ittihamı qoyub həbs edirlər.Praktikada belə hallar da var.

Nə qədər ki, bu cür mübarizə aparılacaq, onun heç bir effekti olmayacaq. Yəni köklü mübarizə aparılmalıdır. Əsasən bu işin təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır. Bəzən eşidirik ki, 1 ton narkotik buradan gəldi keçdi, Gürcüstanda sərhəddə tutuldu və onu müsadirə etdilər. Axı necə olur, bizdən gəlib neçə məntəqələri keçib gedir, o narkotiki tutan olmur, amma Gürcüstan tərəfə keçəndə onu saxlaya bilirlər?! Deməli, burada başqa səbəblər var. Deməli, bu narkotik işiylə təşkilati formada məşğul olan qruplar var. Hansı ki, onun dövriyyəsini bu formada təşkil edirlər. Nə qədər ki, onlara qarşı mübarizə aparılmayıb, bu cinayətin qarşısını almaq və bu statistikanı azaltmaq mümkün olmayacaq. Necə ki, artır, elə günü-gündən də artacaq. 

“Bütün bunlar narkomaniyaya qarşı mübarizənin normal təşkil olunmamasının nəticəsidir…”

- Necə düşünürsünüz, narkobaronlara qarşı mübarizə aparmaq üçün qanunvericilikdə boşluqlar var, yoxsa bunun qanunvericiliklə əlaqəsi yoxdur?

- Yox, qanunvericilik var. Narkotiklərin qanunsuz dövriyyəsi cinayət məsuliyyəti yaradır. Amma burada əməli tədbirlər görülməlidir. Mübarizə əməli şəkildə, normal təşkil olunmalıdır. Bütün bunlar narkomaniyaya qarşı mübarizənin normal təşkil olunmamasının nəticəsidir. Mən belə başa düşürəm. Narkomaniyanın artması da bununla bağlıdır. Əgər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan müəyyən qruplar yoxdursa, narkotik vasitələr ölkəyə gəlmirsə, bu, həm də narkotik vasitələrdən istifadə edən şəxslərin azalmasına da gətirib çıxarmalıdır. Əgər düzgün mübarizə aparılsa, narkomaniyanın da səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.

Bir daha qeyd edim ki, narkotik vasitələrlə bağlı mən qanunda elə boşluqların olduğunu düşünmürəm. Qanunvericilik bu məsələləri kifayət qədər tənzimləyir. Sadəcə olaraq qanunvericiliyə düzgün əməl edilməlidir.

- Sizcə, qanunvericilikdə boşluq yoxdursa, bəs ona əməl olunmaması nəylə bağlıdır?

- Tam, köklü səbəbləri deyə bilmirəm. Amma narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olan adamlara qarşı mübarizə yoxdursa, deməli səbəb budur. Necə olur ki, narkotiklə bağlı minlərlə həbs olunan var, amma onların içində məsuliyyətə cəlb olunmuş külli miqdarda narkotik dövriyyəsi ilə məşğul olan bir nəfər də yoxdur? Necə ola bilər? Bəs kim gətirir bunu? Haradan gətirir? Necə gəlir? Niyə bunu qarşısını ala bilmirlər? Deməli, burada müəyyən qruplar, bununla təşkilatı şəkildə məşğul olanlar var. Ona görə də buna qarşı mübarizə aparmaq çətin olur.

“Çox təəssüflər olsun ki, həbs olunanların çoxu onun istifadəsi ilə məşğul olanlardır, satışı ilə yox”

- Əlibaba müəllim, ümumiyyətlə, ölkəmizdə narkotiklə bağlı verilən cəzaları ədalətli hesab edirsiniz?

- Cəzalar əslində çoxdur. Cəzanın həddi çoxdur. Düzdür, orada 5 ildən 12 ilədək cəzada böyük interval var. Bu cəzanın aşağı həddi normaldır, yuxarı həddini anormal hesab edirəm. Çox təəssüflər olsun ki, həbs olunanların çoxu onun istifadəsi ilə məşğul olanlardır, satışı ilə yox. Özümüz də praktikada bunu görürük. Amma onların üzərinə “satış” ittihamı qoyub, həbs edirlər. Bu cür adamları əslində müalicə etmək lazımdır. Mənim bildiyimi qədər bir çox ölkələrdə, məsələn, İsraildə də elədir, bu adamları müalicə edirlər. Bu cür adamları həbs etmirlər, onları aparıb dövlət hesabına müəyyən müəssisələrdə yerləşdirir, müalicəsiylə məşğul olurlar, onları həyata qaytarmağa çalışırlar. Amma təəssüflər olsun ki, bizdə tərsinədir, narkotik istifadəçisini müalicə etmək, həyata qaytarmaq əvəzinə, bir az da yükləyib, onun üzərinə “satış məqsədiylə əldə etmə” ittihamı qoyurlar, salırlar həbsxanalara. Ən böyük xoşagəlməz hadisələrdən biri də budur.

- Son dövrlərdə “satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda saxlama” ilə bağlı ittiham və həbslər də artıb. Sizcə, burada hansısa təmənna qarşılığında cinayəti satış ittihamı kimi yox, “şəxsi istehlak miqdarından artıq həddə saxlama” kimi qeydiyyata almaqdan söhbət gedə bilər?

- Qanunvericilikdə dəyişiklik olub. 234.1-ci maddəyə -1 əlavə edilib (234.1-1). Bundan əvvəl əgər şəxsin üzərində istehlak miqdarından artıq miqdarda narkotik aşkarlanardısa, onda bu cinayət məsuliyyəti yaradırdı, 234.4-lə cinayət işi açılardı. Amma indi bir az fərqlidir. Səhv etmirəmsə, indi bu 234.1-1-dir. Orada artıq narkotik şəxsin istehlak miqdarından artıq olanda da, birbaşa 234.4-lə məsuliyyət yaratmır, amma 234.1-1-lə məsuliyyət yaradır. Orada sanksiya bir az azdır. Cəza bir az azdır, bu narkotik vasitələrlə mübarizəylə bağlı qanunvericilikdə bir az yumşalma hesab oluna bilər. Bundan əvvəl, ümumiyyətlə 234.1-1 olmayana qədər, daha çox pozuntular baş verirdi. Əksər hallarda 234.4-lə cinayət məsuliyyətinə cəlb olunurdular. Amma indi həmin norma imkan verir ki, insanlara heç olmasa az cəza verilsin. 

“İstintaq orqanı hansı ittihamı təqdim edibsə, məhkəmələr o ittiham üzrə də hökm çıxardırlar”

- Sizcə, narkotik satanlar bundan istifadə etmirlər? Yəni narkotik satışı ittihamı ilə həbsə düşməmək üçün...

- Yox. Satış bilirsiniz necədir? Narkotik vasitəni satış məqsədilə əldə etmək sübut olunmalıdır. Çox təəssüflər olsun ki, bizdə bu sahədə, bu məsələylə bağlı sübutetmə çox zəifdir. Müstəntiqlər necə gəldi ittiham irəli sürürlər, ortalığa kifayət qədər sübutlar da qoymurlar. Açılmış işləri sübut olunmamış vəziyyətdə məhkəməyə göndərirlər. Məhkəmələr də ağına-bozuna baxmadan - sanki elə bil notariusa gedərsən, hansısa bir sənədi təsdiqləyər - o formada həmin ittihamı təsdiqləyib ötürürlər. Amma belə olmamalıdır. Məhkəmə onu araşdırmalıdır. Sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Kim ittiham irəli sürürüsə, həmin o ittihamın əsaslılığını sübut etmə yükü onun üzərindədir. Amma məhkəmə işləri gəlir, heç bir sübut yoxdur. Sual veririk ki, bəs siz bunu necə sübut etmisiniz ki, şəxs bunu satış məqsədilə əldə edib? Hansı sübutlarla bunu müəyyən etmisiniz? Sübut yoxdur. Çox təəssüflər olsun ki, məhkəmələr də buna əhəmiyyət vermir. İstintaq orqanı hansı ittihamı təqdim edibsə, o ittiham üzrə də hökm çıxardırlar. Əksər hallarda buna şahid olmuşam.

- Bəs, bu vəziyyət necə yoluna qoyulmalıdır? Axı günahsız və az günahı olan insanlar haqsız yerə ağır cəzalara məruz qalır...

- Bu hallar aradan qalxmalıdır. Məhkəmələr öz işlərinə məsuliyyətlə yanaşmalı, obyektivliyi təmin etməlidirlər. Qanunvericiliyin düzgün tətbiqi ilə məşğul olmalıdırlar. Bu sahədə müəyyən problemlər var.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
hurriyyet.az

1Sources