EN

Çıxarışı olmayan bələdiyyə torpaqları vergi verməlidir? – Qanun deyir ki…

Bələdiyyə torpaqları ilə bağlı hüquqi məsələlər vətəndaşlar üçün ən çox anlaşılmazlıq yaradan sahələrdən biri olaraq qalır. Xüsusilə, çıxarış sənədi olmayan torpaqlara görə vergi tələbi halları cəmiyyətdə narazılıq və suallar doğurur. Bir tərəfdən qanunvericilik mülkiyyət hüququnu əsas götürür, digər tərəfdən isə praktikada fərqli yanaşmalar tətbiq edilir. Bəs çıxarış olmadığı halda bələdiyyə torpağına görə vətəndaşdan vergi tələb oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, məsələyə yanaşma Azərbaycan qanunvericiliyində konkret şəkildə tənzimlənir.

Aztəminatlı

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və torpaq qanunvericiliyinə əsasən, torpaq vergisi əsasən mülkiyyət hüququ əsasında hesablanır.

Bu hüquq isə dövlət tərəfindən verilən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiqlənən sənəddir. Əgər çıxarış yoxdursa, hüquqi və ya fiziki şəxs rəsmi olaraq mülkiyyətçi hesab edilmir”.

Ekspert qeyd edib ki, praktikada torpağın faktiki istifadəsi halları da mövcuddur:

“Bələdiyyə torpaqları çıxarış olmadan da müqavilə əsasında icarəyə verilə bilər. Bu zaman şəxs mülkiyyətçi olmasa da, istifadəçi kimi qeydiyyata alınır və bu halda onun vergi öhdəliyi yarana bilər.

Bəzi hallarda vətəndaşlar müxtəlif qurumlara təqdim etmək üçün bələdiyyədən arayış almaq istəyirlər. Bu zaman bələdiyyə nümayəndələri həmin arayışın verilməsi üçün müəyyən ödənişlərin edilməsini tələb edə bilirlər. Lakin bu, birbaşa vergi öhdəliyi kimi deyil, daha çox praktikada formalaşmış yanaşmadır və hüquqi əsasları ayrıca qiymətləndirilməlidir”.

Beləliklə, çıxarış və ya rəsmi icarə müqaviləsi olmadan torpaq vergisinin tələb olunması qanunvericilik baxımından birmənalı deyil və hər bir hal ayrıca araşdırılmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
32
1
konkret.az

2Sources