EN

ABŞ-nin müharibədə yol verdiyi MÜDHİŞ üç səhv – Polkovnikdən AÇIQLAMA

İrana qarşı 38 gün aparılan müharibənin məlum sonucla dayandırılması ABŞ-də birmənalı qarşılanmır. Bir sıra siyasətçilər prezident Donald Trampı əvvəldən səhvlərə yol verməkdə tənqid edirlər. Müharibə başlayandan ardıcıl səhvlərin vəziyyəti gətirib ABŞ-nin əleyhinə, İranın lehinə çevirdiyi iddia olunur.

Bəs ABŞ müharibədə hansı səhvlərə yol verdi?

İlk səhvin ali dini lider Seyid Əli Xameneinin öldürülməsi olduğu qeyd edilir. İkinci səhvin İranda qızlar məktəbinə raket zərbəsi endirmək olduğu vurğulanır. İranda insanların rifahı ilə birbaşa bağlı olan mülki infrastrukturu - körpüləri, zavodları və digər bu kimi obyektləri bombalamağın daha bir yanlış taktiki addım olduğu qeyd edilir. Müharibə boyu Trampın kobud və təhqiramiz davranışları, bəyanatları da səhvlərdən biri kimi vurğulanır. Qeyd olunur ki, yol verilən taktiki və strateji səhvlər müharibədə ABŞ-nin faktiki olaraq təkləndiyi vəziyyətini yaratdı.

Musavat.com-a şərhində hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, qeyd edilənlərdə kifayət qədər əsaslar var:

“ABŞ-nin əsas səhvi hərbi gücə həddindən artıq arxalanaraq kompleks geosiyasi reallıqları yetərincə nəzərə almaması oldu. Bu müharibə bir daha göstərdi ki, İran kimi regional güclə qarşıdurmada yalnız hərbi üstünlük kifayət etmir, siyasi, diplomatik və informasiya komponentlərinin balansı həlledici rol oynayır”.

Onun sözlərinə görə, ABŞ müharibəyə aydın siyasi-hərbi hədəflərlə başlamadı:

“Rejim dəyişikliyi, nüvə proqramının məhdudlaşdırılması və ya regional təsirin zəiflədilməsi kimi məqsədlər arasında konkret prioritet seçilmədi. Bu isə həm hərbi planlaşdırmada, həm də diplomatik mesajlarda ziddiyyət yaratdı. Vaşinqton Tehranın həm hərbi, həm də qeyri-ənənəvi cavab imkanlarını yetərincə hesablaya bilmədi. Nəticədə, İran qısa müddətdə regionda ABŞ maraqlarına təzyiq mexanizmlərini işə sala bildi”.

Polkovnik

Ekspertin sözlərinə görə, ABŞ ənənəvi müttəfiqləri ilə, xüsusilə Yaxın Şərqdə tam koordinasiyalı strategiya qura bilmədi:

“Bəzi ölkələr açıq dəstək verməkdən çəkinərək məsafəli mövqe tutdu. Bu da əməliyyatların legitimliyini və effektivliyini azaltdı. İranın cavab olaraq müxtəlif cəbhələrdə gərginliyi artırması ABŞ üçün çoxvektorlu təzyiq yaratdı. Vaşinqton bu riskləri öncədən nəzərə almadığı üçün resurslar parçalandı. Müharibənin əvvəlində diplomatik manevr imkanlarının məhdudlaşdırılması ABŞ-ni yalnız hərbi alətlərə söykənməyə məcbur etdi. Halbuki belə mürəkkəb münaqişələrdə paralel diplomatiya mühüm rol oynayır”.

R.Məhərrəmov hesab edir ki, İran informasiya müstəvisində özünü “müdafiə olunan tərəf” kimi təqdim etməyi bacardı:

“ABŞ isə beynəlxalq ictimai rəydə gözlədiyi dəstəyi tam ala bilmədi, bu da siyasi təzyiqi artırdı. Ən ciddi səhvlərdən biri müharibənin necə bitiriləcəyinə dair əvvəlcədən hazırlanmış planın olmaması idi. Nəticədə, proses ABŞ üçün arzuolunmaz şərtlərlə dayandırıldı və bu, hətta ABŞ-nin özündə belə, İranın nisbi siyasi üstünlük əldə etməsi kimi qiymətləndirilir”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
5
musavat.com

1Sources