EN

Əliyar Ağayev və uşağın başını partladan oğlan

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Turan Tovuz” – “Zirə” matçında (0:2) yaşanan biabırçılığa qiymət verib.

Məlum olub ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində baş tutan qarşılaşmada Əliyar Ağayev yanlış qərarlar verib.

Kateqoriyasına və nüfüzuna görə ölkənin “bir nömrə”si sayılan Ağayev tovuzluların qapısına iki epizodda penalti təyin etməməklə ciddi səhv edib. Bir yox ha, iki vəziyyətdə.

Yadıma bir neçə ay əvvəl yaşanan olay düşdü.

Payızda qonşular uşaqlarına görə üz-göz olmuşdu.

Azyaşlı oğlan daşı götürüb sözü çəp gələn oğlanın başına vurub partlatmışdı.

Valideynlər araya girəndən sonra günahkara sual vermişdilər ki, niyə belə etmisən? Utanmırsan? Birdən uşaq ölsəydi, nə olacaqdı?

Uşaq da cavabında “bilmədim” demişdi.

Başı partlayan oğlanın atası növbəti dəfə dillənmişdi ki, bilməmişdinsə, daşı kənara atardın da, uşağın başına niyə vurmuşdun?

Yəqin ki, Əliyar iclasda qərarını əsaslandıranda “bilmədim” deyməklə özünə haqq qazandırmağa çalışıb.

Adama deyərlər, bilməmişdinsə, penalti verərdin də.

Yaxşı, birinci epizodda “nöqtə”ni göstərməkdə tərəddüd etmişdin, penalti qərarının ağır olacağını zənn etmişdin. Bəs ikincidə?

Lap deyək ki, oyunun ağırlığından doğan qorxu-həyəcan həmin an 11 metrlik cərimə zərbəsini təyin etməyinə imkan verməmişdi. Bəs VAR-a baxandan sonra fikrini dəyişməyə kim mane olurdu?

Epizodlar göz qabağındadır, neçə gündür futbol ictimaiyyəti yaşanan rəzalətdən danışır. Rəhim Həsənov da qərarların yanlış olduğunu açıq-aşkar dilinə gətirib.

İndi kimi və necə inandıra bilərsən ki, qəbul etdiyin qərarlar zamanı qərəzli olmamısan? Hər iki epizoda təkrar-təkrar baxandan sonra doğrunu kənara qoyub, yanlışın arxasınca qaçmağının arxasında kim, yaxud nə dayanırdı?

“Turan Tovuz” finala yüksələ bilməsə, ayaqlar altına atılıb tapdanan haqqını kim qaytaracaq? Tovuzlu azarkeşlərin Azərbaycan hakimliyinə qarşı yaranan nifrətini kim “yuyacaq”?

Bir az də dərinə getsək, FİFA sadə vəziyyətlərdə, həm də VAR-a baxandan sonra səhv edən hakimə elit statusunu hansı məntiqlə, hansı əsasla verib?

Saya-saya sualların sayını bir xeyli artırmaq olar. Dəyişən heç nə olmayacaq.

Azərbaycan hakimliyində dəyişən illərdir, bir də bəzi adlar. Əməllər yerindən tərpənməyib.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
58
sportinfo.az

1Sources