EN

Gürcü ekspert: Orta Dəhliz həm Qərb, həm də Çin üçün mühüm əhəmiyyət kəsb edir

Bakı, 9 aprel, AZƏRTAC

Orta Dəhlizin inkişafı həm Gürcüstan, həm də Azərbaycan üçün böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edir. Yaxın Şərqdə mövcud olan münaqişə fonunda dəhlizin inkişafı bütün dünya üçün olduqca aktual xarakter alır. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri də məhz bu baxımdan strateji əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Texniki Universitetinin professoru Valeri Modebadze söyləyib.

O bildirib ki, səfər çərçivəsində Orta Dəhlizin inkişafı ilə bağlı mühüm bəyanatlar verilib: hər iki tərəf marşrutu Azərbaycan və Gürcüstandan keçən ən mühüm transkontinental arteriyalardan biri kimi qəbul edir. Bu da dəhlizin Avropa və Asiyanı birləşdirən əsas arteriyaya çevrilməsi üçün ötürücülük qabiliyyətinin artırılmasını zəruri qılır. Dəhlizin inkişafı regional səviyyədə sıx əməkdaşlıq tələb edir. Heç bir ölkə infrastruktur problemlərini təkbaşına həll edə bilməz və kollektiv səylərə ehtiyac var. Yeni infrastruktur layihələri gələcəkdə dəhlizi daha səmərəli hala gətirəcək.

“Dünya Bankının proqnozuna görə, 2030-cu ilə qədər dəhlizin yük həcmi üç dəfə artırıla bilər ki, bu da birbaşa Gürcüstan və Azərbaycanın fiskal gəlirlərində əks olunacaq. Orta Dəhliz Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə müqayisədə daha qısa marşrutdur və müvafiq infrastrukturun inkişafı halında iki qitəni – Avropa və Asiyanı bir-biri ilə daha sürətli birləşdirə bilər. O, Şimal-Cənub dəhlizindən 3000 kilometr daha qısadır və daşımaların tranzit müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Onun digər marşrutlarla müqayisədə müəyyən nisbi üstünlükləri də var. Orta Dəhliz hələ inkişaf prosesindədir və Avropa ilə Asiya arasında əsas ticarət arteriyasına çevrilmək potensialına malikdir”,- deyə V.Modebadze deyib.

Ekspertin sözlərinə görə, Qərb siyasi elitası, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin liderləri Trans-Xəzər dəhlizinin inkişafında olduqca maraqlıdırlar. Yaxın Şərqdə yaranmış mürəkkəb vəziyyət və Rusiya-Ukrayna müharibəsi fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyəti həm Qərb, həm də Çin üçün də mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizin infrastrukturu əsasən artıq mövcuddur, lakin Trans-Xəzər dəhlizinin ötürücülük qabiliyyətini yüksəltmək üçün gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi lazım olacaq: ilk növbədə, yüklərin daha sürətli və səmərəli daşınması, sərhəddə maneələrin yaranmaması üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi zəruridir. Bundan əlavə, qeyd olunan ölkələrin tarif sazişinə nail olmaları və vahid tariflər üzərində razılaşmaları vacibdir.

Chosen
28
1
azertag.az

2Sources