EN

Məhəllələrdə şlaqbaum quraşdırmaq hansı halda qanunidir? Ekspert İZAH ETDİ VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Son vaxtlar məhəllələrdə şlaqbaumların quraşdırılması ilə bağlı müzakirələr genişlənib. 

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib.

Ekspert bildirib ki, məhəllələrdə şlaqbaumların quraşdırılması kənar nəqliyyat vasitələrinin girişini məhdudlaşdırmaq üçün qanuni vasitə hesab olunur. Lakin bu proses müəyyən qaydalara uyğun həyata keçirilməlidir.

Onun sözlərinə görə, şlaqbaumlar əsas yolun üzərində deyil, yalnız məhəllənin giriş hissəsində yerləşdirilməlidir. Eyni zamanda, operativ nəqliyyat vasitələrinin təcili tibbi yardım, yanğınsöndürmə, polis və kommunal xidmət maşınlarının əraziyə sərbəst daxil olması tam təmin olunmalıdır. Bu məqsədlə şlaqbaumun idarəsi üçün məsul şəxs təyin edilməli və fövqəladə hallarda girişə maneə yaradılmamalıdır.

Eldəniz Cəfərov qeyd edib ki, şlaqbaumun quraşdırılması üçün həmin ərazidə yaşayan sakinlərin əksəriyyətinin razılığı vacib şərtdir. Yəni, qərar kollektiv şəkildə qəbul olunmalı və bu məsələ ilə bağlı ümumi razılıq əldə edilməlidir.

Ekspert vurğulayıb ki, sakinlərin bu hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir və bu cür addımlar qanunvericilik çərçivəsində həyata keçirilməlidir.

Sonda qeyd olunub ki, qaydalara riayət edilmədən quraşdırılan şlaqbaumlar qanunsuz hesab oluna bilər və bu kimi hallarda müvafiq qurumlar tərəfindən tədbirlər görülə bilər.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
avtosfer.az

1Sources