EN

Köçəryandan iddia: Ermənistan üçün daha ağır proseslər yeni başlayır

Moskva–İrəvan münasibətlərində yeni mərhələnin əlamətləri görünür.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli polittexnoloq Karen Köçəryan Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra iki ölkə münasibətlərində dəyişikliklərin ilk siqnallarının ortaya çıxdığını bildirib.

Onun sözlərinə görə, artıq söhbət simvolik bəyanatlardan yox, real addımlardan gedir. Köçəryan hesab edir ki, baş verənlər daha geniş proseslərin başlanğıcıdır: “Bu, bir növ filmin tereyleridir (ilk reklamı-red.), əsas ‘film’ hələ qabaqdadır”.

Ekspert qeyd edib ki, Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı yaranan məhdudiyyətlər təkcə epizodik hal deyil və sistemli xarakter ala bilər. Onun fikrincə, biznes dairələri artıq siyasi siqnalların real iqtisadi addımlara çevrildiyini hiss edir.

“Bəyanatlar artıq söz olaraq qalmır, onların ardınca konkret addımlar gəlir və bu da təbii olaraq gərginlik yaradır”, -deyə Köçəryan bildirib.

O əlavə edib ki, məsələ yalnız ixracla məhdudlaşmır. Ermənistanın Rusiyadan geniş həcmdə idxal həyata keçirdiyini xatırladan ekspert yaxın zamanda bu istiqamətdə də məhdudiyyətlərin gündəmə gələ biləcəyini istisna etməyib.

Polittexnoloq diqqəti həmçinin rəsmi şəxslərin mövqeyinə yönəldib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin və baş nazirin müavini Aleksey Overçukun açıqlamaları bu proseslərin ciddi siqnalı kimi qiymətləndirilməlidir.

Köçəryanın fikrincə, əvvəllər belə addımlar daha çox epizodik xarakter daşıyırdısa, indi onların daha geniş və sistemli mərhələyə keçməsi ehtimalı artır.

Musavat.com

 

Chosen
38
musavat.com

1Sources