EN

“Qızılda kəskin artım gözlənilmir” EKSPERT DANIŞDI

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

“İqtisadi təcrübə və bu tip münaqişələrin dinamikasının müşahidəsi göstərir ki, qeyri-müəyyənlik dövrlərində investor davranışında ciddi dəyişikliklər baş verir. Belə məqamlarda riskdən qaçınma meyli güclənir və kapital daha etibarlı hesab olunan aktivlərə yönəlir”.

Bu sözləri SİA -ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İB sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

Ekspertin sözlərinə görə, xüsusilə qiymətli metallar, o cümlədən qızıl, “təhlükəsiz liman” funksiyası daşıyaraq investorlar üçün əsas seçimə çevrilir:

”Bu isə təbii olaraq qızıla tələbin artmasına və nəticə etibarilə onun bazar qiymətinin yüksəlməsinə səbəb olur. Lakin maraqlı məqam ondan ibarətdir ki, İranla bağlı hərbi gərginlik dövründə qızılın qiymətində gözlənilən artım əvəzinə müəyyən ucuzlaşma müşahidə olundu. Bu vəziyyət ilk baxışda paradoksal görünsə də, əslində əvvəlki dövrlərdə formalaşmış bazar tendensiyaları ilə sıx bağlıdır. Belə ki, münaqişədən öncəki mərhələdə qızıla yüksək tələbat yaranmış, bu da qiymətlərin artıq maksimum həddə yaxınlaşmasına səbəb olmuşdu. Nəticədə bazarda müəyyən “doyma nöqtəsi” formalaşmış və investorların bir qismi qazanc götürmək məqsədilə satışa üstünlük vermişdir.

Digər mühüm amil isə qızıl bazarında əsas alıcıların coğrafi bölgüsü ilə bağlıdır. Şərq ölkələri, xüsusilə də ənənəvi olaraq qızıla yüksək maraq göstərən regionlar, müəyyən siyasi və iqtisadi səbəblərdən bu dövrdə alış prosesində fasilələr verə bilmişdir. Bu isə bazarda təklifin artmasına, eyni zamanda tələbin nisbi şəkildə azalmasına gətirib çıxarmışdır. Nəticədə qiymətlərin aşağı istiqamətdə korreksiyası qaçılmaz olmuşdur.

Hazırda qızıl bazarında nisbətən sabit və optimal qiymət intervalı müşahidə olunur. Gələcək perspektivdə qiymət artımı ehtimalı istisna olunmasa da, əvvəlki dövrlərdə qeydə alınan kəskin – məsələn, 40-50 faiz səviyyəsində – artımların təkrarlanması real görünmür. Daha çox ehtimal olunan ssenari mərhələli və məhdud, təxminən 5-10 faiz civarında artım dinamikasıdır ki, bu da bazarın artıq daha balanslı və sabit fazaya keçdiyini göstərir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
sia.az

2Sources