EN

Atəşkəs ONUN hakimiyyətdəki “ömrünü kəsir” 

İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Binyamin Netanyahunu İranla atəşkəs sazişi imzaladığına görə tənqid edib.

Lapid özünün X sosial media səhifəsində yazıb: "Bütün tariximizdə heç vaxt bu miqyasda diplomatik uğursuzluq olmayıb. İsrail milli təhlükəsizliyimizin təməlləri ilə bağlı qərarlar qəbul edilərkən danışıqlar masasında belə iştirak etmirdi".

İsrail müxalifət liderinin sözlərinə görə, "ordu onlardan tələb olunan hər şeyi etsə də, ictimaiyyət inanılmaz dərəcədə dözümlülük göstərsə də, Netanyahu diplomatik və strateji məğlubiyyətə uğradı və öz məqsədlərindən heç birinə nail ola bilmədi".
O əlavə edib ki, "Netanyahunun təkəbbürü, ehtiyatsızlığı və strateji planlaşdırma çatışmazlığının vurduğu diplomatik və strateji ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq".

Israel

Yəhudi baş nazirin diplomatik və strateji məğlubiyyətə uğradığını demək olarmı? Bu atəşkəs onun seçkilərdə məğlubiyyətinə səbəb ola bilərmi?

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, Yair Lapid tərəfindən səsləndirilən tənqidlər Netanyahu ətrafında gedən daxili siyasi mübarizənin məntiqi davamı kimi qiymətləndirilməlidir: “Məlumdur ki, İsraildə təhlükəsizlik və xarici siyasət məsələləri demək olar ki, həmişə daxili siyasi rəqabətin əsas alətlərindən biri olub və xüsusilə İran kimi strateji rəqiblə bağlı hər hansı razılaşma həm hakimiyyət, həm də müxalifət üçün siyasi kapital formalaşdırmaq imkanına çevrilir. Bu baxımdan, atəşkəsin “tarixi diplomatik uğursuzluq” kimi təqdim olunması daha çox siyasi ritorika təsiri bağışlayır. Əvvəla, hər hansı atəşkəs razılaşmasının uğur və ya uğursuzluq kimi qiymətləndirilməsi onun ilkin məqsədləri ilə nə dərəcədə üst-üstə düşməsindən asılıdır. Əgər İsrail rəhbərliyinin əsas məqsədi İranın hərbi imkanlarını zəiflətmək, liderlərini aradan götürmək və və ABŞ kimi əsas müttəfiqlərlə koordinasiyanı qorumaq idisə, bu halda atəşkəs müəyyən mənada taktiki uğur kimi də şərh oluna bilər. Lakin əgər məqsəd İranın regional təsirini ciddi şəkildə zəiflətmək, onun nüvə proqramını geri çəkmək və ya uzunmüddətli strateji üstünlük əldə etmək idisə, o zaman belə bir razılaşma həqiqətən də yarımçıq və ya qeyri-kafi nəticə kimi qiymətləndirilə bilər.
Digər mühüm məqam İsrail cəmiyyətinin təhlükəsizlik məsələlərinə yanaşmasıdır. İsrail seçicisi üçün əsas prioritet ideoloji məsələlərdən çox təhlükəsizlik və sabitlikdir. Əgər atəşkəs qısa və orta müddətdə təhlükəsizlik mühitini sabitləşdirirsə, raket hücumlarını azaldırsa və gündəlik həyatda normallaşma yaradırsa, bu, hökumətin xeyrinə işləyə bilər. Amma əksinə, əgər ictimai rəy belə qənaətə gəlsə ki, əldə olunan razılaşma yalnız müvəqqəti fasilədir və İran və ya onun regiondakı tərəfdaşları daha güclü şəkildə geri qayıdacaq, bu zaman həmin razılaşma siyasi baxımdan yükə çevrilə bilər. Bu, xüsusilə də təhlükəsizlik diskursunun yüksək olduğu İsrail kimi cəmiyyətlərdə seçki nəticələrinə birbaşa təsir edən faktordur”.

Politoloqun sözlərinə görə, Netanyahunun siyasi karyerası göstərir ki, o, böhranları siyasi üstünlüyə çevirməkdə kifayət qədər təcrübəlidir: “O, dəfələrlə həm daxili, həm də xarici təzyiqlər fonunda öz elektoratını səfərbər edə bilib və təhlükəsizlik narrativini öz xeyrinə istifadə edib. Bu səbəbdən tək bir atəşkəs razılaşmasının onun siyasi “ömrünü kəsəcəyini” iddia etmək müəyyən qədər şişirdilmiş görünür. Amma bu məsələnin bu və ya digər şəkildə onsuz da mövcud olan narazılıqları artırmaq imkanı var. Seçki perspektivinə gəldikdə isə düşünürəm ki, nəticə bir neçə faktorların qarşılıqlı təsirindən asılı olacaq. Bunlar təhlükəsizlik vəziyyətinin inkişafı, iqtisadi şərait, beynəlxalq münasibətlərdə İsrailin mövqeyi və daxili siyasi koalisiyaların dayanıqlığı ilə bağlıdır. Əgər atəşkəs real sülhə səbəb olacaqsa və vəziyyət sabitləşəcəksə, Netanyahu bunu məsuliyyətli liderlik kimi təqdim edə bilər. Əks halda, müxalifət, xüsusilə Lapid kimi fiqurlar, bunu strateji səhv kimi çərçivələndirərək seçici davranışına təsir etməyə çalışacaqlar. Odur ki, məncə bu atəşkəs nə avtomatik olaraq diplomatik məğlubiyyətdir, nə də qaçılmaz siyasi sonun başlanğıcı. Bu daha çox gələcək hadisələrin necə inkişaf edəcəyindən asılı olan aralıq mərhələdir”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
22
musavat.com

1Sources