EN

Azərbaycan nümayəndələri Qazaxıstanda “AI Leaders 2026” layihəsində iştirak edirlər

Bakı, 9 aprel, AZƏRTAC

Qazaxıstanda Stenford Universiteti, “OpenAI Academy” və “Silkroad Innovation Hub” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “AI Leaders 2026” təhsil proqramı fəaliyyətə başlayıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, proqramda Qırğızıstan, Özbəkistan, Monqolustan, Tacikistan, Türkiyə və Qətərdən olan nümayəndələrlə yanaşı, Azərbaycan təmsilçiləri də iştirak edirlər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sistemli rəqəmsallaşdırma və iqtisadiyyatın bütün sahələrində süni intellektin tətbiqi ilə bağlı tapşırıqlarının icrası çərçivəsində Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi Stenford Universitetinin İnsan Mərkəzli Süni İntellekt (HAI) tədqiqat mərkəzi, ChatGPT tərəfindən hazırlanmış təhsil platforması olan “OpenAI Academy” və Silikon Vadisində beynəlxalq mərkəz olan və “Silkroad Innovation Hub” ilə tərəfdaşlıq çərçivəsində bu flaqman təhsil proqramını reallaşdırır.

Qeyd olunub ki, “AI Leaders 2026” layihəsi Mərkəzi Avrasiyada süni intellekt sahəsində ən böyük korporativ təhsil təşəbbüslərindən biridir. Proqramın məqsədi idarəetmə kadrları yetişdirmək, biznes və dövlət idarəçiliyində süni intellekt həllərinin tətbiqi üçün praktik bacarıqları inkişaf etdirməkdir.

Qazaxıstan Baş nazirinin müavini və süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev qeyd edib: “Dövlət başçısının iqtisadiyyatın bütün sahələrində süni intellekt tətbiq etmək barədə göstərişini həyata keçirməklə, biz praktik dəyişikliklər mərhələsinə keçirik. Stenford Universiteti, “OpenAI Academy” və “Silkroad Innovation Hub” qurumlarının texnologiya təcrübəsinə əsaslanaraq, hər bir iştirakçı öz təşkilatı üçün tətbiq olunan süni intellekt strategiyası hazırlayacaq. Bu, hər bir şirkətin rəqəmsal transformasiyasının texnoloji liderlik və bütün ölkənin uğuru üçün təməl olduğu yeni idarəetmə modelinin əsasını qoyur”.

Proqramın son mərhələsi süni intellekt agentlərinə və tətbiqi həllərə yönəlib: CAYU və “Lovable” ilə birlikdə komandalar biznes və əsas sənaye sahələrində süni intellekt sistemlərini inkişaf etdirməyi və onların tətbiqi yollarını öyrənir.

“Məqsədimiz regionda qabaqcıl süni intellekt biliklərinə və qlobal texnologiya ekosistemlərinə birbaşa çıxışı təmin etməkdir. İştirakçılara bu gün sənayeni formalaşdıran və onun gələcəyini müəyyən edən texnologiyalar üzrə birbaşa bilik əldə etməyə imkan verən proqramlar yaradırıq. Bu, Mərkəzi Asiyanın qlobal texnologiya və süni intellekt ekosistemində görünən və aktiv iştirakçı olmasına şərait yaradır”, -deyə “Silkroad Innovation Hub” mərkəzinin təsisçisi və baş direktoru Asset Abdualiyev qeyd edib.

Təlimin sonunda iştirakçılar “Stenford HAI” təcrübəsindən və “OpenAI Academy” alətlərindən istifadə edərək öz təşkilatları üçün tətbiqi süni intellekt strategiyaları hazırlayacaqlar.

Proqramda regiondakı təxminən 150 əsas təşkilatın rəhbərləri, o cümlədən dövlət və kvazi-dövlət sektorlarının nümayəndələri, eləcə də aparıcı şirkətlər iştirak edirlər.

Təlim intensiv sessiyalarda keçirilir və süni intellekt əsaslarının öyrənilməsini, müasir alətlərlə praktik işin aparılmasını və müxtəlif sənaye sahələri üçün tətbiqi həllərin hazırlanmasını əhatə edir.

Kursu bitirdikdən sonra iştirakçılar Stenford Universitetinin HAI sertifikatlarını alacaq və inkişaf etməkdə olan regional süni intellekt mütəxəssisləri icmasına qoşulacaqlar.

Chosen
23
1
azertag.az

2Sources