EN

Azərbaycanda internetin sürəti və keyfiyyəti artacaq?

Azərbaycanla Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin istismara verilməsi 2026-cı ilin III rübündə planlaşdırılır.

Bu barədə Qazaxıstan Baş nazirinin müavini - Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiev bildirib.

Bəs Azərbaycanla Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin istismara verilməsi Azərbaycanda internet sürətinə necə təsir göstərəcək?

Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan İnformasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, bu cür layihələrə bizim sadəcə yeni fiber-optik kabel xətti çəkilir deməyimiz doğru olmaz:

“Çünki bu yanaşma ölkənin internet infrastrukturunun dayanıqlığını və keyfiyyətini bir neçə səviyyə yuxarı qaldırır. İlk növbədə, bu xətt alternativ marşrut deməkdir. 

Hazırda internet trafiki əsasən, müəyyən istiqamətlər üzərindən keçir və hər hansı problem yarananda istifadəçilər bunu dərhal sürət düşməsi və ya kəsinti kimi hiss edir.

Yeni kabel isə əlavə yol yaradır. Yəni trafik daha balanslı paylanır, şəbəkə kanalının yüklənməsində tıxac azalır və ümumi stabillik artır. 

İkinci vacib məsələ sürətdir. Texniki olaraq belə bir xətt birbaşa sürəti birdən-birə 2 dəfə artıracaq demək doğru olmaz. Amma daha qısa və optimallaşdırılmış marşrutlar hesabına gecikmə azalır, daha sürətli və stabil işləyəcəkdir. 

Bundan başqa bu layihənin strateji tərəfi də var. Azərbaycan artıq tək istifadəçi yox, eyni zamanda region üçün internet keçid nöqtəsi rolunu gücləndirir. 

Yəni digər ölkələrin trafiki də bu marşrutdan istifadə edə bilər. Bu isə ölkəyə həm texnoloji üstünlük, həm də iqtisadi imkanlar qazandırır”. 

Mütəxəssis qeyd edir ki, nəticədə regionlar üçün də bu dolayısı ilə müsbət təsir edəcək:

“Çünki əsas infrastruktur gücləndikcə, provayderlərin xidmət keyfiyyətini artırmaq imkanı genişlənir. Bu isə zamanla daha stabil və daha keyfiyyətli internet deməkdir”.

Chosen
22
1
cebheinfo.az

2Sources