Aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 9 övladlı ailənin 6 uşağı dəm qazından zəhərlənib. Yaşları 1 yaş 6 aydan 14 yaşa qədər olan 6 uşaq həyətdə palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamama daxil olublar. Bu zaman hamam otağında dəm qazından zəhərləniblər. Aprelin 4-də isə 6 uşaqdan biri Gülcənnət Cəbrayılova vəfat edib. Hətta ailənin əslində 12 övladı olsa da, onlardan 3-ü vəfat edib. Yəni Gülcənnət ailənin vəfat edən 4-cü övladı olub...
Bu faktın özü kifayət qədər ağırdır. Hadisəni sarsıdıcı edən isə yalnız ölüm deyil, bunun ardınca baş verənlərdir. Hətta bütün bunlar bəzilərimiz üçün faciəyə bərabər olan hadisədir. Düzdür, insan üçün ağrının və əzabın həddi-hüdudu fərqlidir. Lakin övlad itkisi düşünürəm ki, hər mənada çox ağır olmalıdır. Bu baxımdan həmin hadisə əminəm ki, çoxlarımıza təsir etdi. Çünki valideynlik anlayışı bizim təsəvvürümüzdə müqəddəs bir məsuliyyət, övlad isə həyatın ən qiymətli əmanətidir...
Lakin ailənin övlad itkisi ilə bağlı etdiyi paylaşımlar faciəni az qala, arxa plana keçirdi. Ata TikTokda canlı yayım açıb ölən övladının görüntülərini paylaşdı. Deyilənə görə, çəkilişi edən də uşağın anası imiş. Ata qəbir qazana, nə bilm kəfənə verdiyi pulları sadalayır, ana da profillərində kart hesablarının olduğunu bildirir. Bir sözlə mədəni dilənçilik edirlər. Sonra isə bildirildi ki, əslində videonu çəkən uşağın anası yox, Kamil Cəbrayılovun ikinci arvadı imiş. Nə deyək.
Mənim isə diqqətimi çəkən əsas məqamlardan biri valideynlərin dəfndə tək olması oldu. Qohum, qonşu, dost, tanış. Yəni ətraflarında ağlı başında olan tək bir insan olmadı ki, desin bu nədir paylaşırsınız?

Daha sonra atanın “yarım saat əvvəl uşağı basdırıb gəlmişəm” deyərək yenidən canlı yayım açması artıq faciəni sosial şouya çevirdi. Yəni bu qədər asandır? Bu qədər normaldır hər şey? Bəlkə biz həddən artıq emosional yanaşırıq? Bəlkə yeni dövrün reallığı budur? Bəlkə sosial şəbəkə artıq həyatın, hətta ölümün də ayrılmaz hissəsidir? Nə bilm. Cavabsız suallar saysız-hesabsızdır.
Əslində mən çox da təəccüblənmədim. Çünki millət olaraq gözlərimiz nələr-nələr görüb. Lakin ən azından övladın yasını tutmaq valideynin borcu idi. Bu mənzərə isə onu göstərdi ki, onların heç uşaq vecinə də deyil. Ən azından bütün bunları düşünə bilsələr, kasıb ailə olaraq dünyaya 12 uşaq gətirməzlər. Çünki maddi imkansızlıq içində yaşayıb, 12 uşaq dünyaya gətirib sonra da kasıblıqdan gileylənmək nə dərəcədə məntiqlidir? Bir yox, iki yox, 12 uşaq… Bu uşaqların hər birinin sağlam böyümək, təhlükəsiz şəraitdə yaşamaq, təhsil almaq, normal mühit görmək haqqı yoxdurmu?
Belə baxıram ki, onlar üçün fərqi yoxdur, biri öləcək, arxasınca ikisi doğulacaq. Sonra da oturub kasıblıqdan gileylənib millətdən pul dilənəcəklər. O pulu da nə vaxta qədər yığacaqları məlum deyil. İndiki zamanda 2 uşağa baxmaq belə zülümdür, o ki, qalıb 9 uşağa baxasan. 9 da deyil, artıq 8-dir. Amma bu rəqəmin də belə qalacağı müəmmalıdır. Bir də görərik yenidən 9-nu, 10-nu, 11-ini dünyaya gətirirlər...

Ən acınacaqlı vəziyyət isə odur ki, rəylərdə hər kəs ailənin uşaq dünyaya gətirərək, hər övlada görə 140 manat olmaqla dövlətdən 1260 manat pul aldıqlarını qeyd edir. Guya ailə uşaqları bir növ gəlir mənbəyi kimi dünyaya gətirir. Amma normal insan onsuz da başa düşür ki, indiki dövrdə 1250 manatla heç 2 uşağa baxmaq mümkün deyil, nəyinki 9 uşaq...
Atanın son günlərki danışığı isə onu quyudan çıxartmaq yerinə, daha da yerin dibinə saldı. Gah evdə 2 xanımı olduğunu, gah kənarda başqası ilə münasibətdə olduğunu, gah övladının birini pay verdiyini, gah da bunların heç birinin olmadığını bildirdi. Məsələnin əsli nədir təbii ki, bilmirik. Lakin görünən odur ki, bu valideynlərin hər ikisinin, ya da hər üçünün psixoloji dəstəyə ehtiyacı var. Uşaqlar isə düşünürəm ki, ailədən alınıb sığınacaqlara yerləşdirilməlidir.
Niyyətim kimisə qınamaq deyil. Adama deyərlər sənin nə işinə qalıb. Amma mənim o uşaqlara yazığım gəlir. Çoxu indi körpədir, heç nəyi dərk etmir. Bəlkə heç böyüyəndən sonra da dərk etməyəcəklər. Ən acınacaqlısı isə odur ki, bu mühitdə böyüyən uşaqların gələcəyi də sual altındadır. Uşağı mühit formalaşdırır. Əgər mühit dar, imkanlar məhdud, düşüncə isə məsuliyyətsizdirsə, o zaman gələcək nəsil hansı istiqamətdə inkişaf edəcək? Ən azından həmin uşaqlar böyüklərin səhvlərinin cəzasını çəkməməlidir.
Aydan Hacı
Telegram kanalımız