EN

Bakının qonağı- özünə “sovet uşağı” deyən baş nazir...

İnqa Ruqiniene sosial demokratdır, bundan əvvəl nazir işləyib, Rusiyada qohumları var


Litva baş naziri İnqa Ruginiene Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev aprelin 9-da baş naziri qəbul edib. Dövlət başçısı Litvanın baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Ruqiniene ötən ilin avqustunda baş nazir təyin edilib, sosial demokratdır. Bundan əvvəl sosial müdafiə və əmək naziri işləyib. Bəzi sağçı və mərkəzçi müxalifət üzvləri İnqa Ruqinieneni Rusiyapərəstlikdə ittiham edirlər. Belə ki, müsahibələrinin birində o, özünü “sovet uşağı” adlandırıb və həmçinin 2015 və 2018-ci illərdə Rusiyadakı qohumlarını ziyarət etdiyini bildirib.

PictureBundan sonra xanım İnqa Seymdəki(parlament) mühafizəkarların suallarını, ümumilikdə Rusiyaya və xüsusən də Müqəddəs Georgi lentinə münasibəti ilə bağlı suallarını cavablandırıb. “Mən lentə heç bir şəkildə dəyər vermirəm və heç vaxt onu dəyər hesab etməmişəm. Rusiya ilə daha isti və ya daha yaxşı münasibətlər saxlamaq niyyətim yoxdur və heç vaxt buna söz verməmişəm”, - deyə Ruqiniene bildirib.
Qeyd edək ki, hazırda Litva ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın ən səmərəli inkişaf edən sahələrindən biri kənd təsərrüfatı məhsullarının, xüsusilə də süd və meyvə-tərəvəz ticarətidir. Bu ticarətin həcmi hələlik o qədər də böyük deyil. Yalnız kənd təsərrüfatı məhsulları deyil, həmçinin yüksək texnologiyalar, innovasiyalar və enerji sahəsində də əməkdaşlığın genişləndirilir. Xüsusilə, enerji sahəsində əməkdaşlıq çox perspektivlidir. Azərbaycan hazırda neft və qaz sektorundan bərpa olunan enerji sektoruna keçid edən regionun lider ölkələrindən biridir.

Picture


Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq diqqətəlayiqdir. Hazırda Litva universitetlərində 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Universitetlərin əksəriyyətində ikili diplom proqramları mövcuddur. Beləliklə, azərbaycanlı tələbələr Litva universiteti ilə yanaşı, digər Avropa ölkələrinin-məsələn, Almaniya, İsveç və ya İtaliya universitetlərinin diplomlarını da ala bilirlər. Litva SSRİ dövründən qalma elektrik şəbəkəsindən ayrılaraq Avropa elektrik şəbəkəsinə uğurla inteqrasiya olunub. Bu mürəkkəb proses Litvanın enerji şirkəti "Ignitis" üçün ciddi təcrübə olub və bu təcrübə Azərbaycanın da elektrik şəbəkəsinin modernləşdirilməsi və Xəzər dənizində qurulması planlaşdırılan dəniz külək elektrik stansiyalarının həyata keçirilməsi baxımından faydalı ola bilər.

AzərbaycandaMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a şərhində bildirib ki, Azərbaycanın Litva ilə münasibətləri son illərdə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində dinamik şəkildə inkişaf edən əməkdaşlıq istiqamətlərindən biri kimi diqqət çəkir. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də Avropa məkanında Azərbaycanın mövqelərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: “Təsadüfi deyil ki, Litva baş nazirinin Azərbaycan Prezidenti ilə görüşündə ikitərəfli əlaqələrin gündəliyi ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına həmişə dəstək verdiyi vurğulanıb”.
Deputat deyib ki, Litva Azərbaycanın Avropa strukturlarına inteqrasiyası prosesində mühüm tərəfdaşlardan biridir: “Avropa İttifaqı üzvü kimi Litva Bakı ilə Brüssel arasında siyasi dialoqun genişlənməsinə töhfə verir. Bu baxımdan Vilnüsün Azərbaycana münasibətdə balanslı və konstruktiv mövqeyi, xüsusilə regionda sabitlik və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək diqqətəlayiqdir. Enerji əməkdaşlığı da münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Litva bu kontekstdə Xəzər qazının Avropa bazarlarına çıxarılmasını dəstəkləyən ölkələrdəndir. Bu əməkdaşlıq təkcə iqtisadi dividentlər gətirmir, həm də Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi imicini gücləndirir”.
Deputat qeyd edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq geniş potensiala malikdir: “Azərbaycanın təşəbbüsü ilə reallaşan Orta Dəhliz layihəsi Baltik regionu ilə Mərkəzi Asiya arasında yeni tranzit imkanları yaradır. Litvanın Baltik dənizi limanları ilə Azərbaycanın Xəzər hövzəsindəki nəqliyyat infrastrukturu arasında əlaqələrin qurulması gələcəkdə ticarət dövriyyəsinin artmasına ciddi təkan verə bilər”.
A.Hüseynov deyib ki, Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri kimi çıxış edib və bu, iki ölkə arasında etimad mühitini gücləndirir. Eyni zamanda, hər iki ölkə beynəlxalq platformalarda əməkdaşlıq edərək regional və qlobal təhlükəsizlik məsələlərində ortaq maraqlarını uzlaşdırmağa çalışır.

Etibar Seyidağa,
Musavat.com

 

Chosen
20
50
musavat.com

10Sources