Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb...
Görüş zamanı Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Tərəflər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıblar.
İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının təşviqi məsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilərək, Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Enerji sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edərək, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.
***
Baş nazir Əli Əsədov Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni ilə görüşüb, iki ölkə arasında əməkdaşlığın hər iki tərəf üçün fayda verəcək şəkildə genişləndirilməsi müzakirə olunub.
Poliqon xəbər verir ki, bu barədə İnqa Ruqiniene “X”-də paylaşım edib.
“Azərbaycan və Litva arasında əməkdaşlığın hər iki tərəf üçün fayda verəcək şəkildə genişləndirmək üçün aydın potensial mövcuddur. Görüş zamanı iqtisadi əməkdaşlıq, enerji sahəsi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məsələlərinə xüsusi diqqət yetirdik. Eyni zamanda, regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq. Hibrid təhdidlərə qarşı mübarizə də daxil olmaqla, təhlükəsizlik və dayanıqlılıq sahələrində tərəfdaşlığımızın gücləndirilməsinin vacibliyini vurğuladıq”, - Litva Baş naziri vurğulayıb.
Poliqon.info