EN

Yeganə mütləq qələbə nümunəsi

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda dünyanın bir çox bölgəsində münaqişələr, müharibələr, qarşıdurmalar davam edir. İllərlə sürən bu müharibələr, münaqişələr dünyada sabitliyi, təhlükəsizliyi təhdid edir, eyni zamanda, qlobal iqtisadi vəziyyətə mənfi təsir göstərir, humanitar böhran həddinə gətirib çıxarır. Təəssüf ki, bu gün mövcud münaqişələrlə bağlı dayanıqlı sülh əldə etmək mümkün olmur. Artıq uzun illərdir ki, Yaxın Şərq regionu sabitlikdən uzaq düşüb. İkinci aya keçən ABŞ və İsrailin İran əməliyyatı vəziyyəti daha acınacaqlı hala gətirib çıxardı. Müharibə başlayanda belə fikirlər var idi ki, qısa müddət ərzində hərbi əməliyyatlar başa çatdırılacaq. Amma İranla ABŞ-İsrail arasında müharibə artıq 40 gündür davam edir. İki həftəlik atəşkəs əldə olunsa da, danışıqlara başlanılacağı bildirilsə də, razılaşmadan sonra silahların susmaması atəşkəs və sülh təşəbbüslərinin nəticə verə biləcəyinə ümidləri azaldır. Həm də onu müşahidə edirik ki, artıq müharibələrin gedişində əldə edilən razılaşmalara əməl olunmur.

Rusiya ilə Ukrayna arasında müharibə isə dörd ildən çoxdur ki, davam edir. Bu müddət ərzində çoxsaylı insanlar həyatlarını itirib. İqtisadiyyat, infrastruktur məhv edilib, müharibənin nə zaman bitəcəyi sualları isə açıq qalır. Çünki indiyədək aparılan danışıqlarda hansısa ciddi nəticəyə gəlmək mümkün olmayıb. Ona görə də sülhlə müharibəni, münaqişəni bitirmək imkanları getdikcə azalır.

Bizim region da, yəni Cənubi Qafqaz uzun illər münaqişələrdən əziyyət çəkib, sabitlikdən, təhlükəsizlikdən uzaq düşüb. Azərbaycan ərazilərinin 20 faizi 30 ilə yaxın işğalda olub. Həmin müddətddə isə işğaldakı ərazilərimiz terrorçuların məskəninə çevrilib. Həmin ərazilərdən narkotiklərin tranziti üçün istifadə edilib. Azərbaycan həm işğal, həm ordakı cinayətkar əməllərlə bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırsa da, heç bir dəstək görməyib. Nəhayət, Azərbaycan özü münaqişəni həll etdi, bununla həm də beynəlxalq hüququ təmin etmiş oldu. 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarının işğalına son qoyan Azərbaycan Ermənistanı diz çökdürdü, təslim olmağa məcbur etdi.

44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən bir günlük antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bununla da yaxın tarixdə yeganə mütləq qələbə nümunəsi yaratdı.

Əlbəttə ki, qələbəmizi zəruri edən bir sıra mühüm amillər var idi. İlk növbədə bu, Azərbaycan liderinin illərlə qeyd edilən istiqamətdə apardığı mühüm işlərin nəticəsi idi. Azərbaycan sülh danışıqlarını dəstəkləsə də, müharibəyə də hazırlaşırdı. Prezidentin rəhbərliyi ilə güclü, peşəkar, vətənpərvər ordumuz formalaşdı. Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti, şücaəti, vətənpərvərliyi müharibədə öz sözünü dedi. Qələbəmizi təmin edən əsas amillərdən biri də xalqın həmrəyliyi, öz dövləti, lideri, ordusu ətrafında sıx birləşməsi oldu.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: "Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir".

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında bildirib: "44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də "alınmaz qala" sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik".

Dövlət başçısı deyib ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır: "Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır".

Bu gün artıq Böyük Qayıdış proqramı uğurla icra edilir, məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir, məskunlaşma aparılır. Azərbaycan təkcə azad olunmuş ərazilərini qurub, yaratmır, həm də regionda sülh yaradır, təhlükəsizliyin, sabitliyin qarantı kimi çıxış edir. Müharibədən sonra sülh təşəbbüsünün müəllifi də məhz Azərbaycan oldu. Bu gün Ermənistanla sülh prosesi irəliləməkdədir, iqtisadi-ticari əlaqələr həyata keçirilir, bu il yekun sülh sazişinin imzalanması gözlənilir. Azərbaycanın təcrübəsi bu gün də bütün dünya üçün böyük maraq doğurur. Tam qələbənin əldə edilməsi, ardınca sülhə nail olmaq, bu, bir nümunə yaradır. Dünyanın indiki həssas vaxtında, münaqişələrin davam etdiyi bir zamanda təbii ki, Azərbaycan təcrübəsi faydalı ola bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə bildirib ki, bu gün regionumuzda və dünyada bir çox qarşıdurmalar müharibə səviyyəsinə qalxır, müharibələrin sayı getdikcə artır: "Ancaq çox təəssüf ki, münaqişələr müharibə səviyyəsinə çatsa da, sonra müharibənin bitməsinə gətirib çıxaran nəticələr əldə edilmir. Artıq Azərbaycanın şimalında, Şərqi Avropada dörd ildən çoxdur ki, davam edən müharibənin sonu hələ də görünmür, coğrafi baxımdan qonşu olduğumuz Yaxın Şərq regionunda müharibələr başlayır, bitmir. Əksinə, müharibələr yeni müharibələr üçün yeni münaqişələrin əsasını yaradır. Bunların ən bariz nümunələrindən biri 40 gündür davam edən, hazırda isə kövrək atəşkəslə müşahidə olunan Yaxın Şərq müharibəsidir ki, münaqişələrin həlli ilə başa çatmalı olduğu düşünüldüyü halda, Hörmüz körfəzi adı altında başdı-başına yeni münaqişələr üçün əsas yarandı. Ancaq Azərbaycan bu kontekstdə 44 gün müharibə aparmaqla elə bir nəticəyə nail oldu ki, 100 illik münaqişəni həll edə bildi. Bundan sonra yeni müharibələrə səbəb ola biləcək heç bir münaqişənin yaranmasına imkan vermədi.  Azərbaycanın əldə etdiyi tarixi zəfərin və yaratdığı yeni reallığın əsas təqdir olunmalı tərəflərindən biri budur. Çünki Azərbaycan yüz illik münaqişəni birdəfəlik və 44 gündə həll etdi. Buna görə də mənə elə gəlir ki, məhz bu yeni reallıq sülh üçün imkanlar, şərtlər yaratdı. Hazırda bütövlükdə regionumuz bunun bəhrəsini görməkdədir. Önümüzdəki qısa müddətli mərhələdən sonra yəqin ki, Azərbaycanın yaratdığı yeni reallıq sayəsində Cənubi Qafqaz regionu uzunmüddətli sabitik və inkişaf mərhələsinə qədəm qoyacaq. Bu da Azərbaycan dövlətinin qətiyyəti, Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi sayəsində mümkün olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
266
525.az

1Sources