EN

EBRD-nin 5 milyard avroluq dəstək proqramında Azərbaycan da yer alıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər çəkmiş iqtisadiyyatlara, o cümlədən Azərbaycana dəstək olmaq üçün 5 milyard avro ayırmağı planlaşdırır.

"Far.Az" EBRD-yə istinadən xəbər verir ki, bank həm birbaşa müharibədən təsirlənən ölkələrə, həm də dolayı yolla iqtisadi nəticələrlə üzləşən dövlətlərə yönəlmiş xüsusi böhrana reaksiya proqramına start verib.

Qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, münaqişənin nəticələri artıq EBRD-nin fəaliyyət göstərdiyi bir sıra ölkələrdə özünü büruzə verir. Əsas amillər arasında ticarət zəncirlərindəki pozulmalar, enerji və xammal şokları, investisiya fəallığının azalması və əhali üçün xərclərin artması yer alır.

EBRD-dən qeyd edilib ki, təsirin gələcək miqyası yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.

Proqramın əsas diqqəti münaqişədən birbaşa təsirlənən ölkələrə - İraq, İordaniya, Livan, İordan çayının qərb sahili və Qəzza zolağına yönəldiləcək. Bununla yanaşı, böhranın dolayı yolla təsirinə məruz qalan dövlətlərin siyahısına Misir, Türkiyə, Ermənistan və Azərbaycan daxil edilib.

Qeyd olunub ki, investisiyaların həcmi sürətlə dəyişən şərait nəzərə alınmaqla, tələbdən asılı olacaq.

"EBRD həmçinin iqtisadi təhlükəsizlik riskləri və bununla müşayiət olunan makroiqtisadi nəticələrlə üzləşən, fəaliyyət göstərdiyi bütün ölkələrə dəstək göstərməyə hazırdır", - məlumatda bildirilib.

EBRD-in prezidenti Odil Reno-Basso vurğulayıb ki, bank kontrsiklik siyasətin həyata keçirilməsi üçün zəruri alətlərə malikdir.

"Artan qeyri-müəyyənlik fonunda başqalarının geri çəkilə biləcəyi yerlərdə fəallığımızı artırırıq, eyni zamanda dayanıqlı bank idarəçiliyi prinsiplərinə ciddi şəkildə riayət edirik. Bizim vəzifəmiz mürəkkəb dövrlərdə əməliyyat ölkələrində iqtisadiyyatı, biznesi və əhalini dəstəkləməkdir", - o bildirib.

EBRD-in yanaşması ikimərhələli modeli nəzərdə tutur. Birinci mərhələ operativ dəstəklə bağlıdır: iqtisadi fəallığın stimullaşdırılması, maliyyə sektorunun sabitləşdirilməsi və əsas xidmətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi. İkinci mərhələ dayanıqlı artım və zərər çəkmiş iqtisadiyyatların bərpası üçün bazanın formalaşdırılmasına yönəlib.

Yardımın əsas istiqamətlərinə enerji şirkətlərinə qısamüddətli likvidliyin verilməsi və şaxələndirilmiş dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi vasitəsilə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi daxildir. Həmçinin ilkin tələbat mallarının fasiləsiz tədarükünün təmin edilməsi və uzunmüddətli korporativ idarəetmə islahatlarının həyata keçirilməsi üçün dövlət müəssisələrinə dəstək nəzərdə tutulur.

Özəl sektorda bazarların volatilliyini aradan qaldırmaq üçün şirkətlərə dövriyyə kapitalının verilməsi prioritet olacaq, infrastruktur və logistika sahəsində isə əsas diqqət ticarət marşrutlarının inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və rəqəmsal həllərin tətbiqinə yönəldilir. İnsan kapitalının inkişafına - məşğulluğun qorunmasına, maliyyələşdirməyə və baza xidmətlərinə çıxışa, eləcə də əhalinin həssas qruplarının müdafiəsinə xüsusi diqqət yetirilir.

EBRD-in investisiya tədbirləri hökumətlər və kiçik biznes üçün fəal siyasi dialoq, texniki yardım və məsləhət dəstəyi ilə müşayiət olunacaq. Bank regionda toplanmış iş təcrübəsinə əsaslanaraq, əlavə resursların cəlb edilməsi üçün öz fəaliyyətini donorlar və beynəlxalq maliyyə institutları ilə əlaqələndirmək niyyətindədir.

Xatırladaq ki, EBRD 2012-ci ildən bəri Cənubi və Şərqi Aralıq dənizi ölkələrində 489 layihəyə 26,5 milyard avrodan çox investisiya yatırıb.

Chosen
16
far.az

1Sources