EN

Qızı Emin Sabitoğlunun ən böyük sirrini ilk dəfə açıqladı Rektorla MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın tanınmış bəstəkarı Emin Sabitoğlunun qızı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Modern.az saytına geniş müsahibə verib. Ceyran Mahmudova ilə söhbətimizdə ailə köklərindən başlayaraq, görkəmli bəstəkar Emin Sabitoğlunun yaradıcılığı, onun musiqi dünyası və şəxsi xüsusiyyətləri, həmçinin müasir dövrdə mədəniyyət və incəsənət sahəsinin problemləri ətrafında söhbətləşdik. Müsahibə zamanı Ceyran Mahmudovanın rektor fəaliyyəti, təhsil sistemində həyata keçirilən yeniliklər, tələbələrin üzləşdiyi çətinliklər və süni intellektin incəsənətə təsiri kimi aktual mövzulara da toxunduq.-    Ceyran xanım, Emin Sabitoğlunun nənəsi, yəni sizin ulu nənəniz Əfşan xanım İrəvan xan nəslinin nümayəndələrindən olub. Nəslinizin bu qədər dərin köklərə bağlı olması ilə bağlı fikirləriniz maraqlıdır. Siz nənənizi necə xatırlayırsınız?

-    Bəli, mənim nənəm İrəvan xanının nəslinin nümayəndəsidir. Onun qızlıq soyadı İrəvanski olub. Bəy nəslinin nümayəndəsi olan Mahmud bəy Məmmədbəyovla ailə həyatı qurduqdan sonra soyadı dəyişib Məmmədbəyova olub. Amma mənim üçün o sadəcə bizim böyük nənəmiz idi. O vəfat eləyəndə mənim artıq 18-19 yaşım var idi. Biz onu böyük nənə kimi, uşaqlıqdan bizə diqqət, nəvaziş göstərən, hər zaman yanımızda olan ailənin bir böyüyü kimi qəbul edirdik.

Mənim üçün nənəmin İrəvan xanın nəslindən gəlməyində heç bir xüsusilik yox idi. Çünki o dövr Sovet dönəmi idi. O dövrdə xanlardan, bəylərdən danışmaq dəb deyildi. Əslində, biz bunu heç vurğulamırdıq da. Ona görə yox ki, qorxurduq. 80-ci illərdə artıq o qorxu yox idi və bu barədə danışmaq daha sərbəst idi. Amma o, xan nəslinin nümayəndəsi olmasaydı da, mən onu eyni dərəcədə sevəcəkdim. Çünki insan gözünü açanda əgər yaxşı nənə-babası varsa, o onu elə əsl nənə-baba kimi qavrayır və yaxud valideyni bəstəkar, yazıçı və yaxud rəssam olan övlad onu valideyn kimi qəbul edir, məşhur şəxs kimi yox. Ona görə də mənim üçün, əlbəttə, böyük nənəm ən yaxşı nənələrdən biri idi. O, xan nəslinin nümayəndəsi olmağına baxmayaraq, çox sadə bir insan idi və heç vaxt özünü yuxarı yerlərdə oturmalı olan bir insan kimi qələmə vermirdi. 

-    Bildirdiniz ki, 18-19 yaşınız var idi. Yəqin ki, nənənizin sizinlə, ailənizlə bölüşdüyü xatirələr də yadınızdadır. Onların bəzilərini bizə də danışa bilərsiniz?

-    O öz həyatından danışır, xatirələrini bölüşürdü. İrəvandakı evlərindən, faytonla yaylağa getməklərindən, bütün yayı Dərəçiçək mahalında olan bağ evlərindən keçirməklərindən danışırdı. Böyük nənəm ailə qurandan sonra- 1918-ci ildə Bakıya köçmüşdü. Çünki ulu babam Mahmud bəy Peterburqda təhsil almış Azərbaycanın ilk dəmiryolu mühəndisi idi. Onun işi dəmiryolu ilə bağlı olduğuna görə onlar Bakıya köçərək burada yaşayıblar. Təəssüf ki, ulu babam tez vəfat edib və böyük nənəm 35 yaşında üç övladı ilə dul qalıb. 

-    Nənəniz də hələ o dövrdə təhsil almışdı...

-    O, hələ ailə qurmazdan əvvəl bacısı ilə birlikdə Tağıyevin qızlar məktəbində oxuyub. Orada iki il təhsil alıb. Nənəm danışardı ki, Qurban bayramında, Ramazan bayramında şagirdləri sıra ilə düzərmişlər, Hacı Zeynalabdin Tağıyev onların hər birinə Nikolayın qızıl onluq sikkələrini bayram münasibətilə hədiyyə edirmiş. Mən o vaxt bu bayramların mahiyyətinə çox da varmırdım, çünki pioner-komsomol olmuş bir uşaq idim. Nənəm mənə demişdi ki, bizim İrəvandakı evimizi dağıdıblar. Onun ata evi 70-ci illərdə və 80-ci illərin əvvəlində artıq dağıdılmışdı. Demək olar ki, 1918-ci ildən sonra nənəmin bütün ailəsi köçüb Bakıya gəlmişdi.-    Nənənizin kitablarını, xanlığa aid sənədləri görmüşdünüz?-    Nənəm ümumiyyətlə onda olan bütün sənədləri aparıb Dövlət Arxivinə təhvil vermişdi. Məsələn, bu günlərdə bizim universitetdə kafedra müdiri olan, Qərbi Azərbaycan icmasının fəallarından biri, İrəvan icmasının rəhbəri Fəridə xanım Səfiyeva Qərbi Azərbaycana həsr etdiyi növbəti kitabı üzərində işləyir və həm birinci, həm də ikinci kitabında bizim ailə şəcərəmiz haqqında məlumatlar yer alıb. O, arxivə gedərək böyük nənəmin vaxtilə bizim ailə ilə bağlı təhvil verdiyi materialları tapıb. Nənəm o vaxt anasına, yəni böyük nənəmə deyirdi ki, arxivləri ailədə saxlasınlar, amma böyük nənəm onları dövlətə etibar etdi.  

-    Atanız Emin Sabitoğlu Azərbaycan mədəniyəti üçün xüsusi simalardan biri olub. O, 600-ə yaxın mahnıya, 40-a yaxın filmə musiqi bəstələyib. Bəziləri bildirir ki, atanız xaraktercə çox danışan biri olmayıb, onun yerinə həmişə musiqilər danışıb. Sizcə, Emin Sabitoğlunun hansı əsərində onun daxili dünyası daha aydın hiss olunur?

-    Mən elə düşünmürəm. Onun çoxlu sayda dostları var idi. O, çox ünsiyyətçil insan idi. Mən onu qapalı insan hesab etmirəm. Atam insanlara qarşı açıq idi. Qapalı o insandır ki, o, heç kimlə ünsiyyətdə olmaq istəmir, öz fikirlərini başqaları ilə bölüşmür. Mənim atam qətiyyən elə olmayıb. O, həmişə dostlarının, tanışların əhatəsində olub. Çoxlu sayda müğənnilərlə, şairlərlə işləyib və mənə elə gəlir ki, ümumiyyətlə, hər bir yaradıcı insanı başa düşmək üçün onun əsərlərinə baxmaq, oxumaq, dinləmək lazımdır. Atamın isə musiqisi çox fərqli idi. 

Bizim hər birimizin bir neçə tərəfi var - qəmli, şən. İnsan çox qəliz məxluqdur. Atam da bütün yaradıcı insanlar kimi qəliz insan idi. Onun qəmli musiqisinə qulaq asanda siz düşünürsünüz ki, bu insan necə qəmli idi. Məsələn, "Uzaq yaşıl ada", "Alagözlüm” mahnılarına qulaq asanda qəmli insan təsiri bağışlayırsa, başqa şən ruhlu mahnılarına qulaq asanda siz fikirləşirsiniz ki, bu adam necə şən, necə nikbin olub ki, belə mahnılar yazıb. 

Konkret hansısa musiqi əsəri haqqında danışsaydıq, onu mənim aləmimdə xarakterizə edən musiqisi “Bizim Cəbiş müəllim” filminə yazdığı vals olardı. Mən belə hiss edirəm. Bəlkə də bu düzgün deyil. Bəlkə də özündən soruşsaydınız, o, başqa bir fərqli cavab verə bilərdi.

-    Emin Sabitoğlu özünün “Şah əsəri” adlandırdığı bəstə olubmu, eyni zamanda siz həm musiqiçi, həm də onun qızı kimi onun hansı əsərini ən yaxşı adlandırardınız?

-    Yəqin ki, iki əsərini xüsusi qeyd etmək olar. Bunlardan biri “Dədə Qorqud” filmindəki, digəri isə “Gün keçdi” filmindəki musiqiləridir. Hər iki əsər həm mahnıları, həm də musiqi parçaları ilə birlikdə onun yaradıcılığında ən seçilən nümunələrdəndir.

-    Emin Sabitoğlunu Azərbaycanın Ennio Morrikonesi adlandırmaq olar. Çünki bəstəkar var ki, hansısa sözə musiqi bəstələyir, bəstəkar da var ki, 1 saat yarım, 2 saatlıq filmi bir musiqidə özünü birləşdirir. Məsələn Ennio “Yaxşı, pis, çirkin” və Emin Sabitoğlu “Ölsəm, bağışla”, “Park” filmlərini bir musiqi ilə ifadə edə biliblər. Sizcə, onun bu fərqli yanaşmasını və üslubunun əsas xüsusiyyətlərini necə izah etmək olar?

-    Kinoya böyük marağı olub. Çünki bu qədər filmə musiqi yazmaq üçün, təbii ki, kinoya maraq olmalıdır. Əgər marağı olmasaydı, bu sahədə çalışmazdı. Hər bəstəkar kino sahəsində işləyə bilmir. İkincisi, mənim atam Moskva Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirib və ilk iş yeri Azərbaycan Dövlət Kinostudiyasında musiqi redaktoru olub. Mən düşünürəm ki, kinoya olan marağı müəyyən mənada elə iş fəaliyyətindən də yaranıb. Amma bu maraq eyni zamanda genetikdir, çünki babam Sabit Rəhman vaxtilə Moskvada ali ssenari kurslarını bitirmişdi. O, təkcə yazıçı-dramaturq deyildi, həm də bir sıra filmlərin ssenari müəllifi olmuşdu. O cümlədən, 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin ssenari müəllifi də Sabit Rəhman idi. Buna görə də kinematoqrafiyaya olan maraq həm genetik olaraq keçib, həm də sonradan ilk iş yerinin kinostudiya olması ilə daha da formalaşıb. O, fəaliyyətinə sənədli və mənzərə filmlərinə musiqi yazmaqla başlayıb, getdikcə isə böyük kinoya, tammetrajlı filmlərə keçib.

-    Zümrüd Dadaşzadə xatirələrində yazır ki, bir gün Emin Sabitoğlu onlarda olanda anası Frensis Leyin musiqi valını dinləyir və sonra fikirləşərək deyir: “Belə musiqi yaza bilsəydim, özümü xoşbəxt adam hesab edərdim”. Həmçinin o, “Xaç atası” filminin musiqisini bəstələyən Nino Rotanı çox sevib. Bəs Emin Sabitoğlu Azərbaycan bəstəkarlarından, müasirlərindən kimi özünə kumir hesab edib?

-    Atam bütün Azərbaycan bəstəkarlarının yaradıcılığını çox sevirdi. Kumir hamı üçün Üzeyir bəy olub. Kumir və ulduz söhbəti sonradan yaranan söhbətlərdir. Atamın yaşadığı və onun yaradıcılığının inkişaf etdiyi dövrdə bu cür söhbətlər olmayıb. Şövkət Ələkbərova sağ olanda ona heç kim ulduz və səhnəmizin kraliçası demirdi. Sadəcə Şövkət Ələkbərovaydı və sevilir, tanınırdı. Rəşid Behbudova o dövrdə ulduz deyən yox idi. Amma o, sözün əsl mənasında bir ulduz olub.

Ona görə o dövr başqadır. Təbii ki, Üzeyir bəy atamın ən çox sevdiyi bəstəkarlardan biri idi. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, eləcə də o dövrdə yaşayan bir çox bəstəkarlar atamın sevdiyi bəstəkarlar olublar. O, digər bəstəkarların yaradıcılığını da çox yaxşı bilirdi, ifa edirdi və tanıyırdı. Onun marağı təkcə öz yaradıcılığı, yalnız musiqi deyildi. Uşaqlıqdan bəri çox mütaliə edib. O, 40 yaşına çatanda artıq bütün klassik ədəbiyyatı oxuyub qurtarmışdı. Müasir ədəbiyyat- o dövrdə çıxan, dərc olunan bütün kitabları oxuyurdu. -    Atanızın ən yaxın dostları Anar, Vaqif Səmədoğlu, Araz Dadaşzadə olub. Bəs onun yola getmədiyi sənət adamları var idi?

-    Bir də Rasim Ocaqov ən yaxın dostlarından biri idi. Yola getmədiyi şəxslərə gəldikdə isə, atamın heç kimlə düşmənçiliyi olmayıb. Ümumiyyətlə, o, konfliktləri sevməyən insan idi. Heç kimi özünə rəqib görmürdü. Heç kimlə mübahisə və dava etmirdi. Heç kimlə işi yox idi. Heç bir vəzifə tutmaq iddiasında deyildi. Öz yaradıcılığının axınında yaşayırdı. 

-    “Park”, “Təhminə”, “Qətldən yeddi gün sonra”, “Ölsəm, bağışla” kimi filmlərdə nakam sevgi mövzusu Emin Sabitoğlunun musiqiləri ilə çox təsirli şəkildə ifadə olunub. Bu əsərlərin emosional yükü kifayət qədər güclüdür. Sizcə, bu filmlərin enerjisi və mövzuları onun daxili dünyasına, alt şüuruna müəyyən təsir göstərirdimi? Ümumiyyətlə, yaradıcılıqla şəxsi həyat arasında belə bir qarşılıqlı təsir mümkündürmü? 

-    Bilirsiniz, bu əlaqə birbaşa deyil. İnsan elə düşünür ki, kiminsə həyatında nakam eşq olubsa, o, mütləq nakam eşqdən əsər bəstələyəcək, tablo çəkəcək və ya şeir yazacaq. Bu, yaradıcılığı primitivləşdirməkdir. Məsələn, atamın həyatında ilk kədərli hadisə onun öz atasının vəfatı idi. Babam vəfat edəndə onun 60 yaşı var idi. Atamın isə 34 yaşı olardı. Amma ondan bir il əvvəl, 1969-cu ildə “Bizim Cəbiş müəllim" filmi üçün çox qəmli mahnı yazmışdı. 

-    Emin Sabitoğlunun öz səsində daha çox “Aman ayrılıq” və “Gəl qoşulaq durnalara” kimi mahnıları eşitmişik və bu ifalarda çox dərin bir səmimiyyət, kədər, hətta bir növ “heyif” hissi duyulur. Sanki bu mahnıların belə təsirli alınması üçün ayrılıq kimi yaşantılar zəruri olub. Siz necə düşünürsünüz, Emin Sabitoğlu həyatında kədər çox olub?

-    O, dost məclislərində, haradasa fortepiano olan kimi arxasına keçib özü ifa edirdi. Amma heç vaxt özünü ifaçı hesab etməyib. Bizdə həm bəstəkar, həm də ifaçı olan sənətkarlar var, məsələn, Polad Bülbüloğlu — həm gözəl bəstəkardır, həm də mahnılarının ən yaxşı ifaçılarındandır. Mən də onun mahnılarını ən çox öz ifasında bəyənirəm. Atam isə ifaçılıq iddiasında olmayıb. Məsələn, “Gəl qoşulaq durnalara” mahnısı onun həyatının son illərində, Türkiyədə yaşadığı dövrdə yazılıb. Sözləri Anara aiddir, musiqisini atam bəstələyib və bu mahnı ümumiyyətlə geniş yayım üçün nəzərdə tutulmayıb. O dövrdə indiki kimi sosial şəbəkələr də yox idi. Bununla belə, onun bəzi ifaları Azərbaycan Dövlət Televiziyasında çəkilib. Şairlərə həsr olunan verilişlərdə, onun həmin şairlərin sözlərinə yazdığı mahnıları özünün ifa etməsi xahiş olunub. O da müğənni kimi yox, sadəcə müəllif kimi öz mahnılarını ifa edib. Bu videolar AzTV arxivində saxlanılır və hazırda YouTube-da da mövcuddur.

Bayaq da qeyd etdim ki, “Gəl, qoşulaq durnalara” mahnısını ömrünün son illərində, Türkiyədə ifa edib. Vətəndən kənarda yaşayan insanlarda tez-tez nostalji hissi olur. Atam Türkiyədə işlədiyi illərdə İstanbul Texniki Universitetində fəaliyyət göstərib. Universitetin nəzdində Xalq Musiqisi Konservatoriyası var idi və o, 1994–2000-ci illərdə, ömrünün sonuna qədər altı il orada çalışıb. Atama qarşı böyük hörmət və qayğı göstərilirdi, onun ayrıca iş otağı vardı. Hətta vəfatından 10–15 il sonra belə, həmin otağın üzərində adı yazılan lövhə qalırdı. O, orada çoxlu tələbə yetişdirib və bu gün həmin tələbələrdən bəziləri elə həmin universitetdə dərs deyirlər. Türkiyə bizim üçün həmişə çox doğma ölkə olub. Amma Bakı üçün çox darıxırdı. Anası, biz burada idik. 

-    Ceyran xanım, qeyd etdiniz ki, Emin Sabitoğlunun yaşadığı dövrdə “YouTube” kimi platformalar yox idi və bu gün həmin musiqilər açıq şəkildə yayımlanır. Bununla bağlı hər hansı hüquqi problem yaşamısınızmı? 

-    Emin müəllimin əsərlərinin iki hüquqi varisi var. Onlardan biri mənəm, digəri isə onun ikinci həyat yoldaşı Xədicə Abbasovadır. Bu hüquqlar hazırda bizim ikimizə məxsusdur. “YouTube” ilə bağlı xüsusi hüquqi qeydiyyat işləri ilə məşğul olmamışam. Açığı, buna vaxt da ayıra bilməmişəm. Hələlik bu məsələlərlə məşğul olmasam da, gələcəkdə belə bir ehtimal istisna deyil.

-    Yerigəlmişkən, Emin müəllimin ikinci həyat yoldaşı Xədicə xanımla hər hansı münasibətiniz olubmu və əgər olubsa, indi də qalırmı?  

-    Bizim normal, insani münasibətlərimiz var. Bir-birimizi görəndə “salam-sağ ol” deyirik. Bu qədər. Nəzərə almaq lazımdır ki, o, Türkiyədə yaşayır, mən isə burada.

-    Emin Sabitoğlunun 1 simfoniyası, 3 simfonik poeması və 3 kantatası var, amma bu əsərləri, demək olar ki, açıq platformalarda yoxdur. Onların geniş auditoriyaya çatdırılması üçün hansısa işlər görməyi planlaşdırırsınızmı?

-    O simfoniya atamın 80 illik yubileyində Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestrinin ifasında və Rauf Abdullayevin dirijorluğu ilə səslənib. Skripka və orkestr üçün poeması da səsləndirilmişdi. Bu əsərlər onda Bakıda ikinci dəfə səslənirdi. İlk dəfə isə illər əvvəl təqdim olunmuşdu. Onlar Azərbaycan Dövlət Televiziyasının fondundadır. Onların geniş auditoriyaya çatdırılması üçün işlərlə məşğul olmamışam. Açığı, buna vaxt da ayıra bilməmişəm. Konkret olaraq bu sahə ilə məşğul olmağa imkanım olmayıb. Hələlik bu istiqamətdə addım atmamışam, amma gələcəkdə məşğul ola bilərəm.

-    Sizin üçün Emin Sabitoğlunun qızı kimi təqdim olunmaq, yoxsa Ceyran Mahmudova kimi yadda qalmaq önəmlidir?

-    Artıq bir müddətdir ki,  rəsmi vəzifələrimi icra edirəm. Təbii ki, heç vaxt unutmuram ki, mənim atam, anam kim olub. Amma eyni zamanda yerinə yetirməli olduğum rəsmi öhdəliklər var. Daxildə bir şəxsiyyət kimi, əlbəttə, öz ailəmə qarşı məsuliyyət daşıyıram. Amma rəsmi şəxs kimi 2018-ci ildən universitet rəhbəriyəm. Bu isə mənim üçün heç bir ziddiyyət yaratmır. Hər ikisi bir-birini tamamlayır.

-    O zaman fəaliyyətinizə keçək. Səkkiz ildir ki, Mədəniyyət və İncəsənət Universitetinin rektorusunuz və bu zaman istər islahat baxımından, istərsə də ümumi mənzərəni dəyərləndirmək baxımından kifayət qədər böyük zamandır. Bu illər ərzində universitetdə nələri dəyişdirminisiz?

-    Mən universitetə rektor təyin olunmamışdan əvvəl bir il musiqi fakültəsinin dekanı işləmişəm. Artıq dekan olduğum dövrdə universitet öz tarixində yeni bir mərhələyə qədəm qoymuşdu. Məndən əvvəlki rektor universitetdə mühitin dəyişməsi və yenilənməsi istiqamətində çox faydalı işlər görmüşdü. Mən də 2018-ci ildə cənab Prezident tərəfindən rektor təyin olunandan sonra bu işləri davam etdirmək və daha da inkişaf etdirmək vəzifəsi ilə qarşılaşdım.Nə dərəcədə uğurlu alınıb, bunu demək mənim üçün çətindir, qoy bunu başqaları qiymətləndirsin. Amma biz çalışmışıq ki, universitetdə şəffaf, ədalətli və yaradıcı mühit formalaşsın. Mən rektor kimi tələbələr üçün əlçatan olmağa xüsusi önəm verirəm. Onlarla tez-tez görüşürəm. Demək olar ki, hər il və ya iki ildən bir universitetin bütün qruplarının sinif nümayəndələri ilə fakültə-fakültə görüşlər keçirirəm. Bu görüşlərdə yalnız mən və köməkçim iştirak edirik, – prorektorlar, dekanlar olmur ki, tələbələr heç kimdən çəkinmədən öz fikirlərini, problemlərini açıq şəkildə ifadə edə bilsinlər.Bu görüşlərdə tələbələr müxtəlif məsələlərlə bağlı şikayətlərini və ya təkliflərini bölüşürlər və mən bu birbaşa ünsiyyəti çox faydalı hesab edirəm. Bundan əlavə, artıq beş ilə yaxındır ki, “Rektora məktub” adlı xüsusi e-mail ünvanım var. Bu e-maili şəxsən mən yoxlayıram. Ünvanı sosial şəbəkələrdə paylaşmışıq və tələbələrə, xüsusilə sinif nümayəndələrinə təqdim olunub. İstənilən tələbə istənilən müraciətlə bağlı ora yaza bilər.

Bir məsələni də xüsusilə qeyd edim ki, tələbələrdən daxil olan müraciətlərdə onların məxfiliyi tam qorunur. Mən heç vaxt konkret ad çəkmirəm. Məsələ ilə bağlı yalnız kurs və ya qrup səviyyəsində məlumat verirəm. Beləliklə, araşdırma aparılarkən müraciət edən tələbənin kimliyi açıqlanmır və onun təhlükəsizliyi təmin olunur. Bu yalnız mənim etdiyim xüsusi bir yenilik deyil. Bizim hər həftə qəbul günlərimiz olur. Həm tələbələr, həm valideynlər, həm də kənardan müraciət edən şəxslər qəbula yazılır və mən onları qəbul edirəm. Kiminsə sualı, problemi, şikayəti və ya xahişi varsa, dinləyirik və imkan daxilində həll etməyə çalışırıq. Bu, əks əlaqənin qurulması baxımından çox vacibdir.-    Mədəniyyət sahəsi kifayət qədər spesifikdir. Belə olan halda Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri ilə mədəniyyət və incəsənət sahəsində hansısa əməkdaşlıqlarınız olurmu?

-    Əlbəttə var, biz daim bir-birimizin tədbirlərində iştirak edirik, birgə layihələrimiz, sərgilərimiz olur. Artıq bir neçə ildir ki, “Pillə” tələbə tamaşaları festivalı keçirilir və bu il dördüncü dəfə təşkil olunacaq. Festival Teatr sənəti fakültəsinin aktyor tələbələri arasında keçirilir. Hər il təxminən 60 tələbə qəbul olunur, lakin birinci kurslar bu festivala cəlb edilmir. Əsasən üçüncü və dördüncü kurs tələbələri iştirak edir və ümumilikdə 100-dən çox tələbə öz tamaşalarını təqdim edir.

Seçilən tamaşalar festival çərçivəsində nümayiş olunur. Bu seçimdə mənim heç bir iştirakım yoxdur, mən münsiflər heyətində olmuram, qiymətləndirmə aparmıram, sadəcə mükafatlandırma mərhələsində iştirak edirəm. Açılış və bağlanış mərasimlərində iştirak edirəm. Bu isə tələbələr üçün güclü yaradıcı mühit yaradır, onlar bir-birilə rəqabət aparır, bir-birinin işinə baxır və bu da onlar üçün ciddi stimul olur.

Artıq bir neçə ildir ki, universitet daxilində tələbələr arasında belə bir maraq yaranıb: “Bu il festivala kimin tamaşası keçəcək?” Son iki ildə isə festivalın miqyası daha da genişlənib. Keçən il bütün Azərbaycan ali təhsil müəssisələrinə müraciət etdik və 10 universitet festivalda iştirak etdi. Bakı Dövlət Universiteti, Pedaqoji Universitet, Dillər Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və digər ali məktəblər qatıldı. Onlar bizim tələbələrlə yarışmırlar, çünki bizim tələbələr peşəkar aktyor hazırlığı keçirlər. O universitetlər öz aralarında yarışırlar. Məsələn, ötən il birinci yeri Bakı Dövlət Universitetinin tamaşası qazandı. Qaliblər mükafatlandırıldı və rektorlar da bağlanış mərasiminə dəvət olunmuşdu. Bu il də festival keçiriləcək. Azərbaycan teatrının bu günü və gələcəyi ilə bağlı bədbin fikirlər səsləndirənləri dəvət edirik ki, gəlib tələbə tamaşalarına baxsınlar. Çünki bizim tələbələr çox yüksək səviyyəli işlər ortaya qoyurlar. Son dörd ildə 44 məzunumuz Azərbaycan dövlət teatrlarında işə qəbul olunub ki, bu da universitet üçün böyük uğurdur.

-    Ümumiyyətlə tələbələrdən razısınızmı? 

-    Bizim çox güclü yaradıcı gənclərimiz var. Kino sahəsində də məzunlarımız uğur qazanır, onların filmləri təkcə Azərbaycanda deyil, xaricdə də nümayiş olunur və festivallarda mükafatlar qazanır. Universitet məzunları xarici ölkələrdə magistr təhsili alır. ABŞ-də və Avropanın müxtəlif ölkələrində təhsilini davam etdirən aktyorlarımız, rejissorlarımız, operatorlarımız var. Bu da onu göstərir ki, universitetdə yüksək səviyyəli təhsil verilir və biz güclü yeni nəsil yetişdiririk.

-    Qeyd etdiniz ki, tələbələr birbaşa sizə şikayət edə bilirlər. Bu şikayətləri bir neçə yerə qruplaşdırsaq hansı nəticələrə gələ bilərik?

-    Tələbələrin əsas şikayətlərindən biri auditoriya çatışmazlığı ilə bağlıdır. Bu, heç kim üçün sirr deyil, həm nazirlik, həm də rəhbərlik bu vəziyyətdən xəbərdardır. Hazırda istifadə etdiyimiz bina vaxtilə Energetika Texnikumu olub və sonradan universitet burada yerləşdirilib. Əvvəllər Sahil metrosu yaxınlığında yerləşən binamız da var idi. Hazırda üç korpusumuz fəaliyyət göstərir: əsas bina, həyətdə yerləşən Rəssamlıq korpusu və Zərdabi prospektində yerləşən üçüncü bina. Buna baxmayaraq, auditoriyaların çatışmazlığı qalır və bu, tələbələr üçün müəyyən çətinlik yaradır. Elə buna görə də qəbul planımız illərdir artırılmır, universitetin tutumu məhduddur. Halbuki müraciət edənlərin sayı daha çoxdur və imkan olsa, daha çox tələbə qəbul edə bilərik.

Digər məsələlər isə daha çox akademik və sosial xarakterlidir. Məsələn, imtahandan kəsilmə halları olur ki, bu artıq normal qəbul edilir. Tələbələr Bolonya sisteminə uyğunlaşaraq bilirlər ki, kəsiri sonradan bağlamaq mümkündür və bu, təhsili davam etdirməyə mane olmur.

Maliyyə ilə bağlı çətinliklər də olur. Bu zaman tələbələrə dəstək göstərməyə çalışırıq. Dövlət sifarişli yerlərin sayı artırılır, eyni zamanda tələbə təhsil krediti sistemi fəaliyyət göstərir və aşağı faizlə böyük imkan yaradır. Zərurət olduqda universitet daxilində də fərdi güzəştlər tətbiq olunur, tələbələrə ödənişlərini müəyyən müddət sonra tamamlamaq imkanı verilir. İmkan daxilində tələbələrə həm akademik, həm də sosial baxımdan dəstək olmağa çalışırıq.

-    Biz “Məzunların Məşğulluq reytinqinə” baxdıqda ADMİU məzunlarının 57 faizinin iş tapdığını, lakin onların əksəriyyətinin öz sahələrində çalışmadıqlarını görürük. Sizcə, bu cür halların qarşısını almaq üçün universitetin üzərinə hansı öhdəliklər düşür və bu baxımdan sizin rektor olduğunuz universitet hansı işləri görür?

-    Universitet işlə təmin edən qurum deyil, təhsil müəssisəsidir və bizim əsas vəzifəmiz təhsil verməkdir. Bəzən deyirlər ki, gənclər, aktyorlar işsizdir–universitet hara baxır? Universitetin funksiyası peşəkar kadr yetişdirməkdir.

1923-cü ildən fəaliyyət göstərən, əvvəl Bakı Teatr Məktəbi kimi başlayan, sonra institut və daha sonra universitetə çevrilən bu təhsil ocağında heç vaxt elə bir hal olmayıb ki, bir kursun bütün məzunları uğurlu aktyor olsun. Hər hansı xalq artistindən və ya əməkdar artistdən soruşsanız, deyəcək ki, kurslarında cəmi bir neçə nəfər seçilib, digərləri yox. Bu, sənətin öz təbiəti ilə bağlıdır. Bəli, məzunlarımız arasında çox istedadlı gənclər var və onların öz yerlərini tapa bilməməsi məni də narahat edir. Amma nəzərə almaq lazımdır ki, dövlət teatrlarının sayı məhduddur və orada müxtəlif nəsillərin nümayəndələri fəaliyyət göstərir. Aktyor isə səhnədə olmalı və ya çəkilməlidir.Biz çalışırıq ki, tələbələrimizin imkanlarını genişləndirək. Məsələn, “Sabah” qruplarının tamaşalarına müxtəlif teatrların rəhbərlərini və prodüserləri dəvət edirik. Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr, Rus Dram Teatrı kimi qurumların nümayəndələri bu tədbirlərdə iştirak edirlər. Eyni yanaşmanı “Pillə” festivalında da tətbiq edirik. Bunu ona görə edirik ki, aktyoru işə götürən məhz teatr rəhbərləridir. Universitet heç bir teatra diktə edə bilməz ki, bu məzunu işə götür. Bu, bizim səlahiyyətimizə daxil deyil. Bizim üzərimizə düşən vəzifə yaxşı təhsil vermək və istedadlı kadr yetişdirməkdir. Məsələn, bu il “Sabah” qruplarında çox güclü məzunlarımız var, təxminən 10–12 nəfərlik çox yaxşı kurs buraxılır. Amma onların sonrakı iş həyatı artıq bizim təsir dairəmizdən kənardadır.-    Dövlət teatrlarının sayı məhdud olduğu halda hər il bu qədər aktyorun məzun olmasına ehtiyac varmı? Sizcə, ADMİU-da boş yerlərin sayı azaldılmalıdırmı?

-    Bizim universitetdə qəbul planı demək olar ki, tam dolur, təxminən 94 faiz. Yəni bizdə boş qalan yer problemi yoxdur. Əksinə, böyük rəqabət var. Məsələn, mən rektor təyin olunanda 60 yerə təxminən 65-66 nəfər müraciət edirdisə, artıq keçən il 60 yerə 300-ə yaxın müraciət olmuşdu. Hətta ötən il qəbul planını 50 yerə endirmişdik, buna baxmayaraq maraq yenə də çox yüksək idi.

-    Bu mədəniyyət sahələrinə olan maraqdan irəli gəlir, yoxsa keçid ballarının daha az olmasından?

-    Bizim universitetdə qəbul üçün qabiliyyət imtahanı əsas şərtlərdən biridir. Məsələn, uzun illər aktyor sənəti üzrə qabiliyyət imtahanlarına xalq artisti Şəfiqə xanım Məmmədova rəhbərlik edib. O, universitetin müəllimi deyil, kənardan dəvət olunur və bu sahədə çox nüfuzlu sənətkardır. Qəbul balı nə qədər olmasından aslı olmayaraq, əgər abituriyentin sənətə, teatra, aktyorluğa istedadı yoxdursa, o bu imtahandan keçə bilməz. İstər 500 balla gəlsin, fərqi yoxdur. Bu, sırf qabiliyyət məsələsidir. Eyni hal digər ixtisaslara da aiddir. Səsi olmayan biri vokal imtahanından necə keçə bilər? Musiqi alətində ifa edə bilməyən necə uğur qazana bilər? Bu mümkün deyil. Ona görə də bizim universitetdə qabiliyyət imtahanları çox vacib və həlledici mərhələdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu imtahanlara mənim heç bir müdaxiləm yoxdur. Mən komissiyanın üzvü deyiləm və prosesə qarışmıram. Komissiya üzvləri qiymətləndirməni tam müstəqil şəkildə aparır. Bu illər ərzində bir dəfə də olmayıb ki, hər hansı abituriyentlə bağlı tapşırıq verilsin. Bunu tam məsuliyyətlə deyirəm, qabiliyyət imtahanlarında heç bir kənar təsir və ya göstəriş yoxdur. 

-    Ceyran xanım, hazırda müzakirə olunan əsas məsələlərdən biri də süni intellektin müxtəlif sahələrə təsiri ilə bağlıdır. Bu baxımdan yaradıca sahələr xüsusilə diqqəti çəkir. Süni intellektin mədəniyyət və incəsənət sahələrinə mənfi təsirini aradan qaldırmaq üçün universitet olaraq nələr etməyi planlaşdırırsınız?

-    Artıq bu sahədə işlər görməyə başlamışıq. Keçən il “Süni intellekt və incəsənət” adlı beynəlxalq konfrans keçirdik. Tədbir Elmlər Akademiyasının kitabxanasında baş tutdu və beş ölkənin nümayəndələri iştirak etdi. Konfransı Azərbaycan Texniki Universitet və Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu ilə birgə təşkil etdik. Qeyd edim ki, layihənin təşəbbüskarlarından biri də mən idim.

Bu istiqamətdə fəaliyyətimiz bununla məhdudlaşmır. Ondan əvvəl akademik Rasim Əliquliyevi universitetimizə dəvət etmişdik. O, Elmi Şura üzvləri ilə görüş keçirərək süni intellektin incəsənətə təsiri, yaratdığı imkanlar və mümkün risklər barədə geniş müzakirə apardı.Daha sonra Rasim müəllimin dəvəti ilə biz İnformasiya Texnologiyaları İnstitutuna getdik və orada birgə Elmi Şura iclası keçirdik. Bu iclas rəsmi şəkildə protokollaşdırılıb və sənədlər imzalanıb. Artıq iki ildir ki, universitetimizdə “Süni intellekt və incəsənət” fənni də tədris olunur. Bu səbəbdən, süni intellekt mövzusu bizim üçün yeni deyil. Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi mütəmadi olaraq süni intellekt vasitəsilə hazırlanmış müxtəlif materiallar, çarxlar, videolar, bayram təbrikləri paylaşır. Həmin şöbənin əməkdaşları süni intellektlə bağlı yerli və beynəlxalq kurslara qatılır, biliklərini təkmilləşdirirlər. Yəni bu texnologiya artıq gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilib. Mən bu istiqaməti çox vacib hesab edirəm və cənab Prezidentin süni intellektlə bağlı verdiyi tapşırıqları da yüksək qiymətləndirirəm. Bu sahənin dövlət səviyyəsində prioritetə çevrilməsi bizə əlavə imkanlar yaradır. Süni intellekt və incəsənətin qarşılıqlı əlaqəsi isə, məncə, ən aktual və maraqlı mövzulardan biridir.-    Universitetlərin müxtəlif rayonlara köçürülməsi də zaman-zaman müzakirə edilir. Bu baxımdan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin paytaxtdan köçürülməsi məsələsinə sizin münasibətiniz necə olardı?

-    Bizim universitetdə təxminən 2500 tələbə təhsil alır və bu göstəriciyə görə ölkədə ən azsaylı ali təhsil müəssisələrindən biriyik. Eyni zamanda müəllim heyətimizin əhəmiyyətli hissəsi paralel olaraq teatrda, televiziyada, muzeylərdə, mediada fəaliyyət göstərir. Xalq və əməkdar artistlərimizin dərs deməsi bizim üçün vacibdir, çünki tələbələrə ən yaxşı mütəxəssislərin təhsil verməsini təmin etmək bizim borcumuzdur.

Bu səbəbdən universitetin paytaxtda yerləşməsi mühüm amildir. Müəllimlərimizin bir çoxu gündəlik olaraq teatr fəaliyyəti ilə məşğuldur və eyni zamanda dərs deyir. Regionlarda bu ritmi təmin etmək çətin olar. Digər tərəfdən, bizim tələbə və müəllimlər əsasən ictimai nəqliyyatdan istifadə edir və fəaliyyətimiz birbaşa mədəniyyət mühiti, teatrlar, muzeylər, sərgi salonları ilə sıx bağlıdır.Bununla belə, dövlətin qərarı olarsa, biz istənilən bölgədə fəaliyyət göstərməyə hazırıq. Şəki, Qəbələ, Naxçıvan, Xankəndi və digər regionlarda da böyük məmnuniyyətlə çalışa bilərik. Çünki Azərbaycanın hər yerində istedadlı gənclər var və bizim universitetdə də demək olar ki, bütün bölgələrdən tələbələr təhsil alır.-    Ceyran xanım, Azərbaycanda mədəniyyət və incəsənət sahəsində ixtisaslaşan Biznesin təşkili və idarə edilməsi (MBA) proqramı ADMİU-da təşkil edilib. Siz bu proqramı nə dərəcədə uğurlu hesab edirsiniz?

-    Mən bunu çox uğurlu hesab edirəm. Çünki mədəniyyət sahəsində təşkilatçılıqla məşğul olan bir çox şəxsin bu sahə üzrə xüsusi təhsili yoxdur. Biz MBA proqramını açanda bu ehtiyac özünü açıq şəkildə göstərdi. Hətta mədəniyyət müəssisələrinin rəhbərləri bizə zəng edib təşəkkür edirdilər. MBA proqramının əvvəl modul tipində tədris olunması nəzərdə tutulmuşdu. Daha sonra Təhsil Nazirliyinin qərarı ilə bu proqram Kulturologiya fakültəsinə verildi. Bu dəyişiklik bizim təşəbbüsümüz olmasa da, biz verilən qərarı icra edirik və təkliflərimizi də təqdim etmişdik. Şəxsi fikrimcə, modul sistemi xüsusilə MBA proqramı üçün daha əlverişlidir. Çünki bu proqramda dərs deyən mütəxəssislər çox vaxt layihələrdə iştirak edir, tez-tez ezamiyyətlərdə olurlar. Modul sistemi isə qısa müddətdə dərsləri keçib imtahanla yekunlaşdırmağa və daha sonra iş fəaliyyətinə davam etməyə imkan verir. Amma hansı model məqsədəuyğun hesab olunursa, biz də onu tətbiq edirik.

-    Digər korpusun təmiri məsələsi zaman-zaman gündəmə gəlir. Yaxın illərdə təmir olunacağı gözlənilirmi? 

-    Digər korpusla bağlı deyə bilmərəm ki, bina tam təmirsiz vəziyyətdədir. Bu bina əvvəllər yataqxana olub və biz onun daxilində mütəmadi olaraq yeniləmə işləri aparırıq, demək olar ki, hər il təmir edilir, boyanır, işıqlandırma yoxlanılır. Müşahidə kameraları quraşdırılıb, pəncərələr və son iki ildə qapılar yenilənib. Amma binanın tam şəkildə yenidən qurulması artıq mənim səlahiyyətimə daxil deyil. Əlbəttə, bu istiqamətdə ehtiyacın olduğunu başa düşürəm. Lakin hazırda təhsil sahəsində əsas prioritetlərdən biri Qarabağ Universitetinin inkişafıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi də diqqətini ilk növbədə həmin istiqamətə yönəldib və mən bunu doğru yanaşma hesab edirəm. Bu proses çərçivəsində bizim universitetdən də bəzi müəllimlər Qarabağ Universitetində fəaliyyətə başlayıblar. Mən bunu yalnız dəstəkləyirəm. Baxmayaraq ki, bizim sahədə hər müəllim çox qiymətlidir və onları itirmək asan deyil. Çünki incəsənət sahəsində həm peşəkar, həm də pedaqoji bacarıqlara malik kadr tapmaq hər zaman çətindir.

-    Siz də bildirirsiniz ki, mədəniyyət sahəsində pedoqoji kadr tapmaq daha çətindir. Bu baxımdan ADMİU-da fəlaiyyət göstərən professor-müəllim heyətinin maaşı, dərs saatı, sizcə, onları qane edirmi?

-    Müəllimlərimizin əməkhaqqı bir çox universitetlərlə müqayisədə aşağı deyil, orta səviyyədədir və bəzi hallarda daha yüksəkdir. Bu, universitetin daxili məsələsidir və ümumi mənzərədə rəqabətədavamlı hesab olunur. İkincisi, qayğı təkcə maaşla məhdudlaşmır. Bizim çox yaxşı kollektivimiz var və universitet daxilində əməkdaşlıq mühiti formalaşıb. Fakültələr bir-biri ilə sıx işləyir: tələbə tamaşalarında rəssamlar kostyum hazırlayır, musiqiçilər iştirak edir, operatorlar çəkiliş aparır. Yəni incəsənət üçün lazım olan bütün imkanlar universitet daxilində mövcuddur. Təbii ki, hər kollektivdə olduğu kimi, narazılıqlar da olur. Amma ümumilikdə düşünürəm ki, universitetdə həm yaradıcı, həm də sağlam iş mühiti formalaşıb.

-    Universitetlərin nəzdində fəaliyyət göstərən kolleclərdə təhsil, infrastruktur səviyyəsi də cəmiyyətdə müzakirə olunan əsas məsələlərdəndir. ADMİU-nun nəzdində fəaliyyət göstərən Humanitar Kolleci bu baxımdan hansı səviyyədə yer alıb? Burada təhsil alan, dərs deyən müəllimlərin bilik səviyyəsi və kollec binasının infrastruktur, avadanlıqlarla təmin olunması ilə bağlı hansısa problemlər var?

-    Kollec bir neçə ildir ki, bizim universitetin nəzdinə verilib. Həmin vaxt orada təhsilin səviyyəsi yüksək deyildi və üstəlik, universitetimizin profilinə uyğun olmayan ixtisaslar mövcud idi. Məsələn, bədən tərbiyəsi, sığorta işi, məktəbəqədər təhsil və s. Bu ixtisaslar bizim sahəyə aid olmadığı üçün zamanla ya bağlandı, ya da uyğun profilli təhsil müəssisələrinə yönləndirildi.

Bizim prinsipimiz odur ki, hər təhsil müəssisəsi öz sahəsinə uyğun fəaliyyət göstərməlidir. Bu gün kollecdə qalan ixtisasların böyük əksəriyyəti, təxminən 80–90 faizi universitetimizdə tədris olunan istiqamətlərlə uzlaşır. Məsələn, bədii yaradıcılıq, aktyorluq, muzey işi, operator sənəti kimi ixtisaslar üzrə tələbələr yetişir və onların bir qismi sonradan universitetimizdə təhsilini davam etdirir.

Hazırda kollecdə təhsilin səviyyəsi məni qane edir. Kollec məzunları bizim sahədə uğurlu olurlar, çünki bu sahə xüsusi qabiliyyət tələb edir. Əgər tələbədə istedad və həvəs varsa, istər aktyorluqda, istər aşıq sənətində, o, universitetdə də uğurla davam edir. Məsələn, kollecdə yetişən istedadlı aşıqlar sonradan bizim müvafiq kafedrada təhsil alırlar.

-    ADMİU-da biz yaxın gələcək üçün metodiki və təşkilati baxımdan hansı yeniliklərin şahidi ola biləcəyik?-     Yaxın üç illik təhsil müddəti ilə bağlı müəyyən müzakirələr var. Bəzi ixtisasların gələcəkdə bu modelə keçə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Konkret ixtisasların adını çəkmək istəmirəm ki, sensasiya xarakteri daşımasın. Bu cür qərarları verən şəxs mən deyiləm. Qərar qəbul olunarkən, təbii ki, bizim də fikrimiz soruşulur və biz mövqeyimizi bildiririk. Amma yekun qərarın necə olacağını əvvəlcədən demək mümkün deyil. Onu da qeyd edim ki, bir sıra Qərb universitetlərində artıq bəzi ixtisaslar üzrə təhsil müddəti üç ildir. Əgər belə bir model bizdə də məqsədəuyğun hesab olunarsa, biz də həmin qərara uyğun fəaliyyət göstərəcəyik. Həmçinin auditoriyalardan əlavə, bizim tamaşa zallarımızla da bağlı problemlər var. Tələbələrimiz yer azlığından məşq proseslərində əziyyət çəkirlər. Çox sevindirici haldır ki, yaxın zamanda bu problem də öz həllini tapacaq. Belə ki, hazırda Elm və Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən universitetin Tədris Teatrının tikintisi gedir və yaxın zamanlarda bina tələbələrin istifadəsinə veriləcək. Orada tamaşaların nümayişi üçün xüsusi zal və çəkiliş povilyonu olacaq. Biz ümid edirik ki, Tədris teatrının tikilib istifadəyə verilməsi də universitetimizin təhsil prosesinə verilən yeni bir töhfə olacaqdır.

-    Ceyran xanım, dövlət televiziyasında aparıcılıq fəaliyyətiniz də olub. Ümumiyyətlə, son günlər televiziya aparıcıları ilə bağlı müzakirələr geniş vüsət alıb. Həm peşəkar bir aparıcı kimi, həm də ADMİU-nun rektoru kimi necə düşünürsünüz, proses necə tənzimlənməlidir? Aparıcılıq üçün bəlli kriteriyalara cavab verməyənlərin efirə ayaq açmasının qarşısı necə alınmalıdır?

-    Təkcə televiziya deyil, ümumilikdə kütləvi informasiya vasitələri insanlara çox böyük təsir göstərir. Bəzən isə insanlar özləri də dərk etmirlər ki, onların dediyi söz, yazdığı fikir və ya təqdim etdiyi məzmun cəmiyyətə nə dərəcədə təsir edir.Bu məsuliyyəti dərk edən insan artıq daha diqqətli yanaşır. Çünki onun auditoriyası var , – ailələr, uşaqlar, yeniyetmələr və o, öz fikirləri ilə onların düşüncəsinə təsir göstərir. Bu təsirin hansı istiqamətdə olduğu isə son dərəcə önəmlidir: cəmiyyətə, dövlətə və gələcəyə fayda verir, yoxsa zərər?

Məncə, söz demək, yazmaq və yaymaq imkanına sahib olan hər kəs bu gücün məsuliyyətini dərindən anlamalı və fəaliyyətinə çox ehtiyatla yanaşmalıdır. Çünki bu gün deyilən hər söz insanlara təsir edir.

-    Siz yaradıcılığın atadan oğula, qıza və ya anadan övlada keçdiyini düşünürsünüz?

-    Xeyr. Mənim babam yazıçı olub. Atam bəstəkardır. Xalam rəssam olub. Mən nə bəstəkaram, nə yazıçıyam, nə də rəssam. Musiqişünasam. Təsir onda olub ki, anam da musiqi müəlliməsi olub. Mən uşaqlıqdan evdə musiqi çalındığını eşitmişəm. Atamın yaradıcı dostları evimizə gəliblər, o mühit də mənə təsir edib.

-    Bu baxımdan qızınız bu ənənəni davam etdirirmi?

-    Xeyr, qızım mədəniyyət sahəsində heç bir fəaliyyət göstərmir. Mədəniyyəti, musiqini, kinonu sevir, amma nə təhsili mədəniyyətə aiddir, nə də işi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
modern.az

2Sources