EN

“Müğənni Nəfəs BU GÖRÜNTÜLƏRLƏ MƏSULİYYƏTƏ CƏLB OLUNA BİLƏR-İDDİA

Azərbaycanlı müğənni Nəfəsin hərbi hissəyə daxil olaraq oradan videogörüntülər çəkib sosial şəbəkələrdə paylaşması cəmiyyətdə ciddi narahatlıq və suallar yaradıb.
Məsələni ilk olaraq "Real Azərbaycan" saytı ictimailəşdirərək diqqəti mühüm bir məqama yönəldib: xüsusi rejimli hərbi əraziyə bu qədər rahat giriş necə mümkün olub?
İddialara görə, çəkilişlər Azərbaycan Müdafiə Nazirliyinin rəsmi icazəsi olmadan həyata keçirilib. Əgər bu məlumat doğrudursa, söhbət təkcə bir sosial media paylaşımından yox, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasından gedir.
Məsələ ictimailəşdirilən kimi operativ nəzarətə götürülməsi və araşdırmaya başlanılması vəziyyətin ciddiliyini bir daha göstərir.
Hadisədən dərhal sonra müğənninin paylaşdığı videoları sosial şəbəkə hesablarından silməsi isə yaranmış sualları azaltmaq əvəzinə, əksinə, şübhələri daha da artırır.
Ən vacib sual budur: hərbi hissə kimi qorunan və giriş-çıxış qaydaları sərt nəzarətdə saxlanılan bir məkana kənar şəxsin daxil olmasına kim şərait yaradıb?
Əgər burada daxili qaydalar pozulubsa, məsuliyyət yalnız görüntü paylaşan şəxslə məhdudlaşmamalıdır. Bu vəziyyətə imkan verən, nəzarətsizliyə yol açan və təhlükəsizlik prosedurlarını zəiflədən şəxslər də cavab verməlidir.
Çünki hərbi obyektlər əyləncə məkanı və ya sosial şəbəkə kontenti üçün fon deyil. Belə yerlərdə intizam, məxfilik və təhlükəsizlik dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyır.
Hazırda araşdırmalar davam edir. İctimaiyyət isə haqlı olaraq rəsmi qurumlardan aydın izah və prinsipial mövqe gözləyir. Burada əsas məsələ təkcə bir paylaşım deyil - dövlət təhlükəsizliyi ilə bağlı qaydalara münasibətdir.








Chosen
19
azia.az

1Sources