EN

Cərrahın qeyri adi hobbisi: skalpelin çəkiclə qarşılaşması və ya metal qırıntıları sənət əsərinə çevirən həkim

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Bəzən ən dəqiq cavablar da sözlə ifadə oluna bilmir. Onlar müəyyən məqamlarda forma, material və sükunətli rəmzin daxilində gizlidir, həm də istənilən izahatdan daha çox mətləbi üzə çıxarır. Nə qədər paradoksal olsa da, bu məkan bir çox halda qalereya və muzeylərdə deyil, ilk baxışdan bir-birinə uyğun olmayan məfhumların – ciddi elm mühiti və daxili inamın, dəqiq hesablama və intuisiyanın, cərrahiyyə və incəsənətin vəhdət halına gəldiyi gözlənilməz yerlərdə qarşınıza çıxır. Bəzən alışdığınız peşə sizin sandığınızdan daha çox məna kəsb edir.

Azər Qafarov həkimdir, amma onunla bağlı hekayə təkcə bu peşə fəaliyyətindən ibarət deyil. Xəstəxanada gərgin iş həftəsindən sonra onunla görüşə bildik. Elə ilk dəqiqələrdən aydın oldu ki, qarşımızda sadəcə cərrah yox, tibbi incəsənətlə, rasionallığı ilhamla birləşdirən insan oturub.

Həkimin əsrlərinin olduğu otaqda xaos deyil, əməliyyat dəqiqliyi ilə süslənən ab-hava vardı. Alətlər və metal detalları ciddi dəqiqliklə düzülmüşdü, hər bir əşya öz yerində idi. Bu alman dəqiqliyi heç də təsadüfi deyil; burada həkimin peşə vərdişləri də hər yerdə bəlli olurdu.

- Sizə necə müraciət etmək daha münasibdir – həkim, yoxsa usta?

- Emalatxanada ustayam, - deyə o gülür. – Burada əməliyyat etmirəm, yaradıram.

Onun iş masasında bir çox insan üçün artıq əhəmiyyətini itirmiş detallar – boltlar, yaylar və köhnə mexanizmlərin hissələri var. Ustanın əlləri onlara yeni həyat bəxş edir. Qarşımızda metal əl var, onun mərkəzində parlayan ürək diqqəti cəlb edir.

- Usta, bu, sizin pasiyentlərə verdiyiniz həmin cavabdır?

- Bəli. Xəstələr tez-tez soruşurlar: "Doktor, sağalacağam? Hər şey yaxşı olacaqmı?” Bir anda başa düşdüm ki, bunu sözlə izah edə bilməzsən. İnsanlarda ümid hissinin olması daha vacibdir. Əsərlərim məhz belə yarandı - vizual cavab, həyatda tibdən daha çox şeyin olduğunu göstərmək cəhdi ilə.

- Bəs onlara cavabınızda nələri deyirsiniz?

- Deyirəm ki, hər şey Allahın əlindədir. Ürək insanın mərkəzi olduğu kimi, hər şeyin cavabları da hərəkətlərimizdən kənardadır. Mümkün olan hər şeyi etməliyik, amma nəticə həmişə yalnız bizdən asılı deyil. Bu, insanların vəziyyəti qəbul etməsinə və daxili rahatlıq tapmasına kömək edir.

- Baxışlarınız həmişə bu cür olub?

- Yəqin ki, belə olub. Hətta uşaq ikən raket mühəndisi olmaq istəyirdim. Modelləşdirmə ilə məşğul olurdum, hər şeyin necə işlədiyi ilə maraqlanırdım. Bir obyektə baxanda, başqalarının gördüyündən fərqli bir şey görürəm. Hətta sadə bir detal - metal parçası, qırıntı da mənim üçün yeni bir əşya yaratmaq üçün bir fürsətdir. Dərhal onun necə dəyişdirilə biləcəyini, yeni forma və məna kəsb edəcəyini təsəvvür edirəm. Düşünürəm ki, mühəndislik düşüncəsi ilə bədii vizyonunun bu kombinasiyası uşaqlıqdan bəri mənimlə qalıb və o vaxtdan adi detallarda daim qeyri-adilik axtarmışam.

- Masadakı əşyalar da metal qırıntılarından hazırlanır?

- Əlbəttə. Adi bir insan ondan gül qabı düzəldərdi. Amma mən buna fərqli baxıram. Məsələn, çoxdan sınmış köhnə çaydanı quş yuvasına çevirə bilərəm. Mənim üçün sadəcə metaldan istifadə etməkdən daha çox, ona bir ideya, həyat və yaddaş qatmaq daha vacibdir. Hər kəsin tullantı hesab etdiyi bir şeyin belə gözəl və mənalı ola biləcəyini göstərmək istəyirəm.

- İşiniz üçün materialları haradan tapırsınız?

- Metal qırıntılarının yığılması məntəqələrində. Bəzən insanlar məni qaynaqçı ilə səhv salırlar. Onlar soruşurlar: “Sən kimsən?” Cavab verirəm: “Həkiməm”. Bundan təəccüblənirlər. Sonra isə onlara hazır işi gətirirəm və bunun necə baş verdiyini başa düşə bilmirlər. Bu, onlar üçün sehrdir, amma mənim nəzərimdə sadəcə adi bir işdir. Material axtarışı prosesindən zövq alıram, sanki potensial sənət əsərlərini axtarıram. Seçdiyim hər metal parçası artıq mənə yeni bir əşyanın bir hissəsi ola biləcəyini “pıçıldayır”.

- Cərrahlıq əsas peşənizdir. Onunla sənətiniz arasında əlaqə varmı?

- Əlbəttə ki, var. Tikiş, birləşdirmə və bərpa - bu da bir sənətdir. Orada sümük və toxuma var, burada - metal. Amma məqsəd eynidir: zədələnmiş şeyi bir bütöv halına gətirmək. Cərrahiyyədə hər tikiş, hər əməliyyat detallara diqqət, səbir və dəqiqlik tələb edir. Sənətimə eyni keyfiyyətləri tətbiq edirəm: hər detal vacibdir, hər bir əlaqəli hissənin əhəmiyyəti var. Hər ikisində forma və funksiyanın nəticəsi, bütövlüyü və gözəlliyi üçün məsuliyyət hissi var.

- Uzun illər hərbi həkim kimi çalışmısınız. Bunun dünyagörüşünüzə təsiri olubmu?

- Əlbəttə. Sərhəd Qoşunlarında 20 il xidmət etmişəm. 2013-cü ildə təqaüdə çıxdım. Sonra xaricdə işlədim, amma orada qala bilmədim. Orada həyat yoxdur, hər şey çox monotondur, yəni, ömrü mənalı edən kiçik sevinclər yoxdur. Xidmətim mənə hər anın qədrini bilməyi, sadə şeylərdə gizlənən dəyəri görməyi və insan həyatının kövrəkliyini anlamağı öyrətdi. Bu dərsləri heykəllərimə də tətbiq etmişəm: onlar həm də başqalarının yalnız qırıqlığı gördüyü potensialı qiymətləndirmək, qorumaq və görmək haqqındadır.

- Bəs indi necə?

- Hazırda özəl klinikada işləyirəm, əməliyyatlar edirəm. Çox oxuyuram və bağçama qulluq edirəm. Sadəcə işləmək deyil, yaşamaq istəyirəm. Zaman nisbidir və bunu özümüz müəyyən edirik. Hər gün məna ilə dolu olsun deyə, peşəm, yaradıcılığım və şəxsi həyatım arasında bir tarazlıq tapmağa çalışıram. İş bizi insan edən hər şey deyil; yaşamaq, hiss etmək, yaratmaq və ətrafımızda olanlardan zövq almaq vacibdir.

- Yaratdığınız əsərləri satışa çıxarısınız?

- Maraqlanan insanlar var, elə xaricdən də. Amma satmağı xoşlamıram. Bəzən onları hədiyyə edirəm. Yalnız həqiqətən başa düşən insanlara. Mənim üçün insanların sadəcə bir əşya əldə etmək deyil, əsərin ideyasını və ruhunu görməsi daha vacibdir. Hər bir əsər mənim hekayəmin, təcrübəmin ayrılmaz hissəsidir və istəyirəm ki, onu qiymətləndirən birinə məxsus olsun.

- Sizcə, bu sənət növünə Azərbaycanda qiymət verilirmi?

- Bunu qiymətləndirmək üçün əvvəlcə başa düşməlisiniz. Diş həkimi inşaatçının işini necə qiymətləndirə, yaxud çoban cərrahın işini necə qiymətləndirə bilər? Bizdə hələ də bu anlayış yoxdur. İnsanlar çox vaxt qeyri-adi şeylərin dərinliyini və mənasını görmək üçün vaxt və təcrübədən məhrum olurlar. Amma bu, yaradıcılığı dayandırmağın səbəbi deyil. İncəsənət, hətta yoldan keçən hər kəs tərəfindən görülməsə belə, yaşamağa davam etməlidir.

Qeyd etmək vacibdir ki, Azər Qafarov təkcə praktik cərrah deyil, həm də tibb elmləri üzrə fəlsəfə doktoru, üç kitabın, əlliyə yaxın elmi məqalənin, eləcə də bir sıra ixtira və innovasiyaların müəllifidir. Onların hamısı müvafiq sertifikatlarla təsdiqlənir.

...Emalatxananı tərk etdiyin anda başa düşürsən: söhbət təkcə metal və ya heykəllərdən getmir. Burada bir yanaşma, başqalarının metal qırıqları və ya tullantı kimi gördüyü əşyaları qiymətləndirmək bacarığı, onları daha çox məna – tarix, ideya və rəmz kəsb edən əsərlərə çevirmək qabiliyyəti üzə çıxır. Mərkəzində parlaq qırmızı ürəyin olduğu metal əl də adi sənət obyekti deyil, həyata inamın, insanı ruhlandıran və şəfa verən məchulluq və ümid qarşısında dözümün əsl manifestidir.

Ola bilər ki, incəsənət təkcə fırça və kətandan ibarət deyil, həm də ən gözlənilməz yerlərdə işıq və potensialı görmək qabiliyyətidir.

Müəlliflər - Nailə Həsənova, Tamilla Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
azertag.az

1Sources