EN

Azərbaycanda da radiasiya əleyhinə yod tabletlərinin paylanılmasına başlanıla bilərmi? - AÇIQLAMA

İranda radiasiya təhlükəsinə qarşı yod tabletlərinin paylanmasına başlanılıb. Buşehr Tibb Elmləri Universitetinin yaydığı məlumatda bildirilib ki, xüsusilə Buşehr şəhərində yerləşən atom elektrik stansiyasının ətraf ərazilərində yaşayan əhali üçün yod tabletlərinin paylanması prioritet təşkil edib.

 

İrandan gələ biləcək radiaktiv təhlükələri nəzərə alaraq Azərbaycanda da bu növ tədbirlərin gərəkli olub-olmaması isə müzakirə mövzusudur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən məşhur radioloq Aydın Əliyevin sözlərinə görə, radiasiya təhlükəsi zamanı yod preparatlarının qəbul edilməsinin mexanizmi bundan ibarətdir ki, uranın zənginləşdirilməsi olan mənbələrdə və yaxud nüvə silahından istifadə edilərsə, o zaman alfa, beta, qamma radiasiyası əmələ gəlir və həmçinin radiaktiv yod yarana bilir.

 

O bildirib ki, insan orqanizminin yoda qarşı həssaslığı var, qalxanvari vəz olmaqla, orqanizm daxil olan yodu müxtəlif qida məhsullarının içərisindən götürür və qalxanvari vəzdə toplayıb hormonların əmələ gəlməsi üçün istifadə edir: “Qida, su vasitəsilə radiaktiv yod daxil olursa, qalxanvari vəz onu saxlayır. Beləlikdə orqanizmdə yaranan şüalanma dozası həddindən artıq artmış olur. Ancaq biz radiasiyadan əvvəl hansısa yod preparatları qəbul ediriksə, o zaman orqanizmimiz normal yodla doyur. Daha sonra növbəti mərhələdə radiaktiv yodla təmasda oluruqsa, orqanizmə yenidən daxil olursa, bu zaman orqanizm tərəfindən saxlanılmır, xaric edilir. Burada əsas məqsəd, radiasiyadan öncə orqanizmi yodla doydurmaqdır ki, növbəti mərhələdə radiaktiv yodu orqanizm götürməsin. Kimdəsə radiasiya olan dövrdə yod çatışmazlığı varsa, o radiaktiv yodu orqanizm götürür, qalır, ləngiyir və nəticədə daha çox insanın şüalanmasına səbəb olur”.

 

A.Əliyev qeyd edib ki, Azərbaycan üçün də təhlükə mövcuddur: “Həm Ermənistanda Metsamor AES var, orada da hansısa sızıntı olarsa, həm Türkiyə həm də Azərbaycan üçün təhlükə yaranar. Tək insanlar üçün deyil, bütün canlılar üçün təhlükə yarana bilər. Həmçinin İranda da nüvə silahı istifadə edilərsə və ya radiaktiv mənbə orada varsa, sızıntı, dağıntı olarsa, əlbəttə, birmənalı surətdə ilk növbədə ölkəmizdə, eləcə də qonşu ölkələrdə həm insanlar, həm də flora, fauna radiaktiv elementlərlə yüklənə bilər, bu da zəhərlənmə törədər, bədxassəli şişlərin inkişafına şərait yaradar. Bütün qida məhulları da radiaktiv elementlərlə çirklənmiş olar”.

 

Şəhanə Quliyeva

Tarix: 10 Aprel 2026, 12:46   
Chosen
32
pravda.az

1Sources