EN

Erməni revanşistlər HƏRƏKƏTƏ KEÇDİ – Xankəndi ilə bağlı…

Xankəndi və ətraf ərazilərdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri fonunda erməni revanşist qüvvələrinin yenidən fəallaşması və dezinformasiya kampaniyasına başlaması diqqətdən yayınmır.

İşğal dövründən qalan qanunsuz tikililərin sökülməsini və şəhərsalma qaydalarının bərpa olunmasını “mədəni soyqırım” kimi qələmə verməyə çalışan bu dairələr, əslində öz siyasi ambisiyalarını reallaşdırmaq üçün köhnə və çürümüş metodlara əl atırlar. Xüsusilə “Analıq” heykəli ətrafında qoparılan süni hay-küy, Ermənistanda yaxınlaşan seçkilər ərəfəsində Robert Köçəryan və Samvel Karapetyan kimi fiqurların tərəfdarları tərəfindən idarə olunan siyasi manipulyasiyadan başqa bir şey deyil. 2023-cü il razılaşmalarını heçə sayaraq hələ də qondarma strukturları yaşatmağa çalışan revanşist bloklar, sosial şəbəkələr vasitəsilə beynəlxalq rəyi çaşdırmağa və bölgədəki yeni reallıqlara kölgə salmağa cəhd edirlər. Lakin Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya masasında qazandığı qətiyyətli qələbə bu cür cılız təxribatların heç bir real zəmin formalaşdıra bilməyəcəyini təsdiqləyir.

Məsələ ilə bağlı NOCOMMENT.aza siyasi şərhçi Samir Əsədli açıqlama verərək bildirib ki, Xankəndi ətrafındakı proseslər tamamilə hüquqi müstəvidə tənzimlənir: “Azərbaycan öz suveren ərazilərində şəhərsalma normalarını tətbiq edir və işğal dövründə qanunsuz yollarla, memarlıq qaydalarına zidd inşa edilmiş obyektlərin sökülməsi təbii bir prosesdir. Revanşistlərin bunu ‘mədəni irs’ adı altında təqdim etməsi gülüncdür, çünki həmin ərazilərdə əsl mədəni irs məhz işğalçılar tərəfindən 30 il ərzində məhv edilib. Köçəryan və Karapetyan qruplaşması bu mövzudan istifadə edərək Ermənistan daxilində itirdikləri nüfuzu bərpa etmək və seçki öncəsi elektoratı qızışdırmaq məqsədi güdürlər”.

Onun sözlərinə görə, Ermənistandakı qüvvələrin 2023-cü il razılaşmalarına zidd fəaliyyəti İrəvanın özü üçün ciddi problemlər yarada bilər: “Ermənistan ərazisində keçmiş qondarma rejimin qalıqlarının fəaliyyət göstərməsi və rəsmi Bakıya qarşı ritorikanın sərtləşdirilməsi sülh prosesinə birbaşa zərbədir. Lakin bir şeyi unutmaq olmaz ki, 90-cı illərin hərbi-siyasi mənzərəsi artıq yoxdur. Bu gün Azərbaycan regionun ən güclü ordusuna və sarsılmaz diplomatik mövqeyinə malikdir. Ermənistandakı revanşistlərin ‘yeni müharibə’ xəyalları onların dövlətçiliyinin tamamilə süqutu ilə nəticələnə biləcək bir avantüradır”.

Ekspert qeyd edib ki, bu cür təxribat xarakterli məlumatların yayılması Azərbaycanın strateji hədəflərinə mane ola bilməz: “Qarabağ məsələsi artıq tarixə qovuşub və bu mövzu Azərbaycan üçün qəti şəkildə bağlanıb. Revanşistlərin sosial şəbəkələrdə yaratdığı süni gündəm sadəcə öz daxili auditoriyalarına hesablanmış bir addımdır. Bakı hər zaman olduğu kimi, həm hərbi, həm də hüquqi müstəvidə bütün proseslərə nəzarət edir. Hər hansı bir aqressiya cəhdi olarsa, Ermənistan tərəfi bunun ağır nəticələrinə qatlaşmalı olacaq. Bu səbəbdən İrəvan rəhbərliyi bu qüvvələrin fəaliyyətini cilovlamaqda maraqlı olmalıdır, çünki bu təhlükə Bakıdan çox elə İrəvanın özü üçün böyük fəlakət vəd edir”.

Tunar,
NOCOMMENT.az

Chosen
20
nocomment.az

1Sources