ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən fitness zallarında reyd keçirib.
Bu barədə Axar.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus "EG Fitness" idman zalında "İnstant Oats (ironmax)", "Amino Professional", "Ultra Strong (ironmax)", "Omega 3 Professional", "Creatine Powder (ironmax)", Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus "Tempo Fitness" idman zalında isə "Pure Whey Isolate 95", "CLA Green Tea plus L-Carnitine", "L-Carnitine Extreme Shot", "Extreme Speed Shot", "Arginin Ornitin", "Krom Aktiv", "Pump Express 2.0 Concentrate" əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb.
Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.
Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.