EN

Deputat: Belə çıxır ki, fəhlə narkotikdən istifadə edə bilər, gömrük işçisi yox...

"Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir. Statistik rəqəmlərə nəzər saldıqda isə aydın olur ki, bu müəssisədə müalicə almaq üçün insanlar növbəyə dayanmalı olur. Daha sonra isə reabilitasiya mərhələsinə keçid üçün yenidən gözləməli olurlar.

Reabilitasiya mərkəzlərinin sayı da məhduddur və onlar çox az sayda insanı əhatə edə bilir. Yəni mövcud sistem bu sahədəki tələbatı qarşılaya bilmir".

Azreform.info xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib. Deputat hesab edir ki, gələcəkdə bu sahədə müəyyən islahatlar aparılmalıdır: "Məsələn, onkoloji xəstəliklərin müalicəsində olduğu kimi, müəyyən səlahiyyətlərin lisenziya əsasında özəl tibb müəssisələrinə verilməsi mümkündür. Eyni yanaşma narkotik asılılığından müalicə və reabilitasiya proseslərinə də tətbiq oluna bilər. Bu xidmətlərin özəl və regional xəstəxanalara, hospitallara həvalə olunması daha effektiv nəticə verə bilər.

Digər mühüm məsələ isə narkotiklərin yayılmasının qarşısının alınmasıdır. Birinci oxunuşda biz məsələyə konseptual yanaşmalıyıq və qanunvericiliyi daha da gücləndirməliyik. Demək olar ki, hər gün xəbərlərdə müxtəlif miqdarda narkotik vasitələrin aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Müxtəlif yerlərdə 10 kiloqram, 20 kiloqram, hətta yüzlərlə kiloqram narkotik maddə tutulur və məhv edilir. Əksər hallarda isə mənbə kimi xarici vətəndaşlar göstərilir.

Hüquq-mühafizə orqanları bu istiqamətdə fəaliyyət göstərsə də, hesab edirəm ki, əsas diqqət mənbənin kəsilməsinə yönəldilməlidir. Mənbə aradan qaldırılmadan bu problemin tam həlli mümkün deyil və bu hallar müxtəlif sahələrə də sirayət edə bilər.
Digər bir məsələ qanunvericiliklə bağlıdır. Qeyd olundu ki, peşə və vəzifəyə görə yanaşma tətbiq edilir. Lakin mən hesab edirəm ki, narkotik asılılığı olan şəxsin peşəsi və ya vəzifəsi fərq etməməlidir.
Belə çıxır ki, fəhlə narkotik qəbul edə bilər, gömrük və digəri yox...

Yəni istər gömrük əməkdaşı olsun, istər polis, istər müəllim, istərsə də fəhlə  fərq etməz. Narkotik asılılığı olan hər bir şəxsə eyni yanaşma tətbiq olunmalı və onun müalicəsi və reabilitasiyası üçün zəruri tədbirlər görülməlidir.
Bu proses işlədiyi müəssisədən və ya təşkilatdan asılı olmamalıdır  istər dövlət, istərsə də özəl sektor olsun, hər kəs üçün bərabər mexanizmlər tətbiq edilməlidir".

Mürtəza

Chosen
17
3
azreform.info

4Sources