EN

Elməddin Muradlı: “Bizə uçmaq yox, mənzil başına təhlükəsiz çatmaq önəmlidir”

Bakı şəhərinin 2040-cı ilədək Baş Planına əsasən, mərkəzi küçələrdə sürət həddinin 50 km/saata (bəzi yerlərdə 30 km/saat) endirilməsi, "sakit zonalar"ın yaradılması və piyada əlçatanlığının artırılması hədəflənir. Bu addım həm yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, həm də piyadalar üçün daha təhlükəsiz mühit yaratmaq məqsədi daşıyır. Ancaq mərkəz küçələrində sürət həddinin azaldılma məsələsi vətəndaşlar tərəfindən narazılıqlara səbəb olub. Belə ki, sürət həddinin azaldılmasının tıxacı daha da artıracağı və daha çox problemə yol açacağı bildirilir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu istiqamətdə tənzimləyici addımlar düzgün atılarsa, qərarlar qəbul edilərsə, heç bir fəsad yaşanmaz.

 

E.Muradlı bildirib ki, şəhərlərdə sürət həddinin minimal həddə endirilməsi, optimallaşdırılması Birləşmiş Millətlər Təşkilatının tələblərindən biridir: “Uzun illərdir, BMT tərəfindən dünya ölkələrinə çağırışlar edilir ki, şəhərlərdə nəqliyyat təhlükəsizliyini təmin etmək üçün sürət həddini azaltsınlar. Azərbaycan da dünyanın bir parçasıdır. Bu çağırışa qoşulur və müsbət dinamika hiss olunur. Sadəcə, yol infrastrukturunu nəzərə alaraq, elə tənzimləyici addımlar atılmalıdır ki, başqa fəsadlar ortaya çıxmasın. Bu, bütün şəhəri əhatə etmir. Əsas mərkəz küçələridir. Məsələn, Təbriz, Nizami, onlara paralel küçələr, yollar bu dəyişikliyə məruz qalacaq. Təbriz küçəsində sürəd həddi artıq endirilib. Orada hansısa fəsad yaşanmır, əksinə aşağı sürət daha təhlükəsiz hərəkəti təmin edir və çox da yaxşı nəticə verməkdədir. İnsanlar bəzən tələsirlər, qaçmaq, uçmaq istəyirlər, yüksək sürət həvəsində olurlar. Bu da yaxşı bir şey deyil. Bizə uçmaq yox, mənzil başına təhlükəsiz çatmaq önəmlidir. Nəqliyyat təhlükəsizliyi dedikdə biz bunu başa düşürük”.

 

Şəhanə Quliyeva

Tarix: 10 Aprel 2026, 17:45   
Chosen
31
pravda.az

1Sources