EN

ADY Orta dəhlizdə tranzit imkanlarını genişləndirmək üçün strateji tədbirlər görür  

Bu günlər Dünya Bankının təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərində Regional Dəmir Yolu Seminarı keçirilib. Seminar çərçivəsində baş tutan “Ölkələrin baxışı: Mövcud geosiyasi şəraitdə dəmir yolları üçün perspektivlər və çağırışlar” sessiyasında çıxış edən AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev Azərbaycanın regional nəqliyyat bağlantılarındakı mövqeyi, Orta Dəhlizin artan potensialı, icrası davam edən iri yerli layihələr və mövcud geosiyasi vəziyyət fonunda ADY-nin strateji baxışı barədə məlumat verib.

O bildirib ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Avrasiyanın mühüm tranzit qovşağı rolunu gücləndirir. Dayanıqlı Orta dəhliz üçün daha güclü regional əlaqələndirmə vacibdir. Müasir geosiyasi şəraitdə bağlantıların koordinasiyalı, dayanıqlı və rəqəmsal təşkili məqsədilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində əməkdaşlıq genişləndirilib, Qazaxıstan və Çinlə elektron sənəd mübadiləsi və məlumat inteqrasiyası sürətləndirilib.

ADY son illərdə Orta dəhlizin Azərbaycandan keçən hissəsində tranzit ötürücülüyünü artırmaq üçün əsaslı işlər görüb. Xüsusilə rəqəmsal həllər tətbiq olunub və tranzit müddətləri azaldılıb. Nəticədə, 2025-ci ildə Şərq–Qərb istiqamətində 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin göstəricisini 37 faiz üstələyir. Eyni zamanda, 2025-ci ildə Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çataraq 100 min TEU-ni keçib.

Bundan əlavə, dəhlizlər üzrə ötürücülük qabiliyyətinin artırılması, Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya qədər genişləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

1Sources