EN

Budanovdan sülh siqnalı “Müharibənin bitməsi çox çəkməyə bilər”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya ilə müharibənin başa çatması perspektivlərinə dair ehtiyatlı nikbinlik ifadə edib.

“AzPolitika” bildirir ki, o, “Bloomberg” аgentliyinə müsahibəsində bildirib ki, ABŞ-ın iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda tərəflər üçün “qəbul edilə bilən hədlər”in daha aydın şəkildə müəyyənləşməsi “böyük irəliləyişdir”.

Aprelin 4-də verdiyi müsahibədə Budanov qeyd edib ki, sonuncu raundu fevral ayında Cenevrədə keçirilmiş danışıqlar sülhə doğru müəyyən addımların atılmasına imkan verib.

“Hamı anlayır ki, müharibə bitməlidir. Düşünmürəm ki, bu, çox uzun çəkəcək”, – deyə o, bildirib.

Bununla belə, o vurğulayıb ki, yekun razılaşma hələ yoxdur və tərəflər hələ də maksimalist mövqelərdən çıxış edirlər. Eyni zamanda kompromis axtarışlarının əlamətlərinin də müşahidə olunduğunu qeyd edib.

Budanovun sözlərinə görə, danışıqlarda ən çətin məsələ ərazi məsələsi olaraq qalır. Rusiya Ukrayna qoşunlarının Donetsk vilayətindən tam çıxarılmasını tələb edir. Ukrayna isə mövcud cəbhə xətti üzrə atəşkəsin elanında israr edir. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı da yekun razılaşma yoxdur.

Budanov bildirib ki, Rusiyanın mobilizasiya resursları ilə bağlı ciddi problemi yoxdur. Lakin müharibənin davam etməsi ölkə büdcəsinə ağır maliyyə yükü yaradır.

Son həftələrdə müstəqil qiymətləndirmələrə görə, Rusiya ordusunun irəliləyiş tempi demək olar ki, sıfıra enib. Ekspertlər bunu əsasən pilotsuz uçuş aparatlarının döyüş əməliyyatlarına ciddi təsiri ilə izah edirlər.

Eyni zamanda Ukrayna qüvvələri artıq demək olar ki, hər gün Rusiya ərazisinin dərinliklərinə zərbələr endirir ki, bu da müharibənin ilk illərində müşahidə olunmurdu.

Budanov qeyd edib ki, üçtərəfli danışıqlarda fasilə olsa da, tərəflər arasında təmaslar davam edir. Xüsusilə əsir mübadiləsi məsələsi müzakirə olunur və bunun Pasxa bayramı ərəfəsində baş tutacağı istisna edilmir. Artıq tərəflər həlak olanların cəsədlərinin mübadiləsini həyata keçiriblər.

Həm Rusiya, həm də Ukrayna Pasxa ilə bağlı qısamüddətli atəşkəsə əməl edəcəklərini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiyanın atəşkəsi bayramdan sonra da davam etdirməsinə heç bir maneə yoxdur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
6
azpolitika.info

7Sources