EN

Bakının “uçan eyvanları” – qanunsuz tikililər şəhəri təhlükəyə aparır

Bakının bəzi məhəllələrində son illər getdikcə daha qəribə mənzərələr yaranır. Sosial şəbəkələrdə yayılan fotolarda bəzən nazik metal dirəklərin üzərində dayanan, demək olar ki, otaq ölçüsündə eyvanlar görünür. Bu tikililər artıq adi eyvan deyil. Onlar faktiki olaraq havada asılı qalan əlavə otaqlardır. Bir çox hallarda belə artırmalar köhnə sovet binalarında – “Xruşovka” və “Leninqrad” layihəli binalarda həyata keçirilir. Əvvəllər sakinlər eyvanı sadəcə şüşələyirdisə, indi eyvanlar böyüdülür, divarlar hörülür və yeni yaşayış sahələri yaradılır.

Lakin memarlar və mühəndislərlə yanaşı hüquqşünaslar da xəbərdarlıq edir ki, bu tikililər təkcə estetik problem deyil, həm də hüquqi və təhlükəsizlik riskidir.

NOCOMMENT.az xəbər verir ki, məsələyə tanınmış vəkil Cavad Cavadov hüquqi prizmadan yanaşaraq bildirir ki, bu cür hallarda məsələ yalnız bir sakinin eyvanı ilə bağlı deyil – bütün binanın hüquqi statusu və təhlükəsizliyi ilə bağlıdır.

Cavad Cavadovun izahına görə, Azərbaycan Konstitusiyası mülkiyyət hüququnu qoruyur, lakin bu hüquq digər şəxslərin hüquqları ilə balanslaşdırılmalıdır.

Konstitusiyanın 13-cü və 29-cu maddələri mülkiyyətin toxunulmazlığını təsbit etsə də, həmin mülkiyyətdən istifadə başqalarının hüquqlarına zərər verməməlidir.

Vəkilin sözlərinə görə çoxmənzilli binalarda fasad, dam örtüyü və konstruktiv elementlər ayrı-ayrı mənzillərin deyil, bütün sakinlərin ümumi mülkiyyətidir. Bu isə Mülki Məcəllənin 224-cü maddəsi ilə tənzimlənir.

WhatsApp

Yəni bir sakinin eyvanı genişləndirməsi əslində ümumi paylı mülkiyyətdən icazəsiz istifadə deməkdir.

Vəkil qeyd edir ki, belə artırmaların böyük əksəriyyəti hüquqi baxımdan özbaşına tikinti sayılır.

Bu isə Mülki Məcəllənin 180-ci maddəsinə görə qanunsuzdur. Belə tikililərin əsas problemləri layihə sənədlərində nəzərdə tutulmur, texniki təhlükəsizlik ekspertizası aparılmır.

Vəkilin fikrincə, bu cür müdaxilələr bəzən cinayət məsuliyyəti riski də yarada bilər. Çünki binanın konstruksiyasına edilən müdaxilə nəticəsində qəza baş verərsə, bu artıq ehtiyatsızlıqdan zərər vurma kimi qiymətləndirilə bilər.

Cavad Cavadovun yanaşmasına görə, bu məsələdə yalnız sakinlərin məsuliyyətindən danışmaq yetərli deyil. Problem həm də nəzarət mexanizmlərinin zəif işləməsi ilə bağlıdır.

Çünki belə tikililər çox vaxt illərlə göz önündə inşa edilir.

Bu isə icra hakimiyyətlərinin və digər nəzarət orqanlarının qanunla müəyyən edilmiş funksiyalarının icra olunmaması sualını gündəmə gətirir.

Vəkil məsələyə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri prizmasından da baxır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu qoruyur.

Lakin AİHM qərarlarında vurğulanır ki, dövlət şəhərsalma siyasəti və ictimai maraqlar naminə müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Burada əsas prinsip mütənasiblikdir.

Yəni dövlət qanunsuz tikilini sökə bilər, amma bunu edərkən şəxsin yaşayış hüququ; uzun müddətli istifadə faktı; dövlətin əvvəlki passivliyi kimi amilləri də nəzərə almalıdır.

Cavad Cavadov bildirir ki, belə hallarda binada yaşayan digər sakinlərin hüquqları da pozulur. Onlar məhkəməyə müraciət edərək iddia qaldıra bilərlər. Bu iddia mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılmasını tələb edir. Məhkəmə isə belə hallarda qanunsuz artırmanın sökülməsi və binanın əvvəlki vəziyyətinə qaytarılması barədə qərar çıxara bilər./musavat.com/

Chosen
15
2
nocomment.az

3Sources