EN

Bir məktubun müəllifi

O, etdiyi yaxşılıqları, xeyirxahlığı, mərhəməti və insanpərvərliyi ilə sayılıb-seçilirdi. Səmimi, müdrik və qayğıkeş insan kimi kəndimizin adamları tərəfindən zaman-zaman xatırlanır Uğurlu dayı. Adı kimi, işləri, əməlləri də uğurlu, ömür çırağı nurlu idi.

Uğurlu dayı uzun müddət kəndimizdə kolxoz sədri, sovxoz direktoru və kənd sovetinin sədri vəzifələrində işlədi. Yaddaşlarda yaxşı adı ilə qaldı. O, mənim də yaddaşımda unudulmaz izlər buraxıb.

Bir gün məktəbdən çıxıb evə gedəndə kənd sovetinin binasının qarşısında məni görüb dayandı və gülümsündü. Əl verib görüşdü, iş otağına qalxmaq üçün gedəndə dedi:

– Gəl, otağa qalxaq, sənə sözüm var. Sovet sədrinin o sözündən heç bir məna anlaya bilmədim. Böyük bir kəndin rəhbər şəxsinin orta məktəb şagirdinə nə sözü ola bilərdi?! Sanki bu sözün arxasında mühüm bir sirr dayandığını və bu sirri heç kəsə açmayacağını bildirmək istəyirdi.

Otağa daxil olanda oturmaq üçün yer göstərdi. Sonra da stolun siyirtməsindən bir məktub çıxardı. Dedi ki, bu məktubda yazılanları araşdırmaq üçün redaksiyadan kənd sovetinə göndəriblər.

Məktubu uca səslə oxudu. Orada kənd sovet sədrinin və məktəb direktorunun fəaliyyətindəki “nöqsanlardan” söhbət açılırdı. Ümumiyyətlə, heç ağlıma da gəlməzdi ki, rayon qəzetinə kimsə mənim adımdan kəndin rəhbər işçiləri haqqında belə bir “donos” yazar. Mən orta məktəb şagirdi idim. Belə bir “donos” məktubu yaza bilməzdim. Orada yazılanlar ucuz demoqogiyadan başqa bir şey deyildi. Məktubu yazanın xətti də orta məktəb şagirdinin xəttinə oxşamırdı.

Hələ orta məktəbdə oxuduğum illərdən arzum jurnalist olmaq idi. Ona görə də rayonda çıxan “Qələbə bayrağı” qəzetində kiçik məqalələrim dərc olunurdu. O müddət ərzində bütün yazdıqlarım doğulub yaşadığım, böyüyüb boya-başa çatdığım kəndin təbii gözəllikləri və zəhmət adamları haqqında olurdu. Qəzetdə vaxtaşırı məqalələrim çıxdığına görə, inandırıcı görünməsi üçün hansısa bədxah mənim adımdan redaksiyaya belə bir məktub ünvanlamışdı.

Uğurlu dayı mənimlə sağollaşanda əlini ehmalca kürəyimə vurub dedi:

– Bilirəm, bunu sən yazmamısan. Araşdırdıq, öyrəndik və yəqin etdik ki, bu, kimin dəst-xəttidir. Sənin atan çox yaxşı kişidir. Sən də yaxşı oğlansan. Zəhmətkeş ailənin halal çörəyi ilə böyüyüb boya-başa çatmısan. Çoxuşaqlı ailənizə böyük hörmətim var. Sən öz arzularına çatmaq üçün çalışırsan. Dərslərini də yaxşı oxuyursan, maşallah. Qəzetdə çıxan məqalələrini maraqla oxuyuruq. Həmişə həqiqəti yazırsan. Ümidvaram ki, sən gələcəyin jurnalisti kimi də həqiqəti yazacaqsan. Yolun uğurlu olsun, oğlum. Düz yolla gedənə hər yerdə yaşıl işıqdır. Pislik edən də, yaxşılıq edən də özünə edir.

...İllər ötdü. Mən universitetin jurnalistika fakültəsinə daxil oldum. Orta məktəbdə olduğu kimi, ali məktəbi də müvəffəqiyyətlə başa vurdum. İşlədiyim sahələrdə jurnalist fəaliyyətimi uğurla davam etdirirdim. Hər yay məzuniyyətimi doğma kəndimizdə keçirirdim.

Onun adını yazmağı etikadan kənar sayıram. Çünki onu uşaqlıq illərindən tanıyırdım. Vaxtilə yaylaq qonşusumuz olmuşdu. Gözəl bir yay günündə, qəfil qonaq kimi, məni görmək üçün kənd evimizə gəlmişdi. Uşaqlıq illərindən kəndimizin adamlarına həmişə, hər yerdə hörmət və ehtiramla yanaşmışam. Onu da hörmət- izzətlə qarşılayıb dedim:

– Xoş gəlmisən, köhnə dost, köhnə qonşu. Buyur, otur.

Səliqəli ləklərdə gül-çiçəklə əhatə olunmuş bağçamızda anam süfrə açmışdı. Həyətimizdəki tut ağacının altında stol qoyulmuşdu. Ləziz təamlardan və meyvələrdən süfrəyə düzmüşdü. Süfrədəki iri meyvə qabının içindəki ağlı-qaralı üzüm salxımları günəşin şəfəqləri altında kəhraba kimi işıldayırdı. Samavardan süzülən cökə çayının ətri həyətdəki güllərin ətrinə qarışmışdı.

Hər şey könül oxşayırdı. Dağlardan əsən meh hamımızda xoş əhvali-ruhiyyə yaratmışdı. Çay süfrəmizin ətrafında qohumlar da vardı. Hamı bir-birini maraqla dinləyir və hər kəs maraqlandığı mövzuda danışırdı. “Adsız qonaq” da öz bildiklərindən söz açır, hər kəsin başa düşməyəcəyi tərzdə söhbətə müdaxilə edirdi. Kəlmə-kəlmə, aramla, rabitəsiz danışırdı. Hərdən də mənə elə baxırdı ki, sanki üzr diləyirdi. Elə bil xəcalətindən özünə yer tapa bilmirdi. Danışdıqca alnını tər basırdı. Sifətindən üzüaşağı tər su kimi axırdı.

Sağollaşıb gedəndə onu yol qapısınadək ötürdüm. Hiss edirdim ki, nəsə demək istəyir, amma cürət etmir. Dedim:

– Bir sözün varsa, de, çəkinmə, “köhnə dost”.

Bu sözlərdən sonra cürətə gəlib dedi:

– İllərdən bəri sənə demək istədiyim bir söz var. Ürəyimdən daş kimi asılı qalıb. Necə deyərlər, “desəm öldürərlər, deməsəm, ölləm”. Vaxtilə sənə qarşı etdiyim bir naqis hərəkəti özümə bağışlaya bilmirəm. Öz günahımın cəzasını çəkirəm. Ömürə vəfa yoxdur. Sənə qarşı etdiyim vicdansızlıq mənə əzab verir. Vicdan əzabı çox ağır dərddir. Sən məni bağışla. O məktubu mən...

Sözünü yarıda kəsib dedim:

–Vallah, sənin mənə qarşı hansı naqis hərəkəti etdiyini xatırlaya bilmirəm. Nə günah etmisənsə, Allah günahından keçsin. Bir də ki, keçənə güzəşt deyərlər.

Handan-hana, Uğurlu dayının uzun illər bundan əvvəl öz iş otağında ucadan mənə oxuduğu məktub yadıma düşdü. Mənim adımdan kiminsə redaksiyaya göndərdiyi “donos” yazılmış məktubu xatırladım.

...O, məktubda öz adının əvəzinə mənim adımı yazdığını ömrünün son günlərində etiraf etdi. Yol qapısından çıxıb gedəndə arxasınca xeyli baxdım. Beli bükülmüşdü, ayaqları sözünə baxmırdı.

Üz-uzə söhbət edəndə də aydın görmək olurdu ki, xəstəliyinin əlamətləri üzünə çıxıb. Sifəti yarpaq kimi saralmışdı. Sağalmaz dərdə düçar olmuşdu. Özü də deyirdi ki, daha ölsəm, yaxşıdır. Əlbəttə, ona şəfa diləməkdən başqa sözüm qalmamışdı.

Bir də ki, nə deyim? Hər kəs öz əməlindən utansın!

Həzi HƏSƏNLİ,
şair-publisist

Chosen
41
1
xalqqazeti.az

2Sources