Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəsmi açılışı keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ziyalılar və universitet nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Qərbi Azərbaycan İcmasının nümayəndə heyətini universitetin rektoru, professor Kamal Abdulla qarşılayıb. Qonaqlar əvvəlcə ali təhsil ocağında Qərbi Azərbaycan həqiqətlərini əks etdirən sənədli foto-sərgi ilə tanış olublar. Daha sonra mərkəzin rəsmi açılışı baş tutub. Rəmzi lent kəsilib.
Açılışdan sonra qonaqlar mərkəzin şəraiti ilə yaxından tanış olublar. Ardınca Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub. Tədbir dəyirmi masa ətrafında müzakirələrlə davam etdirilib. Tədbiri açan Universitetin rektoru, professor Kamal Abdulla çıxışında mərkəzin yaradılmasının əhəmiyyətindən bəhs edib. O bildirib ki, mərkəzin yaradılması Qərbi Azərbaycan həqiqətlərinə elmi yanaşmanın gücləndirilməsi baxımından mühüm hadisədir və bu addım milli yaddaşın qorunması, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, Qərbi Azərbaycan məsələsi yalnız keçmişlə bağlı deyil, həm də gələcəyə yönəlmiş bir məsələdir və bu baxımdan elmi mühitdə daha geniş araşdırmalara ehtiyac var. O, həmçinin universitetin beynəlxalq dil imkanlarının bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynadığını bildirib.
Sonra çıxış üçün söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə verilib. O, mərkəzin yaradılması üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, bu cür elmi platformalar Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə öyrənilməsi və təbliği baxımından mühüm rol oynayır. Deputat çıxışında vurğulayıb ki, regionda baş verən proseslər fonunda tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
“Tarixi təcrübə göstərir ki, regionda baş verən hadisələrə biganə qalmaq mümkün deyil. Bu baxımdan Qərbi Azərbaycana qayıdış məsələsi yalnız tarixi deyil, həm də gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsi vacibdir. Bu gün auditoriyalarda təhsil alan tələbələr sabah cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərəcəklər. Ona görə də bu həqiqətlərin həm ali, həm də orta təhsil pilləsində tədrisi və təbliği xüsusi önəm kəsb edir” – deyə sədr bildirib.
Ə.Ələkbərli əlavə edib ki, Dillər Universitetinin imkanları bu istiqamətdə geniş perspektivlər açır: “Müxtəlif dillərdə nəşrlərin hazırlanması, materialların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından universitetlə əməkdaşlıq bizim üçün çox önəmlidir. Bu potensialdan gələcəkdə də istifadə olunacaq”. O, həmçinin mərkəzin rəhbəri, dosent Həqiqət Hacıyevanı tədbir iştirakçılarına təqdim edərək onun beynəlxalq əlaqələr sahəsində təcrübəsinin mərkəzin fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycan məsələsinin yalnız elmi deyil, həm də milli və ictimai məsələ olduğunu bildirib. O vurğulayıb ki, bu istiqamətdə maarifləndirmə işi sistemli şəkildə aparılmalıdır, çünki tələbələr və gənc müəllimlər Qərbi Azərbaycanın mahalları, tarixi, mədəniyyəti və ictimai həyatı barədə dolğun məlumatlara malik olmalıdırlar. Professor qeyd edib ki, bu biliklər gənclərin elmi düşüncəsinin formalaşmasında mühüm rol oynayır və onları “elmlə silahlanmış” şəkildə yetişdirmək vacibdir. O əlavə edib ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin müxtəlif dillərdə çatdırılması da mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə görülən işlər genişlənməlidir.
Qərbi Azərbaycan İcmasını təmsil edən millət vəkilləri Arzuxan Əlizadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini professor Hikmət Babaoğlu, akademik, Amasiya rayon İcmasının sədri Abel Məhərrəmov, İcmanın Nəzarət Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Dədə Ələsgər İB-nin sədri Xətai Ələsgərli və Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və digərləri çıxış edərək Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib, onun elmi və maarifləndirici əhəmiyyətini vurğulayıblar.
Sonda mərkəzin rəhbəri, Dillər Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, mərkəzin gələcək fəaliyyət proqramı və planlaşdırılan layihələr barədə məlumat verib. O qeyd edib ki, mərkəz Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə araşdırılması, elmi nəşrlərin hazırlanması, xarici dillərə tərcümə işlərinin genişləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərəcək.
Tədbirin bədii hissəsində aşıq musiqisindən nümunələr, Vətən həsrətli şeirlər səsləndirilib, saz ifaları təqdim olunub.
Qeyd edək ki, daha bir təhsil ocağında fəaliyyətə başlayan Qərbi Azərbaycan Mərkəzi elmi mühitdə mühüm platforma kimi çıxış edəcək və bu istiqamətdə maarifləndirmə işlərinin genişlənməsinə töhfə verəcək.















