EN

“Nikaha girən üçün narkoloji arayış tələb etmək məntiqsizdir” - Deputata irad

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, insanın sağlamlığı haqqında məlumat özünün razılığı olmadan verilə bilməz. Bu deputatın çıxışı ilə ziddiyət təşkil edir. Nikaha girən üçün narkoloji arayış tələb etmək ümumiyyətlə məntiqsizdir”.

Bu sözləri “Yeni Sabah”a narkoloq Araz Əliquliyev deyib.

O, qanunvericiliyə əsasən, narkoloji yoxlamanın dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları, sürücülər kimi xüsusi vəzifələr tutmuş şəxslər üçün təyin edildiyini vurğulayıb:

“Bu, 2000-ci ildə qəbul olunmuş “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda əksini tapıb. Gəlin fərqli məsələləri qarışdırmayaq, bu tibbi yoxlamadır, arayış deyil. Sadalanmış kateqoriyaya aid olan şəxslər sadəcə tibbi yoxlamadan keçməlidir ki, narkotik istifadəçisidir ya yox. Bu, formal bir şeydir. Çünki narkotik asılılığı olan adamlar istifadəni dayandırdıqdan bir müddət sonra aşkar edilməyə bilər. Narkotik asılılığın tam müəyyən edilməsi üçün şəxs bir müddət xəstəxanada yatmalıdır”.

Həkim qeyd edib ki, nikah öncəsi tələb olunan tibbi arayış yalnız genetik analizdən ibarətdir:

“Digər tərəfdən, “Əhalinin sağlamlığının qorunması haqqında” Qqanuna əsasən, insanın sağlamlığı haqqında məlumat özünün razılığı olmadan verilə bilməz. Bu müddəa deputat Göydəniz Qəhrəmanovun çıxışı ilə ziddiyət təşkil edir. Nikaha girən üçün narkoloji arayış tələb etmək ümumiyyətlə məntiqsizdir. Evlənmək istəyən şəxs arayış alacaq ki, nakoloji qeydiyyatda deyiləm, vəssalam.

Onsuz da narkotik aludəçilərinin cəmi 10 faizi qeydiyyatdadır. Nikah öncəsi tələb olunan tibbi arayış isə genetik analizlərdən ibarətdir. Onunla narkotik asılılığının olub-olmaması məlum olmur. Tutaq ki, 5 il əvvəl narkotik asılılığı olan şəxs artıq müalicə alaraq sağalıb. Amma hələ də qeydiyyatdadır. Onda necə olsun?”

Xatırlatma: Milli Məclisin aprelin 10-da baş tutan iclası zamanı deputat Göydəniz Qəhrəmanov nikah zamanı narkoloji arayışın da tələb olunmasını təklif edib. Deputat bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
25
yenisabah.az

1Sources