EN

ABŞ və İran sülh danışıqlarına hazırlaşır, tərəflər arasında isə ciddi etimadsızlıq var

Vaşinqton və Tehran arasında gözlənilən təmaslar öncəsi danışıqların formatı, vasitəçilərin rolu və nümayəndə heyətlərinin hazırlıq səviyyəsi ilə bağlı suallar açıq qalır...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazıb. Nəşr qeyd edir ki, ABŞ və İran arasında planlaşdırılan sülh danışıqları ərəfəsində tərəflərin birbaşa görüşüb-görüşməyəcəyi hələ dəqiq məlum deyil. Məlumata görə, əvvəlki danışıqlarda olduğu kimi, tərəflərin ayrı-ayrı otaqlarda əyləşərək mesajları vasitəçi ölkə üzərindən bir-birinə çatdırması ehtimalı da nəzərdən keçirilir. Bu dəfə vasitəçi rolunu Pakistanın oynayacağı bildirilir.

Nəşr yazır ki, danışıqlarda ABŞ tərəfini vitse-prezident Cey Di Vens, İran tərəfini isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf təmsil edəcək. Hər iki nümayəndə heyəti rəhbərinin mürəkkəb beynəlxalq danışıqlar aparmaq və texniki baxımdan həssas məsələləri idarə etmək sahəsində geniş təcrübəyə malik olmaması diqqət çəkən məqam kimi qiymətləndirilir.

Mənbələrdən birinin sözlərinə görə, xüsusilə Cey Di Vens üçün bu proses böyük siyasi sınaq hesab olunur. Bildirilir ki, Yaxın Şərqdə müharibələrə uzun müddətdir skeptik yanaşan Vens əvvəllər Donald Trampa bu müharibəyə başlamamağı tövsiyə edib. Həmin şəxs qeyd edib ki, Vens indi ABŞ prezidentinə ciddi və mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəyini göstərmək istəyir və prosesin nəticəsi onun siyasi çəkisinə birbaşa təsir göstərə bilər.

Məqalədə vurğulanır ki, ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner İran tərəfindən ciddi etimadsızlıqla qarşılanır. Bunun səbəbi kimi, onların rəhbərlik etdiyi əvvəlki danışıqlar zamanı ABŞ və İsrail tərəfindən iki dəfə qəfil hərbi zərbələrin endirilməsi göstərilir. Yaxın Şərqdən olan diplomat nəşrə bildirib ki, İran tərəfi Stiv Uitkoffu “ikiüzlü və etibarsız” fiqur kimi qəbul edir.

Eyni zamanda, keçmiş amerikalı məmur ABŞ nümayəndə heyətinin peşəkar hazırlığı və institusional dayaqları ilə bağlı şübhələrini ifadə edib. Onun sözlərinə görə, Donald Trampın çox məhdud sayda etibarlı məsləhətçiyə güvənməsi və ekspert rəylərindən daha çox şəxsi “instinktlərinə” əsaslanması danışıqlar prosesinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Mənbə bildirib ki, əvvəlki illərlə müqayisədə indi ABŞ tərəfdə danışıqlar mövqeyini dərindən işləyib hazırlaya biləcək geniş komanda demək olar ki, qalmayıb.

Keçmiş rəsminin sözlərinə görə, ABŞ-nin diplomatik və təhlükəsizlik institutlarında da ciddi boşluq yaranıb. O bildirib ki, danışıqların detalları üzərində sistemli işləyə biləcək komanda artıq yoxdur, Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının əvvəlki funksional imkanları da zəifləyib. Bu isə Vaşinqtonun həm strateji yanaşmasını, həm də danışıqlarda çevik və əsaslandırılmış mövqe ortaya qoymaq qabiliyyətini məhdudlaşdıra bilər.

Mövcud mənzərə göstərir ki, qarşıdakı təmaslar hər nə qədər sülh gündəliyi ilə təqdim olunsa da, tərəflər arasında dərin inamsızlıq, əvvəlki hərbi gərginliklərin yaratdığı siyasi yük və peşəkar hazırlıqla bağlı suallar prosesi son dərəcə həssas edir. Bu amillər danışıqların nəticəsinin yalnız diplomatik niyyətlərdən deyil, həm də tərəflərin qarşılıqlı etimadı bərpa etmək qabiliyyətindən asılı olacağını göstərir.

Poliqon.info

Chosen
43
50
poliqon.info

10Sources