Yay fəslinin yaxınlaşması ilə qida təhlükəsizliyi məsələləri də aktuallaşır.
Qış aylarında müəyyən qidalar nisbətən təhlükəsiz olsa da, isti yay günlərində eyni məhsulların saxlanması və istifadəsi zamanı risklər artır. İsti hava, yüksək rütubət və düzgün saxlanmayan qidalar qida zəhərlənmələrinə, mikrobların sürətlə çoxalmasına və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu səbəbdən hər bir istehlakçı hansı qidaların yayda daha diqqətlə istifadə edilməli olduğunu bilməli və onların saxlanması, hazırlanması və istifadəsində xüsusi qaydalara əməl etməlidir.
Bəs xüsusən də yay fəslində xüsusi saxlanma şəraiti tələb edən qidalar hansılardır?
Qida mütəxəssisi Fərid Səfərov “Cümhuriyət”-ə bildirib ki, yay mövsümündə temperaturun yüksəlməsi qidalarda mikroorqanizmlərin daha sürətlə çoxalmasına səbəb olur:

“Bu da qida zəhərlənməsi riskini xeyli artırır. Ona görə bəzi məhsullara xüsusilə diqqət etmək vacibdir.
1. Yayda daha riskli qidalar və düzgün saxlanma şərtləri:
- Ət və toyuq məhsulları – tez xarab olur, xüsusilə açıq şəraitdə saxlanarsa.
- Balıq və dəniz məhsulları – temperatur dəyişməsinə çox həssasdır.
- Süd və süd məhsulları (qatıq, pendir, kremli şirniyyatlar).
- Mayonezli salatlar və souslar – bakteriya üçün ideal mühit yaradır.
- Yumurta və yumurta tərkibli qidalar.
- Küçə qidaları (street food) – gigiyena şərtləri bəzən zəif olur.
- Kəsilmiş meyvə və tərəvəzlər – açıqda saxlandıqda tez çirklənir
- Soyuq zəncir qorunmalıdır – tez xarab olan qidalar 0–5°C aralığında saxlanmalıdır.
- Açıqda saxlama müddəti qısa olmalıdır – xüsusilə bişmiş yeməklər 2 saatdan artıq otaq temperaturunda qalmamalıdır.
- Çiy və bişmiş qidalar ayrılmalıdır – çarpaz çirklənmənin qarşısı alınmalıdır.
- Gigiyena qaydalarına əməl olunmalıdır – əl, qab-qacaq və səthlər təmiz saxlanmalıdır.
- Çox isti havada açıqda satılan qidalardan uzaq durmaq lazımdır.
- Məhsulun görünüşünə və qoxusuna diqqət – şübhəli qidalar istehlak edilməməlidir”.
Mütəxəssis bildirir ki, bu istiqamətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və satış şəbəkələrinin rolu çox önəmlidir. Buna görə də mütəxəssis aşağıdakıları təklif edir:
“- Yay mövsümündə monitorinqlərin və yoxlamaların artırılması
- Xüsusilə riskli qida istehsalı və satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik nəzarətin gücləndirilməsi.
- Sahibkarlar və ictimaiyyət üçün maarifləndirici kampaniyalar
- Qida zəhərlənməsi hallarında operativ müdaxilə və araşdırma - Supermarketlər tərəfindən soyuducu sistemlərin fasiləsiz işləməsi və temperatur nəzarəti
- Məhsulların düzgün qablaşdırılması və etiketlənməsi
- Yararlılıq müddətinə ciddi nəzarət və vaxtı keçmiş məhsulların satışdan çıxarılması
- Açıq satışda olan məhsulların tozdan, günəşdən və həşəratlardan qorunması
- İşçi heyətin gigiyena qaydalarına əməl etməsi və təlim keçməsi.
Bu istiqamətlərə riayət olunması vacib məqamlardandır”.
Mütəxəssis qeyd edir ki, yayda qida təhlükəsizliyi həm istehlakçının, həm də nəzarət qurumlarının məsuliyyətidir. Sadə gigiyenik qaydalara əməl etməklə qida zəhərlənmələrinin böyük hissəsinin qarşısını almaq mümkündür.