EN

“Bavariya” böyükhesablı qələbə qazanaraq Bundesliqa tarixində yeni rekorda imza atıb

Berlin, 11 aprel, AZƏRTAC

“Bavariya” Bundesliqanın 29-cu turunda səfərdə “St Pauli” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, görüşdə münxenlilər böyükhesablı qələbə qazanıblar – 5:0. Qolları Camal Musialla (9), Leon Qoretska (53), Maykl Olise (54), Nikolas Cekson (65) və Rafael Querrero (88) vurublar.

Bu qələbə Münxen təmsilçisi üçün yeni rekordla əlamətdar olub. Belə ki, “Bavariya” bu mövsüm Bundesliqada vurduğu qolların sayını 105-ə çatdıraraq ölkə çempionatları tarixində yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord Gerd Müller və Frans Bekkenbauerin çıxış etdiyi 1971-1972-ci il mövsümünə qeydə alınıb – 101 qol. Münxenlilər 2019-2020-ci il mövsümündə isə rəqib qapılarına 100 dəfə yol tapıblar.

Bu qələbədən sonra “Bavariya” xal ehtiyatını 76-ya çatdıraraq liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi “Borussiya Dortmund” 64 xalla ikinci sırada qərarlaşıb.

Bundesliqanın 29-cu turunun mərkəzi qarşılaşmasında “Borussiya Dortmund” öz meydanında “Bayer Leverkuzen”ə məğlub olub – 0:1. Eyni hesabla “Leyptsiq” doğma divarlar arasında “Borussiya Mönxenqladbax”ı məğlub edib – 1:0. “Haydenhaym” öz meydanında paytaxt təmsilçisi “Union Berlin”ə (4:1) “Ayntraxt Frankfurt” səfərdə “Volfsburq”a (2:1) qalib gəlib. Bu turun açılış matçında isə “Auqsburq” öz meydanında “Hoffenhaym” ilə heç-heçə edib - 2:2.

Tura bazar günü oynanılacaq “Köln” – “Verder Bremen”, “Ştutqart” – “Hamburq” və “Maynts” – “Frayburq” qarşılaşmaları ilə yekun vurulacaq.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Chosen
33
1
azertag.az

2Sources