EN

NDU nun rektoru: Bədii yaradıcılıq müsabiqə festivalı artıq universitetdə ənənəvi tədbirlərdən birinə çevrilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan, 11 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festival öncəsi NDU-nun rektoru Elbrus İsayev münsiflər heyəti ilə görüşüb.

Görüşdə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Gülyanaq Məmmədova, Qarabağ Universitetinin İncəsənət fakültəsinin “İfaçılıq və musiqi müəllimliyi” kafedrasının müdiri Arslan Növrəsli və digər nümayəndələr iştirak ediblər.

Elbrus İsayev qeyd edib ki, bədii yaradıcılıq müsabiqə-festivalı artıq universitetdə ənənəvi tədbirlərdən birinə çevrilib. Rektor belə layihələrin tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında və milli-mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ali təhsil müəssisəsində keçirilən bütün mədəni-kütləvi tədbirlərdə milli dəyərlər əsas prioritet kimi götürülür.

Görüşdən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Naxçıvan Dövlət Universiteti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının açılış mərasimi baş tutub.

Öncə universitetin İncəsənət fakültəsində tələbələrin rəsm əsərlərindən və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub, qonaqlara duzdan hazırlanmış müxtəlif zinət əşyaları hədiyyə edilib.

Tədbirin giriş hissəsində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

NDU-nun rektoru Elbrus İsayev çıxışında artıq ənənə halını alan və bu il beşinci dəfə təşkil olunan müsabiqə-festivalın milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd olunub ki, bu cür tədbirlər tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasında, onların istedadlarının aşkarlanması, qiymətləndirilməsi və geniş ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır.

Elbrus İsayev müsabiqə-festivalın ölkə miqyasında keçirilən mütərəqqi layihələrdən biri olmaqla yanaşı, gənclərin milli vətənpərvərlik ruhunda formalaşmasına, onların mədəniyyətimizə, incəsənətimizə və milli adət-ənənələrimizə bağlılığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Tədbir NDU-nun Xor kollektivinin və NDU nəzdində Musiqi Kollecinin “Aşıqlar Qrupu”nun çıxışları ilə davam edib.

Sonra müsabiqəyə start verilib. Müsabiqə çərçivəsində milli və dünya xalqlarının çalğı alətlərinin ifası, bədii qiraət, vokal, saz və rəqs kateqoriyaları üzrə iştirakçıların çıxışları izlənilib. Tələbələrdən ibarət solo ifaçılar, bədii qiraətçilər, həvəskar rəqqas və musiqiçilər, eləcə də orkestr və ansambllar, rəqs kollektivləri bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə Xalq artisti Gülyanaq Məmmədova ilə istedadlı tələbənin birgə səsləndirdiyi ifa olub.

Qeyd edək ki, müsabiqə-festival müxtəlif nominasiyalar üzrə təşkil olunub və bütün mərhələlərdən uğurla keçən tələbələr yekun konsertdə iştirak hüququ qazanacaqlar.

Bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində münsiflər heyəti tələbələr üçün ustad dərsi keçiblər.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
azertag.az

1Sources