EN

Vens bildirib ki, ABŞ nümayəndə heyəti İrana sonuncu sərfəli təklifi təqdim edib

ABŞ tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə özünün son sülh təkliflərini təqdim edib.

"Far.Az"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indi qərar Tehrandan asılıdır.

"Biz buradan çox sadə bir təklif qoyaraq ayrılırıq. Söhbət bizim yekun və [Tehran üçün] ən sərfəli təklifimiz olan anlaşma metodundan gedir", - o bəyan edib.

Vens tərəflərin yekun razılığa gələ bilmədiklərini vurğulayıb:

"İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik... Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik".

ABŞ-nin Vitse-prezidenti həmçinin qeyd edib ki, İran Birləşmiş Ştatların şərtlərini qəbul etməmək qərarına gəlib.

"Biz qırmızı xəttlərimizin haradan keçdiyini, onlara doğru hansı addımları atmağa hazır olduğumuzu və nələrə hazır olmadığımızı mümkün qədər aydın şəkildə ifadə etdik. Onlar isə bizim şərtlərimizi qəbul etməməyi seçdilər", - deyə Vens əlavə edib.

Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ilk günü başa çatıb. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edir. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak edirlər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edir.

Chosen
52
7
far.az

10Sources