EN

Macarıstandakı parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə diqqət çəkir

Budapeşt, 12 aprel, AZƏRTAC

Macarıstanda keçirilən 2026-cı il parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə diqqət çəkir. Günorta saatlarına olan rəsmi məlumatlara görə, səsvermə prosesində iştirak edənlərin sayı sürətlə artır və bu tendensiya ölkədə siyasi sabitliyə və gələcəyə olan inamın göstəricisi kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, Milli Seçki Bürosunun məlumatına əsasən, səhər saatlarından etibarən seçki məntəqələrində aktivlik dinamik şəkildə yüksəlib. Artıq saat 11:00-a qədər seçicilərin təxminən 37,98 faizinin səsvermədə iştirak edib ki, bu da əvvəlki seçkilərlə müqayisədə yüksək göstəricilərdən biri hesab olunur.

Seçki günü ölkə daxilində və xaricdə yerləşən məntəqələrdə də böyük maraq müşahidə olunur. Bəzi yerlərdə seçicilərin uzun növbələr yaratdığı bildirilir ki, bu da demokratik prosesə olan yüksək marağın göstəricisi kimi dəyərləndirilir.

Analitiklər hesab edirlər ki, seçkilərin bu cür aktiv başlaması hakimiyyətin mövqelərini daha da gücləndirə bilər. Xüsusilə, hökumətin son illərdə əldə etdiyi nəticələr və böhranlara qarşı effektiv idarəetmə strategiyası seçicilərin etimadını möhkəmləndirib.

Səsvermə prosesi axşam saatlarınadək davam edəcək və günün sonunda yekun iştirak göstəricilərinin daha da artacağı gözlənilir. Hazırkı dinamika isə onu göstərir ki, Macarıstan seçiciləri ölkənin gələcəyinin müəyyənləşdirilməsində fəal rol oynamağa davam edir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Chosen
30
azertag.az

1Sources