EN

Otaq yoldaşı tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Arzu Akiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 2026-cı il yanvarın 22-də saat 19 radələrində Bakı şəhərinin Nərimanov rayonu, Keşlə Yük həyətində yerləşən kirayə mənzildə baş verib.

 

Belə ki, Arzu Akifli kirayədə yaşadığı bir otaqlı evin dəhlizində otaq yoldaşı, zərərçəkmiş Pərvin Səmədli (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsə qəsdən yumruqla sifət nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə Pərvinə sağ almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, fluktuasiya edən hematoma diaqnozu ilə qiymətləndirilən xəsarətlər yetirilib.

 

Beləliklə, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan – qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilib.

 

Məhkəmənin hazırlıq iclasında Arzu Akifli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, vurduğu ziyanı tam şəkildə ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib və bununla bağlı müvafiq barışıq ərizəsini məhkəməyə təqdim edib.

 

Hazırlıq iclasında iştirak edən Pərvin Səmədli də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini təsdiqləyib. O da öz növbəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 13 Aprel 2026, 09:35   
Chosen
16
pravda.az

1Sources