EN

Tənzilə Rüstəmxanlı: “Xameneinin 40 mərasiminin ilk xarici ölkə kimi Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır”

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda rəsmilərin iştirakı ilə anım mərasiminin keçirilməsi müzakirə yaradıb. Başqa dövlətin dini lideri üçün yas mərasiminin təşkili tənqid edilib.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən İranla münasibətləri tarixən dostluq və hərtərəfli münasibətlər üzərində qurulub.

 

Deputat bildirib ki, iki ölkə arasında iqtisadi, siyasi, mədəni münasibətlər də hər zaman yüksək səviyyəsi ilə seçilib: “Bu, qonşu ölkənin fevralın 28-dən apardığı müharibə günlərində də belə olub. Azərbaycan İrana humanitar yardım göndərməklə yanaşı, öz ərazisindən üçüncü ölkə vətəndaşlarının, diplomatlarının maneəsiz keçidinə dəstək göstərib. İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verən ilk xarici ölkə liderinin Azərbaycan Prezidenti olması da xüsusi diqqətə layiqdir. Onun şəxsən İran səfirliyinə gedərək ehtiramını bildirməsi iki xalq arasında mənəvi yaxınlığın göstəricisi kimi dəyərləndirilə bilər. Əli Xameneinin vəfatının 40 mərasiminin ilk xarici ölkə kimi Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır. Bu addım Azərbaycan xalqının İran xalqına olan hörmətinin və ortaq dəyərlərin ifadəsi kimi qiymətləndirilə bilər. Bu bir ortaq inanca, ortaq etiqada malik iki xalqın mənəvi həmrəyliyinin və bir din xadiminə göstərilən sayğının ifadəsidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən bu mərasim həm xalqımızın dini dəyərlərə sadiqliyinin, həm də qonşu ölkəyə mənəvi dəstəyinin göstəricisidir. Burda hər hansı siyasi yozumlar aparmaq yolverilməzdir”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Aprel 2026, 10:31   
Chosen
27
pravda.az

1Sources