EN

Əlişa qalasından unikal tapıntı: Orta əsr saxsı qab ilk dəfə KT ilə tədqiq edilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, t.ü.f.d. Mikayıl Mustafayevin müəllifi olduğu elmi məqalə “Archaeology of Kazakhstan” jurnalında (Scopus) dərc olunub. 

Məqalə Astara rayonundakı Əlişa qalasında 2025-ci il qazıntıları zamanı aşkar edilən nadir keramika qabına həsr olunub.

Tədqiqatın əsas obyekti XI–XIII əsrlərə (Səlcuqlar dövrü) aid olan, üzərində ştamplanmış həndəsi ornamentlər daşıyan saxsı qabdır. Bu tapıntı öz xüsusiyyətlərinə görə yalnız yerli arxeoloji material üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunun orta əsr maddi mədəniyyətinin öyrənilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Qabın ən diqqətçəkən cəhətlərindən biri onun üzərində yerləşdirilmiş 9 fərqli ştamplanmış həndəsi motivdir. Bu motivlər – dairələr, romblar, ulduzvari kompozisiyalar və xətti ornamentlər – Səlcuq dövrünün geniş yayılmış bədii ənənəsinə aid olsa da, onların qab üzərində sistemli (friz şəklində) deyil, sərbəst və qeyri-təkrarlanan formada yerləşdirilməsi bu nümunəni unikal edir. Bu xüsusiyyət qabın iri istehsal mərkəzlərində deyil, yerli emalatxanada hazırlandığını göstərir.

Tədqiqatın ən mühüm yeniliklərindən biri isə bu saxsı qabın ilk dəfə olaraq kompüter tomoqrafiyası (KT) vasitəsilə analiz edilməsidir. Qeyri-dağıdıcı bu metod arxeologiyada nadir hallarda tətbiq olunur və abidənin fiziki bütövlüyünə zərər vermədən onun daxili quruluşunu öyrənməyə imkan verir.

KT analizi nəticəsində müəyyən edilmişdir ki:

- Qabın divar qalınlığı müxtəlif hissələrdə fərqlidir (2.0 mm-dən 5.7 mm-ə qədər),

- Bu qeyri-bərabərlik onun əl ilə hazırlandığını təsdiqləyir,

- Qab bir mərhələdə deyil, hissə-hissə (çoxmərhələli şəkildə) formalaşdırılmışdır,

- Daxili birləşmə xətləri və konstruktiv xüsusiyyətlər aydın şəkildə müşahidə olunmuşdur.

Bu nəticələr göstərir ki, sözügedən qab kütləvi istehsal məhsulu deyil, yerli ustalar tərəfindən hazırlanmış gündəlik istifadə əşyasıdır. Eyni zamanda, KT texnologiyası vasitəsilə əldə edilən məlumatlar ənənəvi vizual müşahidə ilə mümkün olmayan yeni elmi faktları üzə çıxarmışdır.

Müqayisəli təhlillər göstərir ki, bu qabın bədii və texnoloji xüsusiyyətləri Şamaxı, Şabran və Beyləqan kimi Azərbaycan şəhərləri ilə yanaşı, Xarəzm və Xorasan kimi Şərq mərkəzlərinin keramika ənənələri ilə də səsləşir. Bununla yanaşı, Qızıl Orda dövrünə aid Sarayçıq keramikası ilə müqayisə uzunmüddətli texnoloji davamlılığı da sübut edir.

Araşdırma nəticələri orta əsr Azərbaycanında yerli sənətkarlıq ənənələrinin, istehsal texnologiyalarının və dekorativ üslubun inkişafını öyrənmək baxımından yeni elmi məlumatlar təqdim edir. Əlişa qalasında aparılacaq gələcək tədqiqatların bu sahədə daha geniş nəticələr verəcəyi gözlənilir.

Bu tədqiqat Azərbaycan arxeologiyasında həm yeni materialın elmi dövriyyəyə daxil edilməsi, həm də müasir texnologiyaların tətbiqi baxımından mühüm addım hesab olunur.

Chosen
19
3
xalqqazeti.az

4Sources