EN

Psixoloq Elnur Rüstəmov: “Valideynin uşağına dəstək verməməsi, “öz halına buraxması” uşaqda təhlükəsizlik hissi formalaşdırmır”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Həyatınızın məsuliyyətini tam olaraq öz əlinizə aldığınız və ailənizi günahlandırmağı dayandırdığınız anda həqiqi yetkinlik başlayır. Şəxsi inkişaf prosesi, xarici mənbələrə asılılığı bitirib öz disiplininizi qurmaq və öz qərarlarınızın məsuliyyətini daşımaqla mümkündür. Türk akademik həkim və yazar Acar Baltaş bildirib ki, uşaqlıq ana-atanın ehtiyaclarını qarşılayamayacağını anladığı zaman bitər.Yetkinlik nə vaxt başlayır?

“Ana-atasını yaşadığı həyatda məsuliyyəti daşımağı dayandırdıqda başlayır. Əgər ana-ata uşağın ehtiyacını qarşılamağa davam edirsə, uşaq heç bir zaman yetişkin olmaz”.

Ana-ata uşağın ehtiyaclarını qarşılamağa davam edirsə, yetkinlik necə başlayır və formalaşır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu yanaşma müəyyən qədər psixoloji həqiqətə toxunsa da, onu bu qədər kəskin və şərtsiz formada təqdim etmək elmi baxımdan tam doğru deyil: “Yetkinlik yalnız valideynin uşağın ehtiyaclarını qarşılayıb-qarşılamaması ilə müəyyən olunmur. Yetkinlik çoxölçülü psixoloji prosesdir və burada fərdin daxili resursları, sosial mühiti, təcrübələri və psixoloji inkişaf mərhələləri birlikdə rol oynayır. İnsanın psixoloji yetkinliyi əsasən daxili məsuliyyəti ilə bağlıdır. Bu da o deməkdir ki, insan həyatında baş verən hadisələrə görə səbəbi tədricən xarici amillərdə deyil, öz qərarlarında və davranışlarında görməyə başlayır. Lakin bu proses avtomatik olaraq valideyn dəstəyinin azalması ilə baş vermir. Əksinə, sağlam və balanslı valideyn dəstəyi uşağın gələcəkdə daha güclü, özünə inamlı və müstəqil şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. Əgər valideyn uşağın bütün ehtiyaclarını həddindən artıq qarşılayır, onun yerinə qərarlar verir, çətinliklərlə üzləşməsinə imkan yaratmırsa, bu zaman asılılıq formalaşa bilər. Belə hallarda uşaqda “öyrənilmiş asılılıq” və ya “passiv davranış modeli” yaranır. Bu, doğrudan da yetkinliyin gecikməsinə səbəb olur. Amma bu, valideyn qayğısının özündən yox, onun formasından qaynaqlanır. Digər tərəfdən, valideynin ümumiyyətlə dəstək verməməsi, uşağı erkən yaşdan “öz halına buraxması” da sağlam inkişaf modeli deyil. Bu zaman uşaqda təhlükəsizlik hissi formalaşmır, özünə güvən zəif olur və gələcəkdə qərar verməkdə çətinliklər yaranır. Psixologiyada bu balans “dəstək və sərhəd” prinsipi kimi izah olunur. Sağlam inkişaf üçün həm emosional dəstək, həm də müstəqilliyə təşviq paralel şəkildə olmalıdır.

Yetkinlik adətən o zaman formalaşır ki, insan həm dəstək görmüş olur, həm də müəyyən mərhələdə məsuliyyət daşımağı öyrənir. Yəni valideyn ehtiyacları qarşılayır, amma eyni zamanda uşağa seçim etmək, səhv etmək və nəticə ilə üzləşmək imkanı da verir. Bu, psixoloji baxımdan ən sağlam modeldir”.

Elnur Rüstəmov vurğulayıb ki, valideynin uşağın ehtiyaclarını qarşılaması yetkinliyə maneə deyil: “Əgər valideyn uşağın ehtiyaclarını qarşılayırsa, yetkinlik yenə də formalaşa bilər, amma bunun üçün valideyn davranışının keyfiyyəti həlledicidir. Əgər bu qarşılanma uşağın inkişafını dəstəkləyən, amma onu passiv etməyən formadadırsa, əksinə, bu, daha güclü şəxsiyyət formalaşdırır. Əgər qarşılanma həddindən artıq qoruyucu və nəzarətçidirsə, o zaman yetkinlik gecikir. Müasir psixologiyada qəbul olunan yanaşma ondan ibarətdir ki, yetkinlik “birdən başlayan” proses deyil. Bu, mərhələli şəkildə formalaşan, uşaqlıqdan başlayan və həyat boyu davam edən inkişaf xəttidir. Yetkinlik valideynin geri çəkilməsi ilə yox, insanın öz daxili nəzarət sisteminin formalaşması ilə başlayır. Ona görə də valideynin uşağın ehtiyaclarını qarşılaması yetkinliyə maneə deyil. Əsas məsələ bu dəstəyin necə verilməsidir. Sağlam balans qorunduqda, valideyn dəstəyi yetkinliyin qarşısını almır, əksinə onun əsasını qoyur”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
bizimyol.info

1Sources