EN

Palata: Ötən ilin İş Planında 1,5 milyard manatlıq nöqsan aşkarlanıb

BAKI, 13 aprel. TELEQRAF

Hesablama Palatasının apardığı audit nəticəsində 2025-ci ilin İş Planında ümumilikdə 1 milyard 554 mln. manat məbləğində nöqsan aşkarlanıb, bundan uyğunsuzluq məbləği 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər isə 342,9 mln. manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, uyğunsuzluq məbləğinin 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib:

"Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib".

Chosen
15
teleqraf.com

1Sources