EN

AYNA Naxçıvanda təlimlərə başlayıb

BAKI,TurkicWorld

Nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılması, həmçinin daşımalar üzrə göstəricilərin standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Naxçıvanda taksi və beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücülər üçün təlimlərə başlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Təlimlərə 350-dən çox taksi sürücüsü, 100-ə yaxın beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücü və 120-ə yaxın taxoqraf istifadəçisi cəlb olunub.

Təlim prosesində taksi sürücülərinə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumat verilir, yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində praktiki dərslər keçirilir.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər barədə məlumat verilir.

İştirakçıların praktiki vərdişlərinin artırılması məqsədilə təlim meydançasında sürücülərə təhlükəsiz və ehtiyatlı idarəetmə, maneələrin aşılması, ekstremal tormozlama, paralel parklanma və geriyə hərəkət vərdişləri aşılanır.

Təlimin sonunda iştirakçılara dərs materiallarını əks etdirən elektron yaddaş kitabçalar təqdim olunacaq.

Qeyd edək ki, təlimlər mütəmadi olaraq paytaxtla yanaşı regionlarda da təşkil olunur. Təlimləri uğurla başa vuran sürücülərin məlumatları Dövlət İmtahan Mərkəzinə təqdim edilir. İmtahanda uğurlu nəticə əldə edənlər müvafiq şəhadətnamə ilə təmin olunurlar. Bu sənədlər əsasında onlar sahə üzrə zəruri icazələri əldə edərək fəaliyyətlərini davam etdirirlər.

AYNA tərəfindən təşkil olunan təlimlər peşəkar sürücü heyətinin formalaşdırılmasına, xidmət keyfiyyətinin artırılaraq vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.

Chosen
15
turkic.world

1Sources