EN

“Kiber İnsidentlərə Müdaxilə”: Rəqəmsal kriminalistika alətləri və insidentlərə operativ müdaxilə mexanizmləri

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “TechPro DC” və “Binalyze” şirkətlərinin birgə təşkilatçılığı ilə “Kiber İnsidentlərə Müdaxilə” mövzusunda tədbir baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi dövlət və özəl sektorda çalışan mütəxəssislərin müasir dövrdə rəqəmsal kriminalistika və kiberinsidentlərə müdaxilə mövzusunda maarifləndirilməsi olub.

Tədbirin açılış nitqi ilə çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov kiberinsidentlərə operativ və effektiv müdaxilənin müasir dövrdə artan əhəmiyyətindən bəhs edib. O, ölkəmizdə kibertəhlükəsizliyin rəqəmsal kriminalistika sahəsinin xüsusi diqqətə ehtiyac olduğunu vurğulayıb. Bu istiqamətdə mütəxəssis hazırlığının inkişaf etdirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, müasir dövrdə kiberhadisələrin operativ təhlili bir sıra amillər səbəbindən çətinləşir: ““Bulud” və hibrid mühitlər, avtomatlaşdırma və süni intellekt kimi yeni trendlər kiberinsidentlərə müdaxiləni çətinləşdirməklə yanaşı, bu hadisələrin təhlilində mütərəqqi texnologiyaların istifadəsini tələb edir. Bu səbəbdən adıçəkilən tədbiri təşkil etməklə assosiasiya, tərəfdaşları ilə birlikdə rəqəmsal kriminalistika və insidentlərə cavab mövzusunda dövlət və özəl sektorlararası əməkdaşlığın vacibliyini vurğulayır və “Binalyze” kimi böyük təcrübəyə malik olan tərəfdaşların texnologiyalarını geniş auditoriyaya çatdırmağa çalışır”.

Daha sonra tədbirdə çıxış edən “TechPro DC”nin kommersiya direktoru Mircəlal Bağırov, “Binalyze” şirkətinin ölkə meneceri Hasan Hüseyn Özbenli və AKTA məşvərət şurasının üzvü Erdal Özkaya kiberinsidentlərin aşkarlanması, təhlili və cavab tədbirləri ilə bağlı aktual yanaşmaları iştirakçılarla bölüşüblər. Çıxışçılar real nümunələr əsasında hadisələrə müdaxilə prosesində ortaya çıxan çətinliklər və effektiv həll yolları barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində “Binalyze” tərəfindən “Binalyze AIR ilə Rəqəmsal Kriminalistika və İnsidentlərə Müdaxilə” mövzusunda praktiki seminar təşkil olunub. Burada iştirakçılara rəqəmsal kriminalistika alətləri və insidentlərə operativ müdaxilə mexanizmləri əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, AKTA üzvləri və ekspertləri, həmçinin ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər. Görüş iştirakçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Müxbir – Pərvanə Qafarova

Fotoqraf – İlkin Cavanşirov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
2
azertag.az

3Sources