EN

“Rusiya-Ukrayna müharibəsi ən uzunmüddətli müharibəyə çevrilib” -POLİTOLOQ DANIŞDI

“Artıq dörd ilə yaxın davam edən Rusiya-Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlər sistemində ən uzunmüddətli və dağıdıcı münaqişələrdən birinə çevrilib. Müharibənin bu qədər uzanması, itkilərin miqyası və sülh perspektivinin qeyri-müəyyənliyi qlobal təhlükəsizlik arxitekturasının ciddi böhran keçirdiyini göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, ilk növbədə, insan itkiləri və humanitar fəsadlar müharibənin ən ağır nəticələrindən biridir:

” Hər iki tərəfdən on minlərlə hərbçi həlak olub, milyonlarla insan isə məcburi köçkün vəziyyətinə düşüb. Ukraynanın şəhərləri, xüsusilə sənaye və enerji infrastrukturu sistemli şəkildə zərbələrə məruz qalıb. Bu isə ölkənin iqtisadi və sosial dayanıqlığını ciddi şəkildə zəiflədib. Müharibənin uzanması humanitar böhranı daha da dərinləşdirir və bərpa prosesini mürəkkəbləşdirir.
İqtisadi baxımdan təsirlər də olduqca böyükdür və yalnız münaqişə tərəfləri ilə məhdudlaşmır. Ukrayna iqtisadiyyatında kəskin geriləmə müşahidə olunur, sənaye istehsalı və ixrac imkanları ciddi şəkildə azalıb. Rusiya da genişmiqyaslı sanksiyalarla üz-üzədir və uzunmüddətli texnoloji təcrid və maliyyə məhdudiyyətləri Rusiyanın inkişaf potensialını zəiflədir. Qlobal səviyyədə isə enerji və ərzaq bazarlarında qeyri-sabitlik yaranıb, bu da xüsusilə inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərib.
İnfrastrukturun məhvi məsələsi də xüsusi diqqət tələb edir. Ukraynada enerji stansiyaları, nəqliyyat xətləri, yaşayış binaları və sənaye obyektləri geniş şəkildə dağıdılıb. Bu, yalnız müharibə dövründə deyil, post-müharibə mərhələsində də ölkə üçün böyük maliyyə yükü yaradacaq. Bərpa xərclərinin yüz milyardlarla dolları keçəcəyi ehtimal olunur ki, bu da beynəlxalq donorların və maliyyə institutlarının uzunmüddətli iştirakını zəruri edir.
Müharibənin niyə hələ də başa çatmaması məsələsinə gəldikdə isə burada bir neçə əsas faktor ön plana çıxır. Birincisi, tərəflərin strateji məqsədləri arasında ciddi ziddiyyət qalmaqdadır. Ukrayna ərazi bütövlüyünü bərpa etmək istəyir, Rusiya isə işğal etdiyi ərazilər üzərində nəzarəti qorumağa çalışır. Bu isə kompromis imkanlarını minimuma endirir. İkincisi, münaqişə artıq regional çərçivəni aşaraq böyük güclərin rəqabət meydanına çevrilib.
Bundan əlavə, diplomatik səylər də indiyədək davamlı nəticə verməyib. Müxtəlif platformalarda aparılan danışıqlar ya dalana dirənib, ya da tərəflər arasında etimad çatışmazlığı səbəbindən nəticəsiz qalıb. Bu kontekstdə müharibənin yaxın perspektivdə başa çatacağına dair optimizm zəifdir”.

Müəllif: Günay Hacıyeva
Chosen
10
sia.az

1Sources